Əlaqə Arxiv
news Image
2017.08.22
11:42
| A A A
Dərmanlı yumurtalar Azərbaycana idxal olunurmu? Rəsmi açıqlama

Dünyanın bir sıra ölkələrində ərzaq yumurtalarında “Fipronil” adlı həşərat dərmanının aşkarlanması böyük səs-küyə səbəb olub. Beynəlxalq Qida Təhlükəsizliyi Ofisi açıqlama yayaraq artıq həşərat dərmanının Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa, İsveç də daxil olmaqla dünyanın 19 ölkəsində yumurtalarda aşkarlandığını bildirib. Bəs görəsən dərmanlı yumurtalarla bağlı Azərbaycanda da təhlükə varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Movqe.az-a açıqlamasında Azərbaycana xaricdən ərzaq yumurtası idxal edilmədiyini bildirib. Onun sözlərinə görə, ölkəmiz xaricdən yalnız damazlıq yumurta alır: “Məlum olduğu kimi dərman preparatı ərzaq yumurtalarında aşkarlanıb. Bu ildən ölkəmizdə məişət yumurtasına olan təlabat yerli istehsal hesabına ödənilir. Yalnız damazlıq yumurta Türkiyə, Ukrayna, Şimali Kipr, Gürcüstan və Boqarıstandan gətirilir. Bu ölkələrdə isə dərmanlı yumurta aşkarlanmayıb”. 
Y.Xanvəlinin sözlərinə görə, Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı xeyli müddətdir ki, yumurtalarda aşkarlanan bu dərmandan istifadəni qadağan edib: “ “Fipronil” adlı həşərat dərmandan toyuqlarda bit olarkən istifadə edilirdi. Amma xeyli müddətdir ki, bu dərmandan toyuqlarda həşəratları məhv etmək üçün istifadəyə qadağa var. Elə Azərbaycanda da bu dərmandan istifadə edilmir. Səbəb, toyuqlarda bit-birəni məhv etmək üçün vaxtıilə istifadə edilən bu dərmanın toyuğun yumurtasına keçməsidir. Yumurtada aşkarlanan “Fipronil” adlı həşərat dərmanı böyrək və ciyərlərə zərər vurur”.
Y. Xanvəli bildirib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, damazlıq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilmişdir. Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan damazlıq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməmiş, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olmuş, yumurtaların sağlam və yararlı olması müəyyən edilmişdir. Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyildir. Ölkəmizə idxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, istifadə üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəmizə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur". 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz