Əlaqə Arxiv
news Image
2017.06.24
11:30
| A A A
Sənədsiz evlərin qeydiyyatı düyünə düşüb
Vüqar Bayramov: “Təşəbbüslərin olmasına baxmayaraq, qeydiyyat prosedurunun yubanması bir sıra sənədsiz evlərin təhlükəli ərazilərdə inşa edilməsilə bağlıdır”

Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də sənədsiz evlərin sənədləşdirilməsidir. Aydiyyati dövlət qurumları tərəfindən də məsələ bir neçə dəfə gündəmə gətirilib. Amma illər keçməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. 

Hesablamalara görə, sənədsiz evlər əsasən Bakıda və paytaxt ətrafında yerləşir. Hazırda ölkə üzrə sənədsiz evlərin sayının 500 minə qədər olduğu da bildirilir. Aradan xeyli müddət keçməsinə baxmayaraq sənədsiz evlərin siyahısının hazırlanması, onların inventarizasiyasının aparılması istiqamətində addımlar atılsa da, nəticədə proses hələlik sözügedən evlərin sənədləşdirilməsinə gətirib çıxarmayıb. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, təhlükəli ərazilərdə yerləşən sənədsiz evlərlə bağlı yaşanan problemlər bu tip evlərin sənədləşdirilməsi prosesinin uzanmasına gətirib çıxarıb: “Həqiqətən də sənədsiz evlərin sənədləşdirilməsi məsələsi illərdir ki, uzanır. Bu istiqamətdə fərqli ideya və təşəbbüslər olmasına baxmayaraq, hələlik sənədsiz evlərin sənədləşdirilməsini həyata keçirmək mümkün olmayıb. Baxmayaraq ki, evlərin qeydiyyatı ilə bağlı proseduralar sadələşib. Amma bu, özünü sənədsiz evlərin sənədləşdirilməsi prosesində tapmayıb. Təşəbbüslərin olmasına baxmayaraq, prosedurun yubanması fikrimcə, bir sıra bu tip evlərin təhlükəli ərazilərdə inşa edilməsilə bağlıdır. 
Monitorinqlər də göstərir ki, belə evlərin sayı kifayət qədər çoxdur. Təhlükəli ərazilərdə, kommunikasya xətlərinin üzərində, neft şirkətin məxsus buruqların yaxınlığında bu günə qədər kifayət qədər evlər inşa edilib. Bu mənada düşünürəm ki, sənədsiz evlərin sənədləşdirilməsi həyata keçirilərsə, həmin təhlükəli ərazilərdə inşa olunan evləri sənədləşdirmək mümkün olmayacaq.  Onların sənədləşdirilməsi məsələsi böyük xərc tələb edir. 
Vətəndaşlar təhlükəli yerlərdə olsa da, xərc qoyaraq ev tikib. Bu mənada onu həmin ərazilərdən çıxarmaq da doğru yanaşma olmaz. Bunun müqabilində təhlükəli yerlərdə yerləşən evlərin köçürülməsi də indiki məqamda maliyyə baxımından böyük vəsait tələb edir. Həmin təhlükəli ərazilərdə tikilən evlərlə bağlı sənədləşmə prosesi çətin olduğundan hələlik sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində addımlar da atılmır. Bu, heç də dövlətdən asılı bir məsələ deyil. Çünki həmin evlər fərdi təşəbbüslər nəticəsində inşa edilib və onların köçürülməsinə də böyük məbləğdə vəsaitə ehtiyac var. Həm də vətəndaşı bu evlərdən çıxarmaq mümkün deyil. Bu səbəbdən digər sənədsiz evlərin sənədləşdirilməsi üçün vahid tədbirlərin həyata keçirilməsi xeyli dərəcədə çətinləşib. Bu baxımdan güman edirəm ki, təhlükəli zonalarda, neft buruqları, kommunikasiya xətlərinə yaxın ərazilərdə yerləşən evlərin taleyini həll etmək mümkün olanda, ümumiyyətlə, sənədsiz evlərin sənədləşməsi məsələsini də həll etmək mümkün olacaq. 
Ölkədə hazırda 500 minə qədər sənədsiz ev var. Onların da 12 faizi, yəni təxminən 60 min ev məhz təhlükəli zonalarda yerləşib. Bu istiqamətdə tam dəqiqləşmələr aparmaq üçün isə xüsusi qiymətləndirmələrin aparılmasına da ehtiyac var. İlk növbədə məhz həmin təhlükəli məkanlarda yerləşən sənədsiz evlərlə bağlı məsələni həll etmək lazımdır ki, bütövlükdə problemin kompleks həllinə nail olmaq mümkün olsun”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz