Əlaqə Arxiv
news Image
2017.08.22
12:46
| A A A
Turistlər istirahət güşələrini zibil poliqonuna çevirir-Nazirlik rəsmisindən narazılıq

Təbiət qoynunda dincəlmək üçün ölkəmizdə əlverişli şərait olsa da, çox vaxt yayın nəfəskəsən istisindən qaçıb kölgəsinə sığındığımız meşəlikləri də istirahət üçün əlverişsiz məkana çeviririk. Turistlər tərəfindən məişət tullantılarının təbiətə atılmasına təkcə meşələrdə, dağlarda rast gəlinmir. Elə füsünkar mənzərəsi olan, turistik bölgələrimizin çoxunda çay kənarları da zibil poliqonuna çevrilib. İstirahət etdiyimiz, məzuniyyət müddətində gəzib dolaşdığımız bölgələrin çoxunda eyni mənzərə ilə rastlaşdıq. İri, kölgəli ağacların çoxunun dibi yemək qalıqları ilə dolu idi. Məişət tullantıları ilə dolu olan sеllofan torbalar axan çayların kənarına düzülmüşdü.  Meşələri, dağları gəzdikcə insanların istirahət etdikləri yerlərdə xırdabuynuzlu heyvanların qalıqlarına da rast gəlmək mümkündür. Goranboy rayonu turistlərin yay aylarında ailəlikcə üz tutduqları əsas bölgələrindəndir. Havalar isinən kimi bu rayonun Yuxarı Ağcakənd və Başkənd qəsəbələri turistlərin oylağına çevrilir. Hər iki kəndin ortasından axan gur sulu Qaraçayın ətrafında isə turist əlindən yer tapmaq olmur. 

Qaraçayın kənarlarında, turistlər dincəldiyi ərazilərdə zibil qalaqlanaraq ətrafa pis qoxu yayır. Çayın nəinki ətrafı, içəri дя turistlər tərəfindən zibillənir. Bunu çayın içərisindəki ağac kötüklərinə ilişib qalan zibil torbaları, qarpız, yemiş qabıqları da təsdiqləyir. Kəsdiyi heyvanın dərisini çaya atanlar da az deyil. Bu cür mənzərə ilə Qaxın İlisu kəndində, Şəki dağlarının ətəyində də rastlaşmaq mümkündür.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov da Movqe.az-a açıqlamasında problemin ciddi olduğunu söyləyir. Onun sözlərinə görə, hər il yay mövsümündə meşələr,dağlar, çaylar təbiət qoynunda istirahət edən turistlər tərəfindən çirkləndirilir. 
Həmsöhbətimiz deyir ki, bəzən turistlər buna meşələrdə zibil qutularının olmamasını əsas gətirsələr də, əslində, bu tutarlı əsas sayıla bilməz: “Təcrübə göstərir ki, zibil qutularının olduğu yerlərdə də turistlər təbiəti zibilləyirlər. Meşələrə, çay kənarlarına zibil qutuları qoymaqla təbiəti təmiz saxlamaq mümkün deyil. Meşələrdə məişət tullantıları çala qazılaraq basdırılmalıdır. Göy-Göl Milli Parkında ötən il biz üç günlük sanitariya günü keçirdik. Üç gün Göy-Göl Milli Parkı turistlərin üzünə bağlı qaldı. İndi özünüz təsəvvür edin ki, turistlər  buranı nə qədər zibilləmişdilər. Halbuki Göy-Göl meşə ərazisində 150-dən çox zibil qabı var. Bundan əlavə, biz Milli Parka daxil olanlara sеllofan torbalar paylayırdıq ki, istifadə etdikləri ərzaqın zibilini həmin sеllofan torbaya yığsınlar. Amma buna da əməl etmirdilər”.
S. Salmanov deyir ki, meşələri, dağları, çay kənarlarını ən çox zibilləyən elə daxili turistlərdir: “Ailəlikcə meşəyə, dağa, çaya istirahətə yollananlar istifadə etdikləri ərzağın zibilini elə kölgəsində dincəldikləri ağacın altına, çaya atıb gedirlər. Əlbəttə, biz bu cür hallarla rastlaşanda dərhal tədbir görürük. Meşə fondunun kateqoriyasına görə, fərqli məbləğdə cərimələr tətbiq edilir. Bizim ölkə vətəndaşlarını meşəyə buraxmamaq səlahiyyətimiz də yoxdur. Çünki, meşələrdə istirahət etmək vətəndaşların konstitutsyon hüququdur”. 
S. Salmanovun sözlərinə görə, turistlərin çirkləndirdikləri ərazi bəzən bələdiyyələrin balansında olur: “Meşə fondunun ərazisi bələdiyyə əraziləri ilə həmsərhəddir. Çay kənarlarına bələdiyyələr tərəfindən nəzarət edilməlidir”.
S. Salmanov son illər meşə ərazilərinin təmiz saxlanılmasına diqqət yetirildiyini, turistlərin də bu qaydalara əməl etdiyini söyləyir: “Mаarifləndirmə tədbirləri öz nəticəsini verir. İnsanlar başa düşür ki, təbiəti zibilləmək olmaz. Əvvəlki illərdəki kimi meşələrdə zibil qalaqlarına rast gəlinmir. Zibil aşkarlanan kimi Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi ərazini təmizləyir”.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz