news Image
2017.08.12
09:30
| A A A
Hostellərə böyük tələb yaranıb, amma…
Müzəffər Ağakərimov: “Hostellər vasitəsi ilə yüksək qazanc əldə edə bilərik” Samir Əliyev: “İnsanlar adətən ucuz otel axtarırlar və hostellər bunu əvəz edə bilər”

Respublika ərazisində 500-dən çox otel fəaliyyət göstərir. Bunların da böyük əksəriyyəti çoxulduzlu otellərdir. Azulduzlu otellər isə çox azdır.  Daha pis mənzərə isə hostellərin gözə dəyməməsindədir. Demək olar ki, ölkədə hostel sayı yox səviyyəsindədir. Mütəxəssislərin fikrincə, bu amil turizmin inkişafını ləngidir. 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hostellərin fəaliyyətinin genişləndirilməsinin tərəfdarıdır: “Hostellər aztəminatlı insanlar üçün münasib mehmanxanadır. Çünki qiymətləri  10-20 manatdan yüksək olmur. Turistlər də şəxsi evlərdənsə, hostellərə üstünlük verərlər. Bu, həm təhlükəsizlik baxımından lazımdır, həm də vergidən yayınmanın qarşısı alınmış olar. 
Nəzərə alaq ki, hər il ölkəmizə gələn turistərin sayı artır. Bu baxımdan da hostellər vasitəsi ilə yüksək qazanc əldə edə bilərik. Tək regionlarda yox, Bakıda da hostellərin fəaliyyəti genişlənməlidir. Məsələn, Bakıda ən azı 50-yə yaxın hostel fəaliyyət göstərməlidir. Bütün bunlar üçün isə sahibkarlara sərfəli şərtlər təklif edilməlidir. O zaman sahibkar hostel fəaliyyətində maraqlı olacaq. Həm də nəzərə alaq ki, hostel qısa zaman ərzində qazanc gətirir. 
Eyni zamanda, hostellərə marağın artması üçün maarifləndirmə işləri həyata keçirilməlidir. Hostel həmin ərazidə turizmin inkişafına böyük təsir göstərir. Nəzərə alaq ki, turizm ölkələri hostel fəaliyyətindən geniş istifadə edirlər. Keçmişdə uzun yola çıxan insanlar karvansarada  gecələyirdilər. Bu gün həmin karvansaraları hostellər əvəz edə bilər”.
İqtisadi Təşəbbüslərə Yardım İctami Birliyinin eksperti Samir Əliyev hesab edir ki, turizmi inkişafı həm də hostellərin inşasından keçir: “Qeyri-neft sektorunun inkişafı qismində aqrar sahəni və turizmi görürük. Turizmi inkişaf etdirmək üçün isə bir sıra komponentlərin olması vacib şərtdir. Hansı ki, onlardan biri də insanların istirahəti üçün ucuz qiymətə hostellərin fəaliyyət göstərməsidir. 
Hazırda buna tələbat da var. İndi yaşanan problem odur ki, otellərimiz çox bahadır. Buna da səbəb otellərin çoxulduzlu olmasıdır. Halbuki, turizmin inkişafı yalnız çoxulduzlu otellərin olmasından keçmir. Çünki çoxulduzlu otellərdə əsasən maddi imkanı olan insanlar istirahət edə bilir. Yaxud da hansısa tədbir keçiriləndə odan istifadə olunur. Bu cür insanlar və tədbilər isə kütləvi deyi. İnsanlar adətən ucuz otel axtarırlar və hostellər bunu əvəz edə bilər”.
Samir Əliyev Bakı ilə yanaşı, regionlarda da ucuz hostellər tikilməsinin vacib olduğunu bildirdi:  “Bu, insanların turizmə cəlb edilməsində müəyyən rol oynaya bilər. Ölkədə bahalı otellərlə yanaşı, ucuz hostellərin də olması vacib şərtdir. Elə dünyanın turizm ölkələrində də bu cürdür”. 
 

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs