Əlaqə Arxiv
news Image
2017.08.01
07:00
| A A A
İpoteka ilə ev sahibi olmaq asanlaşacaq
Vüqar Bayramov: “Bu fürsətdən istifadə edib mənzil sahibi olanların da sayı artacaq” Rəşad Əliyev: “Elektron ipoteka sistemində artıq növbəli rejim yaradılacaq”

Məlumdur ki, avqustun 1-dən etibarən fəaliyyətə başlayacaq elektron ipoteka sistemi elektron hökümət portalının real vaxt rejimində əhalinin istifadəsinə veriləcək. Bundan sonra hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. 

Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza və ya "ASAN İmza" əldə etməlidir. Hesab edilir ki, bu sistem ipoteka kreditləri almaqla bağlı süründürməçilik və digər neqativ hallar aradan qaldırmağa kömək edəcək. Bununla da insanların ipoteka kreditlərinə çıxış imkanları artacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, əvvəllər ipoteka krediti almaq üçün tələb edilən sənədlərin sayı 18 idi: “Yeni sistemin tətbiq edilməsi isə sənədlərin sayının kəskin şəkildə azalmasına imkan verəcək. Vətəndaşlar heç bir yerə getmədən internet vasitəsi ilə ipoteka krediti üçün müraciət edə biləcəklər. Elektron ipoteka sisemi Elektron Hökumət Portalına inteqrasiya olunduğuna görə bir sıra sənədlər tələb edilməyəcək. Müraciət zamanı elektron imza və ya “ASAN imza” əldə etməlidirlər. 
Elektron ipoteka sisteminin tətbiqi ipoteka kreditin verilməsi prosesinin sadələşdirilməsinə, ipoteka krediti alan şəxslər üçün bərabər şəraitin yaradılmasına, müraciətlərə baxılan zaman şəffaflığın və operativliyin təmin edilməsinə münbit şərait yaradacaq. Məsələn, əvvəllər vətəndaş ipoteka krediti üçün müraciət edən zamanda onun müraciətinə aylarla baxılmırdı, yaxud proses yubanırdı. Bəzən də digər vətəndaş qısa bir zamanda ipoteka krediti əldə edə bilirdi. Ancaq yeni sistemin tətbiq edilməsi müraciətlərin sıralanmasına gətirib çıxacaq. Nəticədə banklar qanunla müəyyələşdirilmiş müddətdə ipoteka krediti üzrə müraciətə baxacaqlar. Yeni sistemin fəaliyyətə başlaması ilə insanların ipoteka kreditinə çıxış imkanları artacaq. Ona görə də bu fürsətdən istifadə edib mənzil sahibi olanların da sayı artacaq”.
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, elektron ipoteka sisteminin işə salınması ipoteka kreditinin verilməsində şəffaflığın təmin edilməsi və ipoteka krediti alanların hüquqlarının pozulmasının qarşısını alacaq: “Elektron ipoteka sistemində artıq növbəli rejim yaradılacaq. Növbəli rejim zamanı ilkin mərhələdə ipoteka alanla kredit verənin birbaşa təması olmayacaq. Ona görə də bu sistemdə kiminsə əvvələ, kiminsə sonra salınması problemi aradan qaldırılacaq. 
Kreditin verilməsində birbaşa təmasın yaradılması son mərhələlərdə baş verəcək. Yəni, elektron ipoteka sisteminin istifadəyə verilməsi həm şəffaflığı artırır, həm bir çox ipoteka alanların vaxtının qənaət etməsinə yardım göstərəcək. İstənilən halda da bunlar müsbət tendensiyadır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz