Əlaqə Arxiv
news Image
2017.08.18
11:00
| A A A
Sosial media ilə dilimizə vurulan böyük zərbə
Cahangir Məmmədli: “İndiki halda sosial mediada təhqirdən tutmuş söyüşə qədər hər şey görmək mümkündür” Qulu Məhərrəmli: “İnsanlar maariflənməlidir ki, özlərini normal şəkildə ifadə edə bilsinlər”

Sosial media dilinə "dur" deməyin vaxtı çatıb. Bunu Türkiyənin baş naziri Binzli Yıldırım deyib: "Təəssüf ki, sosial media dili gənclərimiz arasında qəbul edilmiş bir yazı, danışıq dilinə çevrilir. Mənasız qısaltmalar, yersiz əcnəbi sözlər, cümlələr getdikcə adi hal alır. Dilimizi qısırlaşdıran, nəsillər arasındakı əlaqəni yox edən, türkcəyə deyil, əcaib bir dilə oxşayan bu çürüməyə artıq "dur" deməyin vaxtı çatıb". B.Yıldırım bildirib ki, milli səfərbərlik ruhunda çalışaraq gənclərə sözün, dilin dəyərini ən yaxşı şəkildə anlatmaq lazımdır.

Qeyd edək ki, analoji problem ölkəmizdə də yaşanır. Azərbaycanda da sosial media dilimizə mənfi istiqamətdə ciddi təsir edir. Mütəxəssislər problemin qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürürlər. Hətta sosial medianı tənzimləyən qanunun qəbulu edilməsi təklif olunur. 
Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirdi ki, sosial mediaya ikili yanaşmaq məcburiyyətindəyik: “Bir tərəfədn bu, bizdə informasiya bolluğu yaradır. Hətta bəzən rəsmi informasiya mənbələrindən daha tez məlumat verir. Bu mənada sosial media xeyli dərəcədə cəmiyyətə kömək edir. Ancaq sosial mediada böyük problemlər də yaşanır. Bəzən adi bir məsələ çox şişirdilir. 
Bu gün ən yaralı yerimiz Dağlıq Qarabağdır. Bəzən isə adi bir mövzu ondan da dərinlərə gedir. Cəmiyyətin mediaya münasibətində xeyli dərəcədə öyrəşmə, uyğunluşma yaranmalıdır. Bununla bağlı bir qanun layihəsi hazırlanmalıdır. Həmin layihə ciddi müzakirədən keçməlidir. “Kütləvi informasiya haqqında” Qanun tipində bir qanun olmalıdır.  O zaman insanlar ifadə seçərkən məsuliyyət daşımalı olduqlarını biləcəklər. Düzdür, bəzən insanlar belə bir qanunla razılaşmırlar.  Onların fikrincə, bu, demokratiyaya zidd qərar olardı.   Ancaq belə hesab etmirəm. Əgər demokratik bir qanun qəbul olunacaqsa, ölkə demokratik istiqamətə yönələcək. İndiki halda sosial mediada təhqirdən tutmuş söyüşə qədər hər şey görmək mümkündür”.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirdi ki, bütövlükdə media bizim həyatdakı davranışlarımızın davamıdır: “Yəni, adi həyatımızın bir platforması peşəkar mediada, digəri – məişət davamı isə sosial mediadadır. Türkiyə cəmiyyəti ziyalı cəmiyyətdir. Görünür, bu məsələ artıq dövlət rəsmilərini narahat edir. Azərbaycanda da rənglər müxtəlifdir. 
Sosial mediada maraqlı yazılar da olur, çox bəsit yanaşmalar da qeydə alınır. Ona görə də sosial mediaya heç bir göstəriş vermək mümkün deyil. Yalnız insanlara tövsiyə edilə bilər. Nəzərə alaq ki, hər kəs yazanda özünü ifadə edir. Bu baxımdan insanlar maariflənməlidir ki, özlərini normal şəkildə ifadə edə bilsinlər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz