Əlaqə Arxiv
news Image
2017.07.26
12:17
| A A A
Kondisionerli avtobusların kondisioner problemi-Fotolar

Bakıda sərnişindaşımada fəaliyyət göstərən avtobusların bir qismi kondisionerli avtobuslarla əvəzlənsə də, sərnişinlər bu yeniliyin sevincini uzun müddət yaşaya bilmədi. Hər yay olduğu kimi, bu mövsüm də isti havada bəzi avtobuslarda kondisionerləri söndürərək qənaət rejiminə keçiblər. 88 saylı avtobusdan istifadə edən sərnişinlər Movqe.az-a açıqlamalarında havalar isinəndən bu marşurut üzrə fəaliyyət göstərən avtobusların kondisioneri işlətmədiyini söyləyirlər. Sərnişinlər deyib ki, havalar isinəndən 88 saylı avtobusda sürücülər kondisioneri söndürüb. Leyla Orucova adlı sərnişin hər gün 88 saylı avtobusdan istifadə etdiyini, kondisionerlərin söndürüldüyünü söyləyir. Sərnişin deyir ki, 88 saylı marşurutun avtobus parkı yenilənəndə, xətə kondisionerli avtobuslar salınanda buna sevinsələr də, sevincləri çox çəkməyib: “88 saylı marşuruta kondisioner sistemi ilə təmin olunan avtobuslar salınanda çox sevindik. Amma bu sevinc də uzun çəkmədi. Az keçməmiş avtobuslarda kondisioneri söndürdülər ki, yanacaq çox gedir. İndi də danışanda, etiraz edəndə ancaq ventilyasiya sistemini işə salırlar. Amma o da avtobusun salonunu sərinlətmir. İyul ayından pəncərəni, qapını açıq qoyurlar ki, salon sərinləsin. Avtobus dayanan kimi salonda dayanmaq olmur istidən. Az qalır istidən nəfəs dayansın. Şikayət də edəndə sürücü günahsız olduğunu əsas gətirir”.
Bu gün 88 saylı avtobusda apardığımız müşahidələr zamanı da bunun şahidi olduq. 88 saylı avtobusun xətdə fəaliyyət göstərən bir neçə avtobusunda biz də anoloji vəziyyətin şahidi olduq. Sərnişinlər Movqe.az-ın əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, hər gün isti olmasına baxmayaraq sürücülər kondisioneri işlətmirlər: “Biz etiraz edəndə də kobud danışırlar. Bizi qınayırlar. Şikayət etsək də bu problem həll olunmur. Xəttin sahibi heç kəsi saymır. Avtobusun  salonuna yazıb vurduqları mobil nömrəyə zəng edəndə deyirlər ki, xarabdı düzələcək. Amma inandırıcı deyil. 88 saylı xətdəki bütün avtobusların kondisioneri birdən xarab olmadı ki?” .
Sərnişinlərin sözlərinə görə, 88 saylı xətdə bəzi sürücülər sərnişinlər tərəfindən kondisioneri yandırmadığına görə qınanılanda kobud cavab aldıqlarını da deyirlər: “Bizə deyirlər ki, indiyədək 88 saylı xətdə avtobusların hamısı kondisionerli deyildi ki... Deyirlər ötən illər necə dözmüsüz indi də elə dözün istiyə. Özünüz də görürsünüz ki, avtobusun yuxarı hissəslərində pəncərələr açıqdır. Kondisioner işləyəndə avtobusun pəncərələri bağlı olurdu. Bəzi sürücülər etiraf edir ki, yanacaq çox sərf olunduğu üçün kondisioneri işlətmirlər. Çünki, xətt sahibi onların əmək haqqından kondisionerə sərf olunan yanacağın pulunu”.
88 saylı avtobusda sürücülərlə həmsöhbət olub  kondisioneri işlətməmələrinin səbəbini soruşduq. Sürücülər avtobusda kondisioner sisteminin işləməməsinə təxminən eyni səbəb gətirdilər. Onların sözlərinə görə, 88 saylı avtobusların çoxunda kondisioner sistemi nasazdır: “Hər kəs bizi günahkar görür. Avtomuz bizim dədəmizin deyil ki...Biz “şofer” babayıq. Axşam avtobusu qaraja aparırıq. Orda da deyirik ki, sərnişinlər narazılıq edir, kondisioner işləmir. Deyirlər kondisionerin ehtiyat hissəsi yoxdur. Bizdə səhər belə avtobusu sürüb xəttə çıxırıq”.
88 saylı avtobusun digər sürücüsü də kondisioner sisteminin nasaz olduğunu söyləyir: “Bəlkə elə bilirsiniz istidə avtobus sürmək mənə xoşdur? Siz salonda oturub gedirsinizsə, mən avtobus sürürəm. Səhərdən axşama kimi gündöyən tərəfdə oturub rul tuturam. Bu istidə, bu tıxacda sizə asan gəlməsin avtobus sürmək. Mən də istəyərəm ki, kondisioneri yandırıb sərində sürüm avtobusu. Amma qarajda deyirlər ehtiyat hissələri yoxdur. Bu bizim günahımızdır məgər?”.
Sürücülər yanacaq çox sərf olunduğu üçün kondisionerlərin söndürüldüyü barədə iradları qəbul etmədilər. 
Sərnişinlər kimi biz də, avtobusa yazılıb vurulan telefon nömrəsi ilə əlaqə saxlayıb kondisionerin işləməməsinin səbəbini öyrənməyə cəhd etdik. Xəttin o başından özünü 88 saylı xətt üzrə sərnişin şikayətlərinin araşdırılmasında məsul şəxs əvvəlcə şikayətimizi təmkinlə dinləyərək bir-iki avtobusda kondisioner sistemində nasazlıq olduğunu bildirdi. Jurnalist olduğumuzu və müşahidə zamanı 88 saylı xətdə əksər avtobuslarda kondisionerin işləmədiyini dedikdə isə, özündən çıxaraq kobud şəkildə cavab verdi: “Gedin nə istəyirsiniz yazın. Vəziyyət belədir vəssəlam!”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə  deyir ki, kondisioner sistemi ilə təhciz olunmuş avtobuslarda yay aylarında mütləq mənada kondisioner işlək olmalıdır: “Hazırda paytaxtda 2100 avtobus xətdədir. Onlardan 500-ə yaxını kondisionerli, normal sərinlətmə sistemi olan avtobuslardır. Əgər avtobusun sərinlətmə sistemi varsa, sürücünün, xətt sahibinin avtobus xətdə olduqda kondisioneri söndürməyə ixtiyarı yoxdur. Belə halla rastlaşdıqda sərnişinlər 141 saylı telefonla əlaqə saxlayıb şikayətlərini bildirə bilərlər”.

88 saylı avtobusun tabe olduğu şirkətin, “Çinar” Trans MMC-nin rəhbəri Etibar Manafov isə deyib ki, problemdən xəbərdar olduqlarını söyləyir: “ Artıq dünəndən başlayaraq 88 saylı avtobusda kondisionerlərin təmirinə başlanılıb. 6-7 avtobus qalıb ki, onlarda da kondisionerin salonu normal sərinlətməsi üçün qaz vurulur. Yollarda silkələnmə nəticəsində avtobusların çoxunun kondisionerində nasazlıq yaranmışdı. Bu problem üç günə qədər tam aradan qaldırılacaq”.

Zülfiyyə QULUYEVA   
 

Sizin Reklam Yeriniz