Əlaqə Arxiv
news Image
2017.09.19
15:44
| A A A
Ərəb turistlərə Azərbaycanda kirayə verilən avtomobillərlə bağlı ciddi problem

Ölkəmizə turist axını kirayə avtomobil bazarında da canlanma yaradıb. Azərbaycana səyahət etmək istəyən əcnəbilər ölkəmizə gəlməmiş də onlayn avtomobil kirayələyə bilərlər. Kirayə avtomobil bazarına tələbat bu sahədə fəaliyyət göstərən şirkətlərin də sayını artırıb. İllər öncə kirayə avtmobilləri ayrı-ayrı şəxslərdən müxtəlif ərazilərdə nağd sövdələşmə ilə əldə etmək mümkün idisə, artıq bu sahədə ölkəmizdə peşəkar fəaliyyət göstərən şirkətlər yaranıb. Amma ölkəmizə gələn turistlər hələ də avtomobil kirayəsi sahəsindən tam razı deyillər.

Turistlərin tələbinə cavab verən avtomobillər çatışmır...

Bunu nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da təsdiqləyir. A. Allahverənov deyir ki, ölkəmizə gələn turistlər arasında avtomobil kirayələməyə maraq göstərənlərin əksəriyyəti ərəb turistlərdir: “Ərəb turistlər ölkəmizdə daha çox ov turizminə maraq göstərir. Onlar belə halda ova getmək üçün avtomobil kirayələməli olurlar. Kirayə avtomobil təklif edən şirkətlərin isə çoxunun avtoparkında ov üçün yararlı avtomobillər yoxdur. Dəfələrlə olub ki, qrupla ova getmək istəyən ərəb turistlər lazımi sayda, onların tələblərinə uyğun avtomobil tapa bilməyiblər. Onlar üçün tələb olunan markada avtomobil digər şəxslərdən icarəyə götürülərək verilib. Bir neçə il öncə ilə müqayisədə ölkəmizdə kirayə avtomobil bazarı inkişaf edib. Bu isə sözsüz ki, Azərbaycanda turizmin inkişafı ilə bağlıdır. Ona görə də, kirayə avtomobil verən şirkətlər də çalışmalıdırlar avto parklarında tələbata uyğun modeldə avtomobillər olsun. Yəni turistlərin bu tələbatına adekvat avto park yaratmalıdırlar”.

A.        Allahverənov deyir ki, tələbat artdıqca kirayə avtomobil verən şirkətlərin də sayı artmaqdadır. Ekspert turistlər üçün rahat şəkildə onlayn sifarişlə nəqliyyat vasitəsi kirayələmək üçün sözügedən şirkətlərin saytlarının bir neçə dildə fəaliyyət göstərməsinin də vacib olduğunu vurğulayır. Onun sözlərinə görə, ölkəmizə turist axınının yaxın gələcəkdə daha da artması, kirayə avtomobillərə də tələbatı artıra bilər. Bu isə kirayə avtomobil bazarında qiymətlərin ucuzlaşmasına da təsir göstərəcək.

Kirayə avtomobillərin qiyməti “ceyranın belində”-üç günü 1200 manat

Qiymətlərə gəlincə, kirayə avtomobil icarəyə verən şirkətlərin onlayn internet resurslarında apardığımız kiçik araşdırmalar zamanı qiymətlərin o qədər də ucuz olmadığı üzə çıxdı. Məlum oldu ki, Bakıda avtomobilin icarəsi üzrə xidmətlərin tarifləri seçilmiş avtomobilin markasından, hansı sinfə aid olmasından və icarənin müddətindən asılıdır.

Məsələn, “Kia Picanto” avtomobilinin bir günlük icarə haqqı 45 manat təşkil edir. Bir həftəlik icarəyə görə bu avtomobilə 280, bir aylıq müddətə isə 750 manat ödəmək tələb olunur. “Chevrolet Aveo” avtomobilinin bir günlük icarə haqqı 45, bir həftəlik 280, bir aylıq isə 800 manatdır. “Toyota Corolla” bir günlük 50, bir həftəlik 350, bir aylıq isə 900 manata icarəyə veirlir. “Toyota Prado” markalı avtomobilin isə bir günlük icarə haqqı 110 manatdır. “Toyota Land Cruiser” avtomobilini üç gün sürmək arzusunda olanlar 1200 manat, 10 günə isə 3500 manat ödəməlidirlər. “Range Rove” markalı avtomobilin üç günlük icarə haqqı 1350, 10 günlük isə 4000 manatdır. Amma araşdırma zamanı bəlli oldu ki, qonşu ölkələrdə kirayə avtomobillərin qiyməti bizdəki qiymətlərdən iki dəfə böyükdür. Azərbaycanda bir günü 50 manata kirayə verilən avtomobillər qonşu Gürcüstanda 100 manatdan aşağı deyil. 

Kirayə avtmobilləri kimlər götürə bilər? Şərtlər...

Avtomobil icarəsi ilə məşğul olan şirkətlərdən öyrəndik ki, icarəyə nəqliyyat vasitəsi götürmək istəyənlər bəyəndiyi avtomobili seçərək gəliş və yola düşmə tarixi barədə onlara məlumat verməlidirlər: “Biz öz növbəmizdə biz sizin üçün ən optimal şərtlərə görə lazımi xidməti seçəcəyik. Avtomobil kirayəsi ən azı iki gün müddətinə həyata keçirilir. Müddətin hesablanması avtomobilin qəbul-təhvili haqqında aktın imzalandığı andan başlayır. Kirayənin tam ödənişi müştərinin avtomobili aldığı zaman həyata keçirilir. İcarə zamanı 300 manat məbləğində sığorta depoziti qoyulmalıdır ki, sınma və ya YNH-nin baş vermədiyi halda bu məbləğ müştəriyə geri qaytarılır. Ödəniş nağd pulla və yaxud onlayn ödəmə ilə qəbul edilir”.

Avtomobil icarəyə verən şirkətlərlə əlaqə zamanı məlum oldu ki, əlində sürücülük vəsiqəsi olan hər şəxs kirayə avtomobil götürə bilməz. Belə ki, kirayə avtomobil verən şirkətlərin də müştərilərə diktə etdiyi şərtlər var. İlk əsas şərt ondan ibarətdir ki, atonəqliyyat vasitəsini icarə edən şəxsin ən azı 21-24 yaşı olmalıdır. Avtonəqliyyat vasitəsindən istifadə edən şəxs şəxsiyyət vəsiqəsini və ya beynəlxalq  ID-kartı  və beynəlxalq sürücülük vəsiqəsini təqdim etməlidir. İcarə avtomobildən istifadə edən şəxs ən azı 1 il sürücülük təcrübəsinə malik olmalıdır. Belə halda avtomobillərin Bakıda kirayə tarifinə avtomobillərin oğurluq, qəza və üçüncü şəxslərə zərərin vurulmasına qarşı sığortası daxildir.Yanacaq xərci,yuma dəyəri, dayanacaq haqları, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi, avtomobilin daxildən və xaricdən zədələnməsi, eləcə də şinlərin zədələnməsi avtomobilin kirayə tarifinə daxil deyil. İcarə müddəti bitəndən sonra növbəti gündə depozit tam ölçüdə müştəriyə qaytarılır. Bütün avtomobillər, icbari və KASKO polisi üzrə sığortalanır”.

Əcnəbi turistlərin cərimə problemi-“İmza atmaları üçün geri qayıtmaları tələb olunur”

Apardığımız kiçik araşdırma zamanı avtomobillərin kirayəsi ilə bağlı şərtlərin o qədər də ağır olmadığı üzə çıxdı. Avtomobil icarəsi ilə məşğul olan şirkətlər də əsas problemlərinin yol hərəkəti qaydası pozuntusuna görə ödənilən cərimələrdə olduğunu söylədilər. Bu sahədə fəaliyyət göstərən şirkətlərdən birinin, “Avtopark Baku” nun rəhbəri Nihal Hüseynzadə deyir ki, yol polisləri əcnəbilərin cərimələrinin ödənilməsində onlara problemlər yaradır: “Bizim əsas müştərilərimiz turistlərdir. Ərəb turislərin ölkəmizə axınından sonra müştərilərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Müştərilər çox az halda yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin ödənilməsindən imtina edirlər. Bizim belə problemimiz demək olar ki, olmur. Çünki, turistlər ödəməni çox vaxt  kartla edirlər. Bu zaman icarə haqqından əlavə depozit də saxlanılır. Əgər turist kirayə avtomobili təhvil verib gedəndən sonra cəriməsi olduğu üzə çıxarsa, onun cəriməsi depozitdən ödənilir. Qeyd edim ki, Asan paydan SMS vasitəsi cərimələr barədə məlumatlar göndərilir. Biz bilirik ki, icarəyə avtomobil götürən şəxs harada qayda pozuntusuna yol verərək cərimələnib. Düzdür, bəzəm cərimə barədə məlumat sistemə gec düşür, bizə məlumat gec gəlir. Amma bu icarə haqqını kartla ödəyən müştərilərdə heç bir problem yaratmır. Dediyim kimi biz bu zaman depozitdən cərimə məbləğini çıxırıq. Avtomobilin icarə haqqını nağd ödəyən müştərilər isə avtomobili təhvil verəndə onunla şifahi danışıq aparırıq ki, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi onun üzərinə düşür. Bizim üçün əsas probelem yaradan məsələ, əcnəbi turistlər getdikdən sonra onların cərimələrinin ödənilməsindədir. İcarəyə verilən avtomobilin sürücüsünün yol hərəkəti qayda pozuntusuna görə cəriməsi şirkətin adına gəlir. Bu zaman cərimə sistemə düşsə də qərar çıxmadığından ödənilməsi mümkün olmur. Biz şirkət olaraq məcburuq ki, protokola qərar vurdurmaq üçün yol polis idarəsinə gedək. Orada isə bizdən  yol hərəkəti qaydasını pozan sürücünün gəlməsini tələb edirlər. İndi təsəvvür edin ki, bizdən icarəyə avtomobil götürüb idarə edən sürücünün, hansısa turistin yenidən ölkəyə qayıtmasını tələb edirlər. Axı biz turisti yenidən ölkəyə qaytara bilmərik.Turistlər avtomobili icarəyə götürərkən bizimlə müqavilə bağlayırlar ki, hansı müddətdən hansı müddətədək avtomobili idarə edəcəklər. Biz də yol polisinə həmin müqaviləni təqdim edərək sübut edirik ki, şirkətə məxsus avtomobillə qayda pozularkən sükan arxasında həmin vaxt bu sürücü olub. Biz bunu müqavilə ilə sübut edirik. Yol polisi isə o müqaviləni qəbul etməyərək, sürücünün özünün gəlməsini tələb edir. Onların tələbinə görə, protokola qərar vurulması üçün mütləq əcnəbi turist yenidən Azərbaycana qayıtmalıdır. Belə halda biz də şirkət olaraq həmin turistin ölkəyə gəliş-gediş xərclərini qarşılamalıyıq. Biz yol polisinin bu tələbini turistlərə deyəndə onlar təəcüblənirlər. Özləri də deyir ki, dünyanın heç bir ölkəsində yol hərəkəti qaydası pozuntusuna görə tərtib olunmuş protokola sürücünün imza atması tələb olunmur. Bu da yol polisinin bizdən bu bəhanələrlə əlavə qanunsuz pul tələb etməsinə gətirib çıxardır. Yol hərəkəti qaydası pozuntusunda protokola digər sürücülərdən imza tələb olunmasa da, şirkətə məxsus avtomobillərlə bağlı bu cür tələb qoyulub. Qeyd etdiyim kimi bizim əsas müştərilərimiz turistlərdir. Ərəb turistlər avtomobil icarəyə götürmək yə daha çox müraciət edirlər. İndi biz ölkəyə gəlib bir neçə gün avtomobil kirayələyən ərəbi yenidən necə Azərbaycana gətirə bilərik? Aidiyyatı qurumlardan çox xahiş edirik ki, bu problemə son qoyulsun.

Qanunsuzdur!

Hüquqşunas Ərşad Hüseynov isə deyir ki, yol polisinin qanunla protokola qərar vurulmasına görə sürücünü imza atmaq üçün yol polisi idarəsinə dəvət etməsi qanunsuzdur. Ə. Hüseynovun sözlərinə görə, avtomobil icarəyə verən şirkətlər buna görə də avtomobili hansı sürücüyə icarəyə verirsə, DYP-ə avtomobilin həmin sürücü tərəfindən idarə edildiyi barədə məlumat verməlidir. Belə olan halda DYP-nin elektron məlumat bazasında qayda pozuntusu zamanı həmin sürücünün adı çıxdığından, protokol da sürücünün adına tərtib edilir.

Bir yolu var, amma...

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, avtomobil icarəyə verən şirkətlər hüquqi şəxs olduğundan, cərimələrin həmin şirkətin adına göndərilməsi qanuna uyğundur. O ki, icarəyə verilən avtomobillə yol hərəkəti qaydası pozuntusuna görə tərtib olunmuş protokola qərar verilməsi üçün sürücünün imzasının vacibliyinə, K. Əliyev bu məsələni belə şərh etdi: “Hüquqi şəxslər sürücü haqqında mərkəzi informasiya sisteminə 5 gün ərzində məlumat verməlidirlər. Bu müddətdə məlumat vermədiklərinə görə, hüquqi şəxslərin  özünə məsuliyyət yaranır. Şirkətlər sürücü ilə bağlı yanlış məlumat da verə bilər Aidiyyatı olmayan adamın da adını sürücü kimi göstərə bilər. Ona görə də, qərarın çıxarılması üçün sürücünün imzası tələb olunur”.

K. Əliyev məsələni yoluna qoymağın yollarından birinin avtomobili icarəyə götürərək idarə edən sürücünün plastik kartının bloklanmasında olduğunu söyləyir: “Yaxşı olar ki, bizdə də ayrıca xarici vətəndaşlara nəqliyyat vasitələrinin icarəyə verilməsi ilə bağlı ayrıca qaydalar ola. Amma indi şirkətlər bunu plastik kartın hesabına blok qoymaqla da yoluna qoya bilərlər. Bu zaman protokol yazıldıqda elektron sistemdə həmin sürücünün adı çıxacaq. Kartın üzərindəki məlumatlarla sistemdəki məlumatlar üst-üstə düşərsə bu avtomobilin həmin şəxs tərəfindən icarəyə götürülərək sürüldüyünü təsdiqləyər. Bu zaman cərimənin qərar olmadan plastik kartın hesabından da ödənilməsi mümkündür. Bu həm də şəffaflığa xidmət edər. Əcnəbi turist də öz hesabından nə qədər məbləğdə hansı qurumun hesabına köçürmə olduğunu görə elektron kabinetdə görə bilər”.

N. Hüseynzadə isə bankların qərar olmadığı barədə cərimə ödənişini qəbul etmədiyini söyləyir.

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz