Əlaqə Arxiv
news Image
2017.08.24
09:40
| A A A
Turizm sənayesi uğurlarını artırır
İndi daha çox sayda ölkədən də Azərbaycana gəlmək istəyənlərin sayı sürətlə çoxalır

Hökumətin dəstəyi sayəsində turizm Azərbaycanda dinamik inkişaf edir. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur – rahat yollar, brend otellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri Azərbaycana turist axınını stimullaşdırır. Azərbaycanın füsunkar təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir. 

İndi təkcə ərəblər yox, digər ölkələrdən də Azərbaycana gəlmək istəyənlərin sayı artır. Cari ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı 
ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. Turistlərin ümumi sayında Rusiya 74 min 491 nəfərlə ilk yerdə qərarlaşır. Rusiyadan Azərbaycana qrup halında gələn turistlərin sayında artım müşahidə edilir. Rus turistləri isti, dəniz kənarında olan ölkələrə daha çox üz tuturlar ki, Azərbaycan da məhz belə diyardır. Sonrakı yerlərdə Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və İraq vətəndaşlarının sayı çoxluq təşkil edib. Qazaxıstandan isə müalicə turizmi üçün gələnlərin sayı çoxalıb. 
Bu il Azərbaycana ərəb ölkələrindən səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin birinci yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. 
Regionlar üzrə isə MDB, Avropa İttifaqı, Fars Körfəzi və Yaxın Şərq, Asiya, Afrika ölkələri, Amerika və Avstraliyadan Azərbaycana səfər edən xarici vətəndaşların sayında da artım müşahidə edilir. 
Respublikamızda daxili turizm də inkişaf edir, ölkə vətəndaşları yerli turizm məkanlarına üstünlük verirlər. Təsadüfi deyil ki, nüfuzlu xarici mətbu orqanlarında Azərbaycanın turizm potensialı haqqında məqalələr dərc edilir. Yazılarda zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.
İsti yay günlərində asudə vaxtı səmərəli keçirmək, yaxşı istirahət etmək üçün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş imkanlar var. 
Bu məqamda kənd turizmi daha çox diqqəti cəlb edir. Çünki kənd turizmi ən sərfəli və ən gözəl istirahət növüdür. Dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, həmçininn muxtar respublikada maraq getdikcə artır. 
Zəngin təbii turizm ehtiyatlar və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.
Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir. Kəndlinin öz evinin, yaxud həyətinin müəyyən bir hissəsini kirayə verməsi, turistləri gündəlik qida məhsulları ilə təmin etməsi yaxşı gəlir gətirir. Şübhəsiz, kəndin ekzotikası, şəhərli turistlər üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və faraş, eyni zamanda milli menyu ilə hazırlanan mətbəx nümunələri mühüm şərtlərdən sayılır. Başqa sözlə, şəhərli turistlər üçün yaşıllıq içərisində olan kənd həyatında çox maraqlı cazibə var.
Turistlərin sayının artmasında bölgələrdə yaradılmış şəraitin beynəlxalq səviyyədə tanıdılması da müəyyən rol oynayır. İndi Gəncədə İran, İraq, BƏƏ, Türkiyədən gəlmiş turistlərin sayı əvvəlki illərə nisbətən  40-50 dəfəyə qədər artıb. İraqlı turist Muhəmməd Əbu Əmir deyir ki, Azərbaycanda ona öz ölkəsindəki kimi rahatdır: “Bakının gözəlliyi, burda yaradılan abadlıq işləri və şəhərin gəzməli-görməli yerləri bizi valeh edir. Azərbaycana ilk dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir. Buradakı restoran və kafelər, eyni zamanda, otellər çox xoşuma gəldi. 
Ölkəniz haqqında İraqda dostlarımdan eşitmişdim. Ailəmlə birlikdə gəlmişəm, burda olduğum 10 gün müddətində digər şəhərlərinizi də gəzəcəyəm. Mətbəxiniz, musiqiniz, o cümlədən şəhərdə insanlarınızın qonaqlara qarşı olan xoş münasibəti bizi sevindirir. Biz Azərbaycanın hər zaman inkişafını istəyirik, çünki ölkənizin uğuru müsəlman dövləti kimi bizim də uğurumuzdur”.
Qeyri-neft sektorunun füsunkar sahəsi kimi turizm sənayesinin inkişafı ölkə büdcəsinə sanballı gəlir gətrirəcək. Çünki, bu sahənin inkişafına yönəldilmiş investisiyalar qısa müddətdə özünü doğruldur və uzun müddət xidmət üçün yararlı qalır. Yəni, bu sahənin yatırımı bir neçə dəfə artıq gəlir gətirir. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz