Əlaqə Arxiv
news Image
2017.08.22
07:00
| A A A
Tələbələrin çözülməyən yataqxana problemi
Nadir İsrafilov: “Kampus şəraitində tələbənin heç bir problem ola bilməz” Turan Xalidova: “Tələbə sayı çoxalırsa, özəl yataqxana təcrübəsindən mütləq istifadə edilməlidir”

 

Yeni dərs ilinin başlanmasına bir aydan da az bir vaxt qalıb. Ancaq tələbələrinin əbədi problemi – yataqxana problemi bu il də həllini tapa bilməyib. Tədris ili ərəfəsində bu istiqamətdə artan şikayətlər bunu deməyə əsas verir.  
Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il  olduğu kimi car ildə də qalır. Ekspertlər bu məsələdə xarici təcrübədən bəhrələnməyi təklif edir. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. 
Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov da qeyd edir ki, bu gün təhsildə yataqxan ən aktual məsələlərdən biridir: “Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. 
Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. 
Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır”.
Nadir İsrafilovun fikrincə, problemi özəl yataqxana ilə də həll etmək olar: “Nəzərə alaq ki, Harvard Universitenin kitabxanasını bir biznesmen yaradıb. Düzdür, vaxtı ilə Azərbaycanda da oxşar təcrübə olub. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev çoxsaylı tələbə oxudub, məktəblər açıblar. Ancaq sanki indi messanatlıq unudulub. Nəzərə alaq ki, təhsil dövlətlə yanaşı, həm də ümumxalq işidir. Ona görə də iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır”. 
Bakı Slavyan Universitetinin müəlliməsi Turan Xalidova bildirdi ki, tələbə yataqxanalarının böyük əksəriyyəti Sovet dövründə inşa ediləndir: “Düzdür, onların bəzilərində əsaslı təmir işləri həyata keçirilib. Amma problem odur ki, təmir zamanı artan tələbə sayı nəzərə alınmır. 
Hazırda əksər ali məktəblərdə oxşar problem yaşanır. Yataqxanaya tələbə seçərkən meyar onun maddi vəziyyəti olmalıdır. Elə tələbələr var ki, kirayə haqqını belə verə bilmirlər. Yataqxanaya ilk növbədə onları qəbul etməlidirlər. Bundan başqa, hər il avqust ayının sonunda universitetinin tələbə sayı bəlli olur. Sənədləri universitetə təqdim edən zaman tələbə yataqxanada qalmaq istədiyini bildirməlidir. Ali məktəb də ona uyğun hərəkət etməlidir. Ancaq hər il tələbə sayında artım olur. Tələbə sayı çoxalırsa, özəl yataqxana təcrübəsindən mütləq istifadə edilməlidir. Çünki yataqxana sahəsi nə qədər genişlədirilsə də, ilbəil artan tələbə tələbatını ödəyə bilməyəcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz