Əlaqə Arxiv
news Image
2017.08.16
15:45
| A A A
İqtisadiyyat Nazirliyi turistlərdən şişirdilmiş hesab alınmasına münasibət bildirdi
Xarici turistlərə xidmətin rahatlığını təmin etmək üçün menyu dövlət dili ilə yanaşı rus, ingilis, fransız və s. dillərdə ola bilər.

Turizm sektorunun inkişafı istiqamətində atılan addımlar real bəhrəsini verir. Belə ki, bu il də ölkəmiz xarici qonaqlarla boldur. Bu ilki turistlər arasında ərəblər xüsusi üstünlük təşkil edir. Ancaq hökumətin uğurlu turizm siyasətinə baxmayaraq, bir sıra şəxslər bu fəaliyyətə müxtəlif cür kölgə salırlar. Belə ki, ərəb qonaqlara şişirdilmiş qiymətlərlə xidmət edən işbazlar haqqında tez-tez xəbərlər yayılır. Hansı ki, bu da ölkənin turizm sektoru haqqında mənfi rəy formalaşdırır.  Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən movqe.az-a bildirildi ki, bu cür şikayət nazirliyə daxil olmayıb: “Ancaq ictimai iaşə obyektdə menyunun olması qanunvericiliyin tələbidir. İctimai iaşə müəssisələrinə qida məhsullarının istehsalı, satışı və istehlakının təşkili üzrə fəaliyyət göstərən müəssisələr aid edilir. Normativ sənədlərin tələblərinə əsasən bu müəssisələr restoran, bar, kafe, yeməkxana və s. daxil olmaqla müxtəlif növlər üzrə təsnifləşdirilir. Mövcud qanunvericiliyə əsasən, ictimai iaşə müəssisələrində xidmət, normativ-hüquqi aktların və sənədlərin tələblərinə uyğun təşkil edilməli və bir sıra tələblərə cavab verməlidirlər. Nazirlər Kabinetinin Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında 80 saylı qərarı Azərbaycan Respublikası ərazisində tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərin, onların ticarət (topdan, pərakəndə və ictimai iaşə), məişət və digər növ xidmət obyektlərinin fəaliyyətlərini tənzimləyir. Həmin qaydalara görə, ictimai iaşə müəssələrində müştərilərə təqdim olunan məhsullar və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsi məqsədilə obyektdə onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu və çeşid siyahısı olmalıdır.

Menyu nədir? Menyu ictimai iaşə müəssisəsinin çeşid minimumu əsasında tərtib edilir və səhər, günorta və şam yeməyi üçün yemək və içkilərin siyahısını, onların tərkibini göstərir. Buraya həmin gün satışda olan qəlyanaltı, yeməklər, kulinar məhsullar, içkilər daxildir. Adətən menyunun bir neçə növü tərtib edilir. Bunlara gündəlik, banket, toy, bayram stolu və s. üçün xüsusi növlü xidmət menyuları daxildir.

Menyuda hər bir xörəyin tərkibi (əsas inqrideyentlər və çəkisi göstərilməklə), miqdarı və qiyməti göstərilməlidir. Menyu tərtib edilərkən mövsümi şərait və havanın temperaturu mütləq nəzərə alınmalıdır. Eyni təamı hər gün menyuya salmaq məsləhət deyil. Yay vaxtları menyuya soyuq sərinləşdirici qidalar, təzə meyvə və tərəvəzlərdən ibarət şorbalar əlavə edilir.

Menyuda olan yeməklər yalnız həmin gün ərzində istifadə oluna bilər. Xidmət göstərən ictimai iaşə müəssisəsi müştərilərin tələbatını əvvəlcədən diqqətlə öyrənməli, bu və ya digər adda hansı sayda yeməklərin gündəlik hazırlanmasını bilməlidir. Menyu tərtib edilərkən əsas məhsulla qarnirin uyğunluğuna xüsusi diqqət yetirilməlidir.

Hər iş gününün əvvəlində ofisiant gələn müştərilərin hər hansı bir yemək və ya kulinar məhsullarla bağlı veriləcək suallarına dolğun cavab verə bilmək üçün menyu ilə tanış olmalıdır. Əgər təqdim edilən hər hansı bir təamın adı ofisianta aydın deyilsə o dərhal bunu aşpazla aydınlaşdırmalıdır.

Menyunun tərtibatı həmin müəssisənin xarakterindən də asılıdır. Milli mətbəxə aid olan ictimai iaşə müəssisələrində menyuların tərtibi zamanı milli ornamentlərdən istifadə edilə bilər. Əgər restoranda hər hansı bir gecə və ya əlamətdar gün keçirilirsə buna uyğun olaraq menyunun mətninə əlavə şəkillər qoyula bilər. Restoran və kafenin hər hansı bir məhşur təamına diqqəti cəlb etmək üçün menyu mətnində hər hansı bir məzəli məlumat və ya tarixi sənədin verilməsi də mümkündür.

Səliqəli tərtibatlı menyular əsasən stollara düzülür. Lakin ofisiant bu halda da onları nəzarətdə saxlamalı, təsadüfən çirklənmiş və ya cırılmış menyunu dərhal yenisi ilə əvəzləməlidir.

Menyuda hər zaman bir neçə sətr boş saxlanılır. Bu da buraya lazım gəldiyi təqdirdə əlavələrin edilməsi üçün nəzərdə tutulur.

Xarici turistlərə xidmətin rahatlığını təmin etmək üçün menyu dövlət dili ilə yanaşı rus, ingilis, fransız və s. dillərdə ola bilər.

Qiymət cədvəli (menyu, preskurant) müştəriyə xidmət göstərməzdən əvvəl təqdim olunmalıdır.

İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar almaq istədikdə, ona bu məlumatlar verilməlidir.

Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə müştərilərə ictimai iaşə məhsulları və göstərilən xidmətlər təklif olunan iaşə məhsullarının hazırlanma üsulları, xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri, ödəniş şərtləri barədə ictimai iaşə obyekti məlumat verməyə borcludur və buna görə məsuliyyət daşıyır. Qeyd olunanlar mövcud qanunvericiliyin tələbidir və hər bir ictimai iaşə obyekti bu Qaydaları bilməli və onlara riayət etməlidirlər”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz