Əlaqə Arxiv
news Image
2017.08.02
07:00
| A A A
Dizel və benzinlə işləyən avtomobillərin dövrü bitir
İlham Şaban: “Dünyada inkişaf etmiş ölkələr bu istiqamətdə çoxdan addım atmağa başlayıb” Ərşad Hüseynov: “Hədəf ətraf mühiti qorumaq, karbohidrogenləri elektrik enerjisinin alınmasına sərf etməkdən ibarətdir”

Böyük Britaniya, Fransa dizel və benzinlə işləyən avtomobillərdən tədricən imtinaya hazırlaşır. Əvəzində isə elektromobillərə üstünlük veriləcək. Gələn il yanvarın 1-dən Almaniyanın Ştutqart şəhərində dizel mühərrikli nəqliyyat vasitələrinin istismarı qadağan ediləcək. 

2030-cu ildən etibarən bütövlükə Almaniya benzin və dizellə işləyən avtomobil istehsalına icazə verməyəcək. Fransa və Böyük Britaniya isə bu addımı 2040-cı ildən atmağı planlaşdırırlar. Artıq bu istiqamətdə işlər həyata keçirilir və rəsmi açıqlamalar da var. Skandinaviya ölkələrinin əksəriyyətində də analoji qərar qəbul olunub. Əsas məqsəd isə ətraf mühitin qorunması, karbohidrogen ehtiyatlarının səmərəli istifadəsidir. Mütəxəssislərin fikrincə, Azərbaycanın da bu istiqamətdə addımlar atması mümkündür.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirdi ki, dünyada inkişaf etmiş ölkələr bu istiqamətdə çoxdan addım atmağa başlayıb: “2025-ci ilə qədər həm ictimai, həm də fərdi nəqliyyatda alternativ energetikanın tətbiqi geniş yayılacaq. Hazırda Skandinaviya ölkələrində bu istiqamətdə sanki bum yaşanır. İnsanlar elektromobilləri  əldə etmək üçün növbəyə yazılırlar. 
Bundan başqa, məşhur avtomobil şirkəti «Volvo» 2020-ci ildən etibarən ənənəvi yanacaqla istehsal olunan avtomobillərin istehsalını dayandıracaq. Nəzərə alaq ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir. Bunu isə hələlik inkişaf etmiş ölkələr tətbiq edir. Biz onlarla ayaqlaşa bilmərik. Azərbaycan hələ 2020-ci ilin ikinci rübündə “avro-5” standartında yanacaq buraxmağa hazırlaşır. Xəzəryanı ölkələri enerji ölkələridir. Ancaq  heç biri inkişaf etmiş ölkə deyil. Bu baxımdan onlar üçün orta perspektivdə avtomobil sənayesində alternativ energetikaya keçid görünmür”.
Nəqliyyat məsələləri üzrə hüquqşünası Ərşad Hüseynov bildirdi ki, Avropanın bir sıra ölkələrində belə proqramlar qəbul olunub: “Amma bu qərarlar uzun müddətdən sonra qüvvəyə minəcək. Proqramlarda xüsusi olaraq o da  vurğulanır ki, həmin illərdən sonra benzin və dizellə işləyən avtomobillərin dövriyyə buraxılması qadağan olunacaq. Beləliklə tədricən dövriyyədə olanlar da dövriyyədən çıxacaq. Ondan sonra da əsas diqqət elektrik mühhəriklərinə ayrılacaq. Çünki texnoloji olaraq artıq bu məsələ həllini tapıb. 
Bu gün dünyanın nəhəng avtomobil zavodları rahatlıqla elektrobomillər istehsal edirlər. Təhlükəsizlik, istismar şərtləri, texniki qulluq və s. kimi məsələlər həll olunub. Sadəcə, bunu reallaşdırmaq, istehsalı kütləviləşdirmək və orta statistik alıcı üçün əlçatan etmək məsələləri qalıb”.
Ekspert hazırda elektromobillərin baha olduğunu vurğuladı: “Bu da istehsalın məhdudluğundan irəli gələn məsələdir. Ancaq həmin ölkələr bu problemləri həll edəcəklər. Hədəf də ətraf mühiti qorumaq, karbohidrogenləri elektrik enerjisinin alınmasına sərf etməkdən ibarətdir. Azərbaycanda da bunu etmək mümkündür. Ümumiyyətlə, vaxt gələcək Azərbaycan da buna məcbur olacaq. Çünki həmin illərdən sonra benzin və dizellə işləyən avtomobil istehsalı dayancaq. Yəni, Azərbaycana onların idxalı kəsiləcək. Bu baxımdan yəqin ki, bizdə də elektromobillərdən istifadə kütləvi hal alacaq. Ancaq Azərbaycanda avtomobilləşmə o səviyyədə deyil ki, konkret hansı ildən başlayacağını demək mümkün olsun. Dövlət müəyyən stimullaşdırıcı tədbirlər görsə, təxmini onlarla eyni vaxtda elektromobillərə keçid edə bilərik. Məsələn, tədricən elektromobillərin ölkəyə gətirilməsi prosesini sadələşdirmək olar. Bir qədər də maarifləndirmə işləri həyata keçirdikdən sonra insanların özləri kütləvi şəkildə elektroavtomobillərə meyl edəcəklər”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz