news Image
2017.07.18
10:31
| A A A
Avtomobillərin qiyməti ucuzlaşacaqmı?-Maşın bazarından REPORTAJ

Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında ötən bazarlara nisbətən qələbəlik müşahidə olunurdu.  Həm bazara çıxardılan avtomobillərin sayında artım vardı, həm də müştəri qismində gələnlərin sayında...

Bazarın girişindəcə söhbətləşdiyimiz Ramal Həsənov da avtomobil bazarına məhz bu həftə gəlməsinin təsadüfi olmadığını etiraf edir. Həmsöhbətimiz deyir ki, bazara avtomobillərin qiymətində enmə olacağı xəbərini eşidib gəlib: “Dedilər benzinin qiymətinin artması avtomobillərin də qiymətinə təsir edəcək. Gəldim görək bu söhbət doğrudursa, fürsətdən yararlanıb özümə işlənmiş, amma ili 2000-ci ildən aşağı olmayan, qiyməti münasib olan avtomobil alım. Hələ mən də sizin kimi bazardan xəbərsizəm. Amma kənardan görünür ki, bu gün bazara maşın çıxardanların sayı ötən həftələrlə müqayisədə çoxdur. Mən iki həftə əvvəl gələndə bu qədər avtomobil yox idi”.
Burada həmsöhbət olduğumuz avtomobil alverçiləri də bu həftə bazara ötən bazarlarla müqayisədə daha çox avtomobil çıxarıldığını təsdiqlədilər. Saçını avtomobil alverində ağartdığını söyləyən Mehdi Orucovla söhbət zamanı öyrənirik ki, bazara çıxardılan avtomobillərin sayı artsa da, müştəri bolluğu olduğundan qiymətlərdə dəyişiklik etməyiblər: “Mən əlimdəki avtomobilləri ötən bazar neçəyə satırdımsa, bu gün də eyni qiymətə təklif edirəm. Hamı benzinin qiymətində artımı eşidib avtomobillərin qiymətinin düşəcəyinə ümid edir. Amma əksinə, bu işdə illərdir ki, çalışan adam kimi deyirəm ki, qənaətcil avtomobillərin qiyməti bahalaşacaq. Əvvəllər 1,6 litr mühərrik həcmi olan avtomobillərin üzünə baxan yox idi. Amma bu bazar səhərdən 15 nəfər mühərrik həcmi 1600 kubsantımetr olan məsləhətli avtomobil soruşub”.
M. Orucovun sözlərinə görə, əksinə, az benzin işlədən avtomobillərə tələbat belə davam etsə həmin avtomobillərin qiymətini bahalaşdıra bilər: “Bir məsələni qeyd edim ki, işlənmiş avtomobillərin qiymətinin ucuzlaşmasına inanlar sadəlövlük edirlər. Banklar avtokrediti dayandırandan işlənmiş avtomobillərə tələbat artıb. Banklar avtokrediti bərpa etməyincə işlənmiş avtomobillərin ucuzlaşmasını gözləməyin”.
Avtomobil bazarında olarkən qiymətlərdə ötən həftələrlə müqayisədə fərqinin müşahidə edilmədiyini alıcılar da təsdiqlədilər. Özünə mühərrik həcmi 2400 kubsantlımetr olan avtomobil axtaran Əziz Seyidov hər həftənin sonu avtomobil bazarına baş çəkdiyini söyləyir. Onun sözlərinə görə, ötən bazar qiymətlər necə olubsa, bu bazar da heç nə dəyişməyib: “Mən də benzinin qiyməti bahalaşandan sonra bunun avtomobillərin qiymətinin ucuzlaşmasına təsir göstərəcəyi ümidlə bazara gəlmişdim. Amma ötən həftə qiymətlər necə idisə, elə bu gün də eynidir. Heç 100 manat da ucuzlaşma yoxdur. Əksinə, qiyməti ilə maraqlananda dizel yanacağı ilə işlədiyini bilib dərhal ağzımı büzdüyüm avtomobillərin qiyməti bu həftə 1000 manata qədər bahalaşıb. Hansı ki, keçən həftə o avtomobilləri mənə 1000 manat ucuz təklif edəndə başımı bulayıb razılaşmamışdım”.
Avtomobil bazarında apardığımız müşahidələr alıcıların dediklərinin həqiqət olduğunu üzə çıxartdı. Bazarda dizel yanacağı ilə işləyən işlənmiş avtomobillərin qiymətində 1000-1500 manat civarında artım müşahidə edilirdi. Avtomobil alış-satışı ilə məşğul olan satıcılar da bu faktı təsdiqləyərək dizel yanacağı ilə işləyən avtomobillərin qiymət artımının təbii olduğunu söylədilər: “Bu gün dizellə işləyən avtomobil daha sərfəlidir. Benzinin son qiymət artımı isə bu avtomobillərin çəkisini bir az da artırdı. Dizellə işləyən avtomobilləri təkcə biz baha satmırıq. Elə öz sahibləri də bu gün dizel yanacağı ilə çalışan avtomobilləri bazarda baha qiymətə təklif edirlər”.
Avtomobil alış-verişi ilə məşğul olan satıcılar mühərrik həcmi kiçik olan avtomobillərin qiymətində 500, dizellə çalışan avtomobillərdə isə 1000 manata qədər qiymət artımı olduğunu təsdiqlədilər.
Son model və mühərrik həcmi 2700-4000 kubsantımetr olan avtomobillərə gəlincə, satıcılar hələki sözügedən avtomobi qiymət dəyişməsinin baş vermədiyini söylədilər: “Hələ ki mühərrikinin həcmi böyük olan avtomobillərin qiyməti sabitdir. Ola bilər ki, həmin avtomobillərdə qiymət dəyişikliyi növbəti həftələrdə müşahidə olunsun. Çünki, mühərrik həcmi 2700-4000 kubsantımetr olan avtomobillər arasında da Aİ-92 markalı benzinlə işləyənləri var”.
Ötən həftə avtomobil bazarına ucuz maşın almaq niyyəti ilə gələnlərin çoxu əliboş qayıtmalı olsalar da, onlar arasında qiymətlərin ucuzlaşacağına ümid edərək növbəti bazarı gözləyənlər də az deyildi.
Ekspertlər isə, Aİ-92 markalı benzinin qiymətində 20 qəpik civarında bahalaşmanın avtomobil bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxardacağı barədə gözləntilərin özünü doğrultmayacağını söyləyirlər.

Ekspert Azər Allahverənov Movqe.az-a açıqlamasında deyib ki, benzinin qiymətinin artımı istənilən halda avtomobil bazarına təsir edir: “Təbii ki, avtomobil bazarında qiymət dəyişikliyi olacaq. Amma bu dəyişiklik əsasən özünü qənaətcil avtomobillərin bahalaşması ilə biruzə verəcək. Benzinin son qiymət artımı qənaətcil avtomobillərə tələbatı artırır. Bu isə təbii olaraq qənaətcil, az yanacaq işlədən  avtomobillərin qiymətini bahalaşdıracaq”.
A.    Allahverənov deyir ki, benzinin qiymət artımı bazarın “silkələnməsinə” səbəb olur: “Ola bilər ki, benzinin qiymətindəki artım sürücülərə şok effekti yaşadar. Amma bu avtomobillərin qiymətində enməyə səbəb olmayacaq. Hətta mürərrik həcmi böyük olan, 40-60 min manat civarında böyük həcmli mühərriki olan avtomobillər də ucuzlaşmayacaq. Çünki, onların çoxu «Premium» markalı benzinlə işləyir. Aİ-92 markalı benzinin qiymətində dəyişiklik o avtomobillərin çoxunda xərci artırmır”.
Həmsöhbətimiz deyir ki, hazırda bazarda ən alınıb-satılan avtomobillər orta statistik sürücülərin işlətdikləri, mühərrik həcmi elə də böyük olmayan avtomobillərdir: “Hansı ki, o avtomobillər qənaətcil maşınlar hesab olunur. Onların qiymətinin ucuzlaşmasını gözləmək yersizdir. Belə işlənmiş, mühərrik həcmi elə də böyük olmayan avtomobillərin qiymətində ucuzlaşma baş verməyəcək”.

Zülfiyyə QULUYEVA   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs