Əlaqə Arxiv
news Image
2017.08.01
09:30
| A A A
Sosial medianın saxta profillər problemi
Osman Gündüz: “Çəkindirici məqamlar saxta profillərlə bağlı məsələlərin aradan qalxmasına xidmət edir” Fazil Mustafa: “Burada cəmiyyətin bir qədər fəal olması lazımdır”

Müasir dövrdə ayrı-ıyrı şəxslərin, şirkətlərin, eləcə də dövlət qurumlarının problemlərindən biri də sosial mediada yaradılan saxta profillərdir. Belə səhifələrdən aidiyyatı olmayan paylaşımlar edilir, qarayaxmalar, hətta şərəf və ləyaqətin açaldılması halına da rast gəlinir. Bu məsələ necə həllini tapmalıdır? 

İnternet mütəxəssisi Osman Gündüzün fikrincə, qanunvericilikdə əksini tapan çəkindirici məqamların işə salınması, habelə təhqirə yol verən profillərin qapadılması, bloklanması yolu ilə saxta profillərlə bağlı yaşanan problemin həllinə nail olmaq olar: “Son dövrlər sosial mediada saxta profillərin yaradılmasına qarşı qanunvericilik xeyli təkmilləşdirilib. Hətta deyərdim ki, bir qədər də sərtləşdirilib ki, bu sahədə müəyyən çəkindirici məqamlar olsun. 
Əvvəlki dövrlərdə saxta profillər vasitəsilə şərəf və ləyaqətin təhqir edilməsi məsələsi birbaşa qanunvericilikdə öz əksini tapmırdısa, son dövrlər qəbul olunan qanunda yalnız kütləvi informasiya vasitəsində, adi internet sosial media institutlarında yox, həmçinin saxta profillərlə bağlı olan halda da müəyyən məsuliyyət məsələsi nəzərdə tutulub. Bu əsasda son dövrlərin monitorinqini aparsaq, görərik ki, çəkindirici məqamlar saxta profillərlə bağlı məsələlərin aradan qalxmasına xidmət edir. Dinamika da onu göstərir ki, qanunvericilik bazasının olmasından sonra saxta profillərlə bağlı məqam artma istiqamətində deyil. Yəqin istifadəçilər də qanunvericilikdə məsuliyyət məsələsinin olmasını nəzərə alaraq sosial media vasitəsində təhqir və böhtana elə də yol vermirlər. Yəni, əvvəlki illərdə saxta profillər daha çox olub, indi isə dinamika azalmağa doğru gedir. 
Bu istiqamətdə müəyyən izahat, maarifçilik işləri aparılmalıdır ki, burada medianın da xüsusi rolu vardır. Mediada məsuliyyət məsələsi gündəmə gətirilməlidir ki, insanlar saxta profillər yaradılmasının məsuliyyət yaratdığını öncədən bilsinlər. Belədə müəyyən çəkindirici məqamlar insanlara çatdırılmalıdır. Eyni zamanda bu cür ciddi faktlarla üzləşən fərqlər, təşkilat və qurumlar ilk addım olaraq sosial media rəhbərliyilə problemin araşdırılaraq aradan qaldırılması imkanlarını nəzərdən keçirməlidirlər. Həmin hallarla üzləşən fiziki şəxs və ya şirkət məsələ ilə bağlı sosial media qurumunun rəhbərliyinə şikayət edə bilər. Belə şikayətlər əsasında həmin təhqirə yol verən saxta profilləri bağlatdıra, sildirə, bloklatdıra bilərlər. İkinci bir tərəfdən bu istiqamətdə hüquq-mühafizə orqanlarına da müəyyən səlahiyyətlər verilib. Bu prosesdə milli təhlükəsizliklə bağlı komponentlər varsa, Dövlət Təhlükəsizlik Komitəsinə, polisə, birbaşa məhkəməyə də müraciət etmək olar”. 
Milli Məclisin deputatı Fazil Mustafa isə saxta profillərə qarşı mübarizədə cəmiyyəti daha fəal olmağa çağırdı: “Saxta profillərin yaradılması, sosial mediada şərəf və ləyaqətin alçaldılması ilə bağlı qanunvericilikdə inzibati və cinayət məsuliyyəti yaradan amillər öz əksini tapıb. Yəni, bu istiqamətdə olan faktlara qarşı mübarizə aparmaq imkanları vardır. Sadəcə, burada cəmiyyətin bir qədər fəal olması lazımdır ki, saxta profillərlə hər hansı şəkildə təxribat xarakterli hansısa bir şəxsiyyət əleyhinə olan cinayətlərin baş verməsi mümkün olmasın. İnsanlar bildikləri informasiyaları paylaşmalıdırlar ki, bu cür tendensiya genişlənməsin, burada hər hansı bir qaranlıq fəaliyyət imkanı yaranmasın. 
Qanunvericilikdə son zamanlar qəbul olunan dəyişiklik problemin istənilən şəkildə qarşısını almağa imkan yaradır. Düzdür, bir qədər çətindir. Çünki xaricdə yaşayan insanlar saxta profillərlə müəyyən işlər görürlər. Amma buna baxmayaraq, qanunvericilik əsasında ən azından problemin həllini minimuma endirmək imkanı da var”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz