Əlaqə Arxiv
news Image
2017.09.13
16:11
| A A A
Məktəbli yarmarkalarından narazılıq-Reportaj-FOTOLAR

 Üzərinə “Məktəbli yarmarkası”, “məktəbli ləvazimatları topdan satış qiymətinə” yazılsa da, qiymətlərin elə də ucuz olmadığı alış-verişə gələn valideynlərin narazı ifadələrindən hiss olunurdu. “Adını məktəbli yarmarkası qoyub mağazaların qiymətinə satırlar dəftər-kitabı”, “Sədərəkdə 30 manata olan məktəbli çantaları burada 60 manatdır”, “Bu bahalıqda da dəftər olar? Bunun harası oldu yarmarka?” kimi giley-güzarla məktəbli yarmarkalarından əliboş çıxan valideynlərdən biri ilə elə yarmarkanın qarşısındaca həmsöhbət oluruq. Rəhilə Əliyeva adlı valideyn iki oğlunun məktəbli olduğunu söyləyir. R. Əliyeva ilə söhbət əsnasında öyrənirik ki, məktəbli yarmarkasına gəlməkdə məqsədi uşaqlarının əskik qalan bir neçə məktəbli ləvazimatını almaqdır: “Mən uşaqların məktəb bazarlığını demək olar ki, eləmişəm. Dünən iclasda müəllimləri əlavə bir neçə məktəb ləvazimatı, iş dəftəri tapşırdı. Gəldim ki, yarmarkadan onları alım. Amma görürəm ki, qiymətlər burada elə də ucuz deyil. Üzərinə topdan satış qiymətləri ilə satıldığı yazılsa da, mağaza qiymətlərindən heç nə ilə fərqlənmir. Mənim Sədərəkdən 30 manata aldığım, eyni firmanın məktəbli çantası burada 60 manatdır. Mən 40 vərəqli dəftəri 35 qəpiyə almışdım, burada 46 vərəqli dəftər 60 qəpikdir. Başqa o qədər müqayisəli qiymət deyərəm ki, məəttəl qalarsız. Elə içəridə özlərinə də dedim ki, adını ucuz yarmarka qoyub qiyməti “ceyranın belinə” qaldırmısız. Xoşlarına gəlməsə də, mənim kimi azı on valideyn qiymətdən narazı qaldığından alış-veriş etməyib çıxdı”.
R. Əliyeva deyir ki, rəngli karandaşların, plastilinlərin qiymətində 40, dəftər və kitab üzlərinin qiymətində ən azı 15-70 qəpik qiymət fərqi var: “Mən Sədərək ticarət mərkəzindən qələm qabını 3 manat 50 qəpiyə almışdım. Eyni qələm qabı baxıram ki, burda 5 manat 70 qəpikdir. Gəlmişdim uşaqların əskik-gərəklərini almağa. Amma istiqaməti dəyişməli oldum”. 
“28 may” metrostansiyasının yaxınlığındakı “Məktəbli yarmarkası”nda yerləşən məktəbli yarmarkalarında məktəbli ləvazimatlarının çeşidi bol olsa da, qiymətlər o qədər də ucuz deyildi. Yarmarkada həmsöhbət olduğumuz Pirzadə Orucova deyir ki, burada ancaq qələmlərin qiyməti digər yerlərlə müqayisədə aşağıdır: “Bayaqdan qiymətlərə baxıram. Yapışqan 2 manat, dəftər üzü 30 qəpik, kitab üzləri 3 manat 50 qəpik, 90 vərəqli dəftər 90 qəpik. 46 vərəqli dəftər 60 qəpik. Bircə qələm hər yerdə olduğu kimi 10 qəpikdən başlayır. Yəni, adı yarmarka olsa da, ucuzluqdan söhbət gedə bilməz. Hər yerdə necə, burada da qiymətlər elədir”.
P. Orucova ötən illə müqayisədə məktəbli ləvazimatlarının qiymətinin bahalaşdığını da söyləyir. Onun sözlərinə görə, ötən il 25-30 manata satılan çantaların qiyməti 40-45 manata qalxıb. Soruşanda satıcılar qiymət artımını dolların bahalaşması ilə əlaqələndirirlər. Deyirlər baha başa gəldiyi üçün baha satırlar”.
Valideyn iki övladının məktəb bazarlığına 300 manat xərc çəkdiyini deyir: “Bir uşağın xərci ən azı 150 manat tutur. Bəzi valideynlər var ki, az xərclədiklərini deyirlər. 50 manata məktəbli forması almışam. Ayaqqabısının, çantasının və digər məktəb ləvazimatlarının qiymətini də üzərinə əlavə eləsəm, hər uşağın məktəb bazarlığına ən azı 150 manat xərcləmişəm. Amma bu o demək deyil ki, bununla da uşaqların məktəb xərcləri yekunlaşır... Bəzi almadığım geyim və ləvazimatlar da qalıb. Onları da hesablasam, ən azı 50 manat iki uşağa xərcim əlavə çıxacaq. Uşaq üçün məktəbə termos almalıyam. Burada qiymətlərə baxıram. Görürəm yaxşı, keyfiyyətli termozların qiyməti ən azı 10 manatdır. Əlavə dəftər, maker və qovluq və ləvazimatlar da almalıyam. Ötən ilki qiymətlərlə müqayisədə xeyli bahalaşma var”.
Məktəb yarmarkalarında həmsöhbət olduğumuz satıcılar isə qiymətin yüksək olduğu fikri ilə razılaşmadılar: “Bircə çantaların qiyməti bahalaşıb. Buna da əsas səbəb çantaların xaricdən alınmasıdır. Qalan dəftər, qələm çoxu yerli maldır. Qimətlər münasibdir”. 
Məktəbli yarmarkalarında apardığımız müşahidələr zamanı məktəbli ləvazimatlarının çeşidinə görə qiymətinin də fərqləndiyini müşahidə etdik. Şahin adlıq satıcı bildirdi ki, valideynlərə yarmarkadan büdcələrinə uyğun alış-veriş etmək imkanı yaradılıb: “Burada hər bir məktəb ləvazimatının üzərində qiyməti yazılıb. Qələm var 10 qəpiyə, qələm də var 1 manat 20, 1 manat 50 qəpiyə. Kimin maddi imkanı yaxşıdır bahalısını, kimin də maddi imkanı aşağıdır ucuzunu alır. Məktəbli çantaları da həmçinin. Bayaq siz də gördünüz ki, valideynin biri mənimlə çantanın qiymətinə görə mübahisə elədi. Mən ona həm ucuz, həm də bahalı mal təklif etdim. Seçim onun özünündür. Bəzən valideynlər keyfiyyətli, amma qiyməti ucuz məhsul tələb edirlər. Burada məktəbli çantalarının qiyməti 15 manatdan başlayır. Ən bahalı çantanın qiyməti 65 manatdır. Biz heç kəsi məcbur etmirik ki, bahalı çanta alsın. İmkanı çatmır 15 manatlıq çanta alsın. Amma dərs ilinin sonuna qədər uşağın çantasının yırtılmayacağına, bel asqısının qopmayacağına cavabdeh də deyilik. Necə ayaqqabının bahalısını alanda 
uzun müddət geyinirik, çanta da həmçinin. 65 manat çantaya pul verən valideyn bilir ki, birinci sinifdə aldığı çantanı uşaq ibtidai sinifi başa vuranadək götürək”.
Məktəbli yarmarkalarında apardığımız müşahidələr zamanı qiymətlərin məhsulun istehsal edildiyi ölkəyə və firmasına görə dəyişdiyini öyrəndik. Burada ən ucuz pozanın qiyməti  30 qəpik, ən bahalısı isə 1 manata təklif edilirdi. Dəftər üzləri 20-30 qəpik, kitab üzləri  isə 70 qəpik, dəsti 3 manat 50 qəpik arasında dəyişirdi.  Yapışqanlar 30 qəpikdən 2 manata, xətkeşlər 30 qəpikdən 3 manata, kitab qoyub oxumaq üçün ləvazimat 3 manatdan 8 manata kimi müxtəlif qiymətlərə satılırdı. 
Plastilinin qiyməti 1 manat 50 qəpikdən 12 manata, rəngli kağızlar 70 qəpikdən 5 manata, sulu boya 1 manat 50 qəpikdən 6 manata, su qabları 3 manatdan 25 manatadək, 12 vərəq dəftərlər 12 qəpikdən başlayaraq  vərəq sayına görə 60, 90, 1 manat 30 qəpik arasında dəyişirdi. Rəngli karandaşların qiyməti 80 qəpikdən 5-6-7 manata, qovluqlar 30 qəpikdən 18-27 manata, məktəbli çantalarının qiyməti isə 15-65 manat arası təklif olunurdu. Qələm qablarının qiyməti isə 2-3-7-15 manatadək dəyişirdi. Bu il ilk dəfə kurikulum əsasında çap olunan gündəliklərin qiyməti isə 3 manat idi. Valideynlər müəllimlərin qiymətləndirməni bu gündəliklə aparacaqlarını, ona görə də 1 manat 50 qəpiyə təklif edilən gündəlikləri almadıqlarını söylədilər. Satışda qiyməti kifayət qədər baha olan məktəb ləvazimatları arasında rəsm albomları da vardı. Rəsm albomlarının qiyməti 1 manatdan başlayaraq 8 manatadək yüksəlirdi. Amma valideynlərin xərci bununla da bitmir. 
Övladına məktəbli forması alanların çoxu yollarını bu ildə Bakı Tikiş Evinin (BTE) qarşısındakı geyim mağazasından salmışdılar. BTE-nin istehsalı olan məktəbli formalarının qiyməti ölçüsünə görə dəyişirdi. 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edirdi. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlərin də qiyməti 8 manata satılır. Burada övladı üçün tək şalvar və ətək almaq üçün də ölçülərə əsasən ayrıca qiymətlər müəyyənləşib. Apardığımız müşahidələr zamanı satışda uşaq ayaqqabılarının qiymətində də artım olduğunu öyrəndik. Valideynlərlə söhbət zamanı məlum oldu ki, dəri ayaqqabıların qiymətində 15-20 manatadək bahalaşma var. Lamiyə Nəzərova ötən il 38 manata aldığı firmanın istehsalı olan dəri ayaqqabının qiymətinin bu il 45 manatadək, digər övladına 40 manata aldığı ayaqqabının qiymətinin isə 55 manata yüksəldiyini söyləyir: “Dəri olmayan ayaqqabıların da qiyməti 10 manata, 15 manatadək artıb. Ötən il satışda 15-18 manata ayaqqabılar vardı. Bu il qiymətləri 25-27 manata qalxıb”.   
Valideynlər məktəb ərəfəsi möhtəkirlərin süni qiymət artımına da yol verdiklərindən gileyləndilər...Onların sözlərinə görə, bazarda məktəbli ləvazimatlarının bolluğu müşahidə olunsa da, qiymətlər təxminən elə hər yerdə eynidir...

Reportajı hazırladı: Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz