Əlaqə Arxiv
news Image
2017.08.18
10:30
| A A A
Fındıqçılıq Azərbaycana yeni valyuta axınına rəvac verəcək
Fikrət Yusifov: “Aqrar sektorda bu gün ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır” Natiq Cəfərli: “Sahəni inkişaf etdirmək üçün ilk növbədə keyfiyyət məsələsinə diqqət yetirmək lazımdır”

İtaliyanın məşhur "Ferrero" şirkəti Azərbaycanda fındıqçılığın inkişafına dəstək göstərə bilər. Bu məsələ şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov arasında keçirilən görüş zamanı müzakirə olunub. 

Qeyd edək ki, hazırda ölkədə qeyri-neft sektorunun inkişafı fonunda fındıq istehsalının artırılması da prioritet məsələlərdəndir. Hökumət istehsalın artması üzərində işləyir və fermerlərə ödənişsiz olaraq fındıq toxumları, eləcə də subsidiyalar, qrantlar və güzəştli kreditlər verir. Eyni zamanda  göründüyü kimi, bu məsələyə xarici şirkətlərin də marağı artır. Qeyd edək ki, İtaliya ilə yanaşı, Türkiyə də bu sahəyə sərmayə yatırmaq istəyir. İqtisadçıların fikrincə, belə vəziyyət fındıqçılığın inkişafında müstəsna rol oynayacaq.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, bu gün Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı istiqamətində çox işlər görür: “Real sektorun aprıcı sahələrindən biri olan aqrar sahəyə isə hökumət xüsusi diqqət yertirir. Bu da əbəs deyil. Bu sektorda bir çox strateji məhsulların istehsalını artırmaqla ölkəyə kifayət qədər xarici valyuta gətirmək mümkündür.
Aqrar sektorda bu gün ən çox valyuta gətirən məhsullardan biri də fındıqdır. Bu səbəbdən də ölkədə fındıqçılığın inkişafı istiqamətində bir çox addımlar atılmağa başlanıb. Bunlardan biri yeni fındıq bağları salmaq və fındıqçılıqla məşğul olan iş adamlarına dövlət dəstəyini artırmaqla sahənin inkişafına nail olmaqdırsa, digəri xarici kapitalı bu sahənin inkişafına cəlb etməkdir. Bu sahəyə hər bir investor kapital qoymağa çalışacaq. Çünki son məhsul investora konkret olaraq yüksək valyuta gəliri əldə etməyə imkan verəcək. 
Prezident İlham Əliyev aqrar sektorun inkişafına həsr olunmuş son müşavirələrdə ölkədə fındıqçılığın inkişafını sürətləndirmək məqsədilə aidiyyatı göstərişlər verib. Hesab edirəm ki, bir neçə ildən sonra da aqrar sektorun bu istiqaməti bu gün olduğu kimi ölkəyə möhkəm valyuta gətirən kənd təsərrüfatı məhsulların içərisində özünün aparıcı yerini qoruyub saxlayacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, fındıqçılıq  ənənəvi, həm də perspektivli aqrar sahədir: «Ciddi valyuta gətirəbilcək potensialı var. Sadəcə, fındıqçılıq bir qədər gec gəlir gətirən sahədir. Ona görə də fermerlərə uzunmüddətli, aşağı faizlə kredit verilməlidir. Yaxud da xarici investorlar cəlb olunmalıdır. 
Fındığı xammal kimi yox, emal edib satmaq daha sərfəlidir. Belə vəziyyətdə ən azından iki dəfə çox qazanc gətirir. Azərbaycanda da bu sahənin inkişafı üçün yeni bağların salınmasına, aqrar bankın yaradılmasına ehtiyac var. Eyni zamanda sığorta məsələsi də həll edilməlidir. Xarici şirkətlərin gəlməsi isə daha yaxşıdır. Amma fındıqçılıqla bağlı bir neçə problem də oldu. Bir müddət öncə Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinin  məhsullarının sərfəli şərtlərlə Avropa bazarına çıxması ilə bağlı sazişi olmuşdu. Azərbaycan Avropa bazarına ilk növbədə fındıq çıxartmaq istəyirdi. Amma sonradan onun sertifikatlaşması məsələsində problemlər yaşandı. Bu sahədə Azərbaycanın ixracatı azaldı. Lakin sahəni inkişaf etdirmək üçün ilk növbədə keyfiyyət məsələsinə diqqət yetirmək lazımdır. Çünki, dünyada ərzaq məhsulları üzrə standartlar çox yuxarı qalxıb. Bunun  üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmağımız məqbul sayılır. 
Nəzərə alaq ki, fındıqçılıqda Azərbaycanın böyük potensialı var. Məsələn, Türkiyə bu sahəyə çox böyük diqqət yetirdi və dünyada ilk üçlüyə daxil olub. Bu gün Türkiyə tək fındıqçılıqdan külli-miqdarda pul qazanır. Azərbaycanda da buna bənzər şərait var. Ölkəmizin müəyyən bölgələrində fındıqçılığın inkişafı üçün münbit şərait mövcuddur. Yəni, Azərbaycan bu sahədə yaxşı ixracatçı ölkəyə çevrilə bilər. Bu da ölkəmizə valyuta axını gətirəcək. Prezident də dəfələrlə bu sahəni inkişaf etdirmək üçün diqqətin artırılmasının vacibliyini vurğulayıb. Münbit torpaqları olan ərazilərdə fermerlərə dəstək proqramı çərçivəsində fındıq bağlarının genişlənidirilməsinə şərait yaradılmalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz