Əlaqə Arxiv
news Image
2013.03.01
16:31
| A A A
Sutəmizləici qurğularla bağlı iddialara cavab verildi
Eyyub Hüseynov: «Ölkədə müstəqil ekspertiza lazımdır ki, keyfiyyətli və keyfiyyətsiz su filtlərini aydınlaşdırsın» Zakir Səmədov: «Həmin qurğulardan düzgün istifadə olunsa, yaxşı effekt almaq olar»

Anar Cəbrayıllı : "Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək"


İradə İbrahimova: "Sutəmizləyən qurğuların normal işləmədiyi, tez-tez problemlərin çıxması fikri ilə heç də razı deyiləm"


Bu gün ölkə regionlarında əhalinin içməli su ilə təmini üçün sutəmizləyici qurğuların inşası xüsusi diqqət mərkəzində yer alır. Lakin istifadəyə verildikdən müəyyən müddət keçdikdən sonra həmin qurğuların bir hissəsinin sıradan çıxmasına dair vaxtaşırı yayılan məlumatlar da səngimir. Digər tərəfdən əhali özü də fərdi şəkildə sutəmizləyici filtrlər alaraq ondan istifadə etməkdədir. Məsələ ilə bağlı Movqe.az-a danışan Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir: "Ölkədə sutəmizləyici qurğular problemli məsələdir. Əsasən də Muğan yerində kanal və ya suvarma suyunu duruldur, ya da daşla süzüb içirlər. Əhali əslində əkin və yeraltı sulara qarışan suyu içir. Hazırda sutəmizləyici qurğuların bazarda böyük rəqabəti var. Sutəmizləyici qurğuların qiyməti 200 manatdan 600 manatadək dəyişir, bəzən hətta 3000 manata da qalxır.

Lakin ölkədə müstəqil ekspertiza lazımdır ki, keyfiyyətli və keyfiyyətsiz su filtlərini aydınlaşdırsın. Bu gün hər bir su təmizləyən qurğulara setifikat verilir. Bu da yanlışdır".

Ekoloq Zakir Səmədov bu tip qurğuların normal işlədiyini qeyd edir: "Bu qurğular çox yerdə bugün quraşdırılır. Şəhərə, qəsəbələrə, kəndlərə içməli su verilir. İçməli suyu təmizləmək üçün qurğular tikilir, istismara verilir. Həmin qurğulardan düzgün istifadə olunsa, yaxşı effekt almaq olar. Onu düzgün yerlərdə istismar etmədikdə isə nəticə yaxşı olmur, narazıçılıq əmələ gəlir. Lilli sullar götürülüb təmizləndiyi zaman lil həddindən çox olduğu üçün də effektiv nəticə alınmaya bilər".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə son dövrlərdə quraşdırılan su qurğuları barədə məlumat verib : "2011 ci ildə sentyabrın 8-də cənab Prezidentin iştirakı ilə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyulub. Bu qurğunun məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək. 2013-cü ildə biz onu istismara verməyi düşünürük. İstismara verildikdən sonra biz Bakı şəhərinin böyük hissəsinin fasiləsiz su təchizatı problemini həll etmiş olacağıq. Bir çox qəsəbələrdə (Pirallahı, Digah, Qala, Şağan, Zirə və s. ) əhalini su ilə təmin edəcəyik. Bu qurğu istismara verildikdən sonra Bakı şəhər və Abşeron qəsəbəsində 1 milyon əhalinin su təchizatı daha da yaxşılaşacaq. Bundan əlavə bizim 2 böyük sutəmizləyici qurğumuz var. Biri Ceyranbatan sutəmizləyici qurğusu, digəri isə Kür su təmizləyici qurğu kompleksidir. Bunlardan başqa Bakı şəhərinə Xaçmaz, Oğuz və Qəbələdən birbaşa çıxarılıb, kəmərlə su nəql olunur. Hazırda Mingəçevirdə və Lənkaranda iki su təmizləyici qurğu tikirik. Burdan da biz təmizlənmiş suyu Lənkaranın 10-dan çox kəndinə və başqa ərazilərə verəcəyik".

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə regionlarda quraşdırılan sutəmizləyici qurğuların saz vəziyyətdə olduğunu və onların nasazlığı ilə bağlı şikayətlərin əsassız olduğunu diqqətə çatdırdı. Bunu rayonlardan kifayət sayda gələn təşəkkür məktublarının da təsdiq etdiyini qeyd etdi: "Sutəmizləyən qurğuların normal işləmədiyi, tez-tez problemlərin çıxması fikri ilə heç də razı deyiləm. Bu qurğular işləməyə bilər. Amma gün ərzində problemlər tez bir zamanda aradan qaldırılır. Bizim sayta daxil olsanız, görə bilərsiniz ki, su təmizləyən qurğularla bağlı bizə nə qədər təşəkkür məktubu gəlir. Hətta bəzi rayon sakinləri bu tip qurğuların tez bir zamanda onların yaşadıqları yerlərdə də quraşdırılmasını xahiş edirlər. Sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin layihələndirilməsində kənd icmasının nümayəndələri, kənd ağsaqqalları, bələdiyyələr, icra nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak edir və tərtib olunan işçi və dövlət aktları bütün aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra sutəmizləyici qurğular müvafiq kənd bələdiyyələrinin istismarına verilir".


Sizin Reklam Yeriniz