news Image
2013.03.01
17:16
| A A A
Özəl kliniklar xidmət yenə baha başa gəlir
Adil Qeybulla: «Qiymətlərin baha olması klinikadakı cihazın növündən, onların qiymətindən, klinikanın öz nüfuzundan, chek-up müayinəsinə baxan mütəxəssisin təkmilləşməsindən aslıdır» Səfayə Əliyeva: «Özəl klinika sahibləri özləri qiymətləri müəyyən edirlər»

Danılmaz həqiqətdir ki, bu gün ölkədə əhalinin çox az hissəsi ildə heç olmasa bir dəfə tam tibbi yoxlamadan keçir. Böyük əksəriyyət isə orqanizmdə hansısa fəsad yaranmayana qədər həkimə müraciət etməyi lüzum görmür. Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ildə heç olmasa bir dəfə tam tibbi müayiənədən keçmək və ya müasir dillə desək, chek-up olmaq lazımdır. Mütəxəssislər chek-up-ı 45 yaşına qədər ildə 1 dəfə, 45 yaşından sonra 6 ayda bir dəfə olacaq şəkildə edilməsini təklif edirlər.

Lakin o da faktdır ki, chek-up-lar üçün ölkəmizdə əsas etibarı ilə özəl klinikalar tərəfindən təklif olunan qiymətlər çox yüksəkdir. Belə təkliflər səslənir ki, dərmanların qiymətini tənzimləməyə hazırlaşan dövlət özəl kliknikalarda da müayinələrin qiymətinə əl gəzdirsə, yaxşı olar. Bu barədə Movqe.az-a danışan ekspert Adil Qeybulla bildirir: "Dövlət klinikasında chek-up müayinə geniş yayılmayıb. Sadəcə olaraq cərahiyyə əməliyyatı olan yerlərdə daha çoxdur. Əslində, chek-up müayinə üsulundə ənənəvi müayinə üsulları var. Biz də o cür gedirik. Hər bir özəl klinikada isə mütəxəssislər chek-up müayinə planı hazırlayır. Məsələn, ürək xəstələri ürək chek-up-ına yazılır. Bu zaman qanın laxtalanması, ürəyin kardioqramması və s. müayinələr qeyd olunur. Başqa xəstəliklər üzrə də eyni proses aparılır.

Qiymətlərin yüksək olması bəllidir. Aydın məsələdir ki, hansı özəl klinikada qiymət daha yüksəkdirsə, ora daha keyfiyyətli və düzgün diaqnoz qoyur. O qiymətləri də klinika özü müəyyən edir. Qiymətlərin baha olması isə klinikadakı cihazın növündən, onların qiymətindən, klinikanın öz nüfuzundan, həmin chek-up müayinəsinə baxan mütəxəssisin təkmilləşməsindən aslıdır. Chek-up-a qiymət qoyularkən təbii ki, bütün bu proseslər nəzərə alınır. Bu tip müayinələrdə qiymətlərin unifikasiyasına gəldikdə isə bu proses real deyil. Özəl klinikalarda chek-up müayinəsi fərqli olmalıdır. Qiymətlərin müəyyən həddi aşmamasına nəzarət etmək olar. Nəzərə alsaq ki,bu qiymətlər dünya bazarından xeyli aşağıdır və biz gec-tez buna gəlib çıxmalıyıq, bu zaman məsələ bir az dramatikləşir. Əhali özü də seçim eləməlidir. Cibinə uyğun yerdə müayinə və müalicə olunmalıdır. Bütün klinikalardan eyni münasibət gözləmək düzgün deyil. Qiymətlərin tənzimlənməsinə Nazirlər Kabinetinin müvafiq qurumları, Tarif Şurası bir daha baxmalıdır. Azərbaycan ərazisində müayinə üsullar kodlaşdırılıb, müəyyən standart tətbiq olunmalıdır. Dünyanın hər yerində bu chek-up məsələsi əlverişlı sayılır. Çünki xəstə o müayinədən proflaktik olaraq keçir, bəzi gizlin xəstəliklər o zaman aşkarlanır".

Səhiyyə Nazirliyinin təmsilçisi Səfayə Əliyeva chek-up müayinə ilə bağlı Movqe.az-a aşağıdakıları bildirib: "İl ərzində bir neçə dəfə nazirlikdə yaradılmış müvafiq komitə həmin klinikalarda sanitar gigiyenik qaydalara əməl olunub-olunmaması, işin keyfiyyəti barədə monitorinqlər aparır. Amma qiymətlərin tənzimlənməsinə nazirlik baxmır. Sadəcə onu deyə bilərəm ki, insanların seçim hüququ var. Hamı hara getdiyini əvvəlcədən çox yaxşı bilir. Dövlət müəssisələrində bütün xidmətlər mövcuddur və pulsuzdur. Özəl klinika sahibləri isə özləri qiymətləri müəyyən edirlər. Çünki özləri sahibkardılar. Təbii ki, gələn gəlirləri və xərcləri əsasında hər bir müayinənin qiymətini təyin edirlər. Yəqin özəl klinikalardakı chek-up-ın qiymət fərqi də onların xərcləri, avadanlıqları ilə bağlı olur. Bu gün klinikalar arasında rəqabət var. İnsanlar öz maliyyə vəsaitinə görə seçim edə bilirlər. Hansı ucuzdur ona gedirlər".

Bəzi insanlarda formalaşan fikirə görə hansı yer daha bahalıdırsa, chek-up xidməti və ya başqa xidmətlər orada daha yaxşıdır fikrinə Səfayə Əliyeva belə cavab verib: "İnsanlar daha çox öz sağlamlığını düşünməlidirlər. Harada daha keyfiyyətli müalicə və müayinə varsa ora da müraciət etməlidirlər. İstər dövlət, istərsə də özəl... Keyfiyyət qiymətlə ölçülmür".