Əlaqə Arxiv
news Image
2017.08.17
09:40
| A A A
Məktəb ləvazimatlarına artan tələb qiymətləri indidən bahalaşdırır
Kamran Əsədov: “Birbaşa məktəbli üçün lazım olan vəsaitlər mütləq şəkildə müəyyən stabil qiymətdə olmalıdır” Məlahət Mürşüdlü: ““Yaxşı ki, bahalaşma elə də yüksək həddə deyil”

Məktəb ləvazimatlarının qiymətində cüzi də olsa artım müşahidə edilir. Qiymətlərdə baş verən artımlar hər bir halda valideynlər üçün yeni qayğıların meydana çıxması deməkdir. Məktəb ləvazimatlarının qiymətində baş qaldıran bahalaşma nə ilə bağlıdır və məsələni məktəbli yarmarkaları vasitəsilə həll etmək olarmı?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirdi ki, məktəbli ləvazimatlarının bahalaşması iqtisadi səbəblərlə bağlıdır: “Nəzər çatdırım ki, dünya təcrübəsində kağız daşıyıcılarından, məktəbdə məktəb ləvazimatlarından istifadə qaydası Azərbaycanda olandan fərqlidir. Araşdırmalar göstərir ki, Avropa ölkələrində hər bir məktəb müstəqil şəkildə öz təhsil ocağında oxuyan şagirdlərə lazım olan vəsaiti onların birbaşa qaydada əldə etmələrində maraqlı deyil. Məktəb rəhbərliyinin özü həmin sahə ilə məşğul olan istehsalçı şirkətlə müqavilə bağlamaqla şagirdlərə lazım olan bütün vəsaitlərin məktəbə gətirilib uşaqlara paylanmasını həyata keçirir. 
Burada iki məsələ var. Birincisi, şagirdlər hansı vəsaitlərin onlara lazım olduğundan narahat olmur. Çünki hansı vəsaitlərdən istifadəni məktəbin özü müəyyənləşdirir. İkincisi, vəsaitlərin məktəbdə verilməsilə valideynlər həmin vəsaitləri almaq üçün əlavə vaxt itkisinə getmirlər. Təəssüf ki, Azərbaycanda bu mexanizm hələ də işləmir. Ölkəmizdə valideynlər məktəb ləvazimatı alarkən hətta şagirdlərin yaş xüsusiyyətləri, psixologiyasını nəzərə almadan müxtəlif rəngli ləvazimatlardan, formatı uyğun olmayan qələmlərdən istifadə edirlər. Məktəb ləvazimatlarının qiymətində baş verən artımlar isə iqtisadi amillərlə bağlıdır. Amma məsələ ondadır ki, müəyyən sahələr dotasiya qaydası ilə elə həll olunmalıdır ki, proses istehlakçıya mənfi təsir göstərməsin. Məktəbli formaları, çantalar, dərsliklər, dəftər və karandaşlar, ümumiyyətlə, birbaşa məktəbli üçün lazım olan vəsaitlər mütləq şəkildə müəyyən stabil qiymətdə olmalıdır. Məsələn, sovet dönəmində bu istiqamətdə hansısa qiymət artımı olan kimi dövlət həmin məhsulun qiymətinin qalxmasına icazə vermirdi. Həmin məhsulun bahalaşmış hissəsini dövlət özü kompensasiya edirdi. Yaranmış vəziyyətdə əvvəllər 50 manat ödəməklə məktəbli çantasını dolduran valideny indi bunun üçün 80-90 manatından keçməli olur”. 
Digər ekspert Məlahət Mürşüdlü qeyd etdi ki, məktəb ləvazimatlarındakı qiymət artımları gözlənilən idi: “Hələ keçən ildən məktəb ləvazimatlarının qiymətində artımların olduğunu müşahidə edirik. Bu mənada cari mövsümdə də bahalaşma tendensiyasının davam etməsi gözlənilən idi. Amma yaxşı ki, bahalaşma elə də yüksək həddə deyil. Ancaq hər halda müəyyən ailələr bu ləvazimatların alınmasında çətinlik çəkməkdə davam edir. Belədə də şagirdlər məktəb ləvazimatlarının çatışmamazlığı nəticəsində məktəblərdə problemlərlə üzləşirlər”. 
Həmsöhbətimiz düşünmür ki, məktəb yarmarkaları təşkil etməklə dərs ləvazimatlarının bahalaşmasının qarşısını almaq mümkün olacaq: “Məktəb yarmarkaları bu tendensiyanı aradan qaldıra bilməz. Yarmarkalar da ticarətlə bağlı prosesdir, ona görə onun da öz maraqları var. Satıcı malı yarmarkaya ona görə çıxartmır ki, qiymətlər ucuzlaşsın, yaxud da kimlərəsə güzəştlər edilsin. Fikrimcə, hökumət tərəfindən ləvazimatların alınmasında aztəminatlı ailələrə yardımlar edilməlidir. Bunu şirkətlər vasitəsilə edə bilərlər. Həmçinin, xeyriyyəçi insanlar fərdi şəkildə də prosesdə fəal ola bilərlər. Ancaq görünən odur ki, bu istiqamətdə xeyriyyə tədbirləri çox azdır. Buunla belə qeyd edilən addımlarla aztəminatlı ailələrin məktəb ləvazimatları ilə təminatı prosesinə müəyyən dərəcədə dəstək vermək mümkün olacaq”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz