Əlaqə Arxiv
news Image
2017.07.27
09:00
| A A A
Yayın sevimli təamının böyük təhlükəsi
Eyyub Hüseynov: «İndi təkcə dondurma yox, digər məhsulların da istehsalında ciddi nöqsanların, təhlükənin olduğu barədə bizə məlumatlar daxil olur» Ziyəddin Kazımov: «Dondurma istehsalında aşkarlanan nöqsanlar bu cür yoxlamaların aparılmasının vacibliyini təsdiqləyir»

Dondurma isti havanın ən sərinləşdirici təamı sayılsa da, son günlər dondurmaların keyfiyyəti, daha doğrusu keyfiyyətsizliyi ilə bağlı yayılmış məlumatlar hər kəsi bu məhsullardan dadarkən diqqətli olmağa vadar edir. Yenə bu günlərdə İqtisadiyyat və Səhiyyə nazirliklərinin istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Panda”, “Karolina”, “Mirage” və “Zontik” plombir dondurmalarında, “Matroskin” südlü dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.Eyni zamanda, “Karolina” və “Zontik” plombir dondurmalarında, eləcə də “Matroskin” südlü dondurmasında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib. Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar T.Qasımova qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, bir müddət öncə bu iki dövlət qurumu ölkəmizdə altı dondurma istehsal edən müəssisənin istehsal etdiyi 29 adda dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğunu üzə çıxardaraq ictimaiyyətə geniş məlumat verdi. Həmin yoxlamalar zamanı həmin dondurma istehsalçılarının südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkarlanmışdı. Bu, bu, mövsüm dondurmalarla bağlı üzə çıxardılan ikinci neqativ haldır. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dondurma istehsalında aşkarlanan nöqsanlar bir daha sahibkarlar üçün yaradılan azad bazar prinsiplərindən sui-istifadə etdiklərini  üzə çıxartdı: “Bəllidir ki, məlum qərardan sonra sahibkarlıq obyektlərində yoxlamalar iki il müddətinə dayandırılıb. Bu, sahibkarlığın inkişafı üçün atılan addım olsa da, çox təəssüf ki, sahibkarlar bundan sui istifadə edirlər. İndi təkcə dondurma yox, digər məhsulların da istehsalında ciddi nöqsanların, təhlükənin olduğu barədə bizə məlumatlar daxil olur. Çox təəssüf ki, sahibkarlar onlara yaradılmış bu şəraitdən rəqabətədavamlı məhsul istehsal etmək üçün yox, keyfiyyətsiz məhsul istehsal etməklə daha çox gəlir əldə etmək məqsədilə istifadə edirlər. Elə dondurma istehsalında aşkarlanan nöqsanlar da bunu təsdiqlədi”. 
E. Hüseynov deyir ki, mövcud vəziyyəti düzəltmək, sahibkarların sui-istifadə hallarının qarşısını almaq üçün ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına ehtiyac var: “Biz təkcə yerli istehsalda problemlərdən xəbərdarıq. Amma sahibkarlar müxtəlif yollarla ölkəyə keyfiyyətsiz ərzaq məhsulları da gətirirlər. Bu halların qarşısını almaq üçün istehsala nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi yaradılmalıdır”.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov isə deyir ki, dondurma istehsalında aşkarlanan nöqsanlar bu cür yoxlamaların aparılmasının vacibliyini təsdiqləyir: “Bilirsiniz ki, sahibkarlıq subyektlərində yoxlama ancaq “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri”nə daxil edildikdən sonra aparılır. Gələcəkdə də bu cür yoxlamaların aparılması İqtisadiyyat Nazirliyindən asılıdır. Əgər nazirliyə dondurmaların keyfiyyəti ilə bağlı şikayətlər olarsa, təbii ki, yoxlamalar davam etdiriləcək. Sahibkarlar heç bir halda onlara yaradılmış şəraitdən sui-istifadə etməməlidirlər. Ərzaq məhsulunun keyfiyyətsizliyi insan səhhətində özünü daha tez biruzə verir. Sahibkarlar da çalışmalıdırlar ki, məhsul istehsal etdikdə bu tələbləri qorusunlar”.
Z. Kazımov keyfiyyətsiz, insan sağlamlığını təhdid edən dondurmaların satışdan yığışdırılaraq anbarlara geri qaytarılmasının istehsalçılar qarşısında ciddi tələb kimi qoyulduğunu söyləyib. Onun sözlərinə görə, satışda təhlükəli dondurmaların istehlakçıların səhhətində yaradacağı problemə görə elə istehsalçılar özləri günahkar hesab ediləcəklər.
E. Hüseynov isə dondurma istehsal edən müəssisələrdə aşkarlanan neqativ halların kifayət qədər ciddi olduğunu söyləyir. Onun sözlərinə görə, əgər bu nöqsanlar dondurma istehsal edən sexlərin bütün  məhsullarında aşkarlanıbsa, bu, artıq həmin sexlərdə, zavodlarda avadanlığın çirklənməsi deməkdir: “Ona görə də, həmin dondurma istehsalçıları təkcə xarab çıxan məhsullarını yox, avadanlıqlarını da məhv etməlidirlər. Əks halda gələcəkdə o avadanlıqlarla istehsal edilən məhsullardan keyfiyyət gözləməyə dəyməz”. 

Zülfiyyə QULUYEVA   

Sizin Reklam Yeriniz