Əlaqə Arxiv
news Image
2017.09.21
09:10
| A A A
İctimai nəqliyyatda xaos yaradan sürücülər
Əliməmməd Nuriyev: “Prosesə nəzarət güclənsə, habelə sərnişin daşıma sahəsində standartlar qəbul edilərsə, neqativ məqamların qarşısını almaq mümkün olacaq”

Bakıda baş verən avtobus qəzalarının təhlili göstərir ki, daşıycı şirkətlərin sahibləri hələ də sürücülük hüququ olmayan şəxslərə ictimai nəqliyyatı həvalə etməkdə davam edirlər. Eyni zamanda tələblərə cavab verməyən bəzi sürücülərə də avtobus həvalə edilir. 

Düzdür, kart sisteminə keçilən ictimai nəqliyyatda belə hallara demək olar ki, artıq rast gəlinmir. Amma məsələ ondadır ki, hələlik heç də bütün marşurut avtobusları kart sisteminə keçməyib. Tələblərə cavab verməyən və hətta sürücülük hüququ olmayanların avtobusları idarə etməsi halları da əsas etibarı ilə kart sisteminə keçilməyən ictimai nəqliyyat vasitələrində baş verir. Bu məsələ necə həllini tapmalıdır? 
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, tələblərə cavab verməyən və sürücülük vəsiqəsi olmayanların marşurut avtobuslarını idarə etməsinə son qoymaq üçün standartlar müəyyən edilməli və nəzarət gücləndirilməlidir: “Doğrudur, bir sıra marşurutlarda hələ də hərəkət sürəti Bakı şəhərində mövcud sürət qaydalarına uyğun olmur. Yəni, sürücülərin bəziləri hələ də paytaxt yollarında nəzərdə tutulan sürətdən artıq sürətlə hərəkət etməkdə davam edirlər. Bu prosesin qarşısını almaq üçün müəyyən addımlar atılıb.  Avtobuslarda kart sistemi tətbiq edildi. Belədə müştəri uğrunda mübarizə aparmaq üçün sürətdən istifadə məsələsi xeyli dərəcədə azalıb.  Amma proses heç də bütün marşurutları əhatə etməyib. 
Bəzi marşurularda kart sisteminin tətbiq edilməsinin hələlik baş tutmaması ilə əlaqədar olaraq sürücülər müştəri uğrunda sürət yarışını davam etdirirlər. Bu mənada düşünürəm ki, bütün marşurutlar üzrə kart sisteminin tətbiq edilməsilə tələblərə cavab verməyən və ümumiyyətlə, sürücülük vəsiqəsi olmayanlara ictimai nəqliyyatın həvalə edilməsinə birdəfəlik son qoyulacaq. Təhlillər göstərir ki, bəzi daşıyıcı şirkətlər sürücülük hüququ olmayan şəxslərlə müqavilə imzalamaqda davam edirlər. Sərnişin daşınması ən mürəkkəb bir daşınmadır. Burada müvafiq sürücülük kateqoriyasına və xüsusi bilik və bacarığa malik olan şəxslər  işləməlidir. Hələ sovet dövründə bu istiqamətdə qoyulan tələblər yüksək idi. İndi isə bu istiqamdə standartlar yoxdur. Ona görə də fikrimcə, ilk öncə həmin standartlar müəyyənləşməlidir. Bu standartlar qəbul edildikdən sonra da bir tələb olaraq ortaya qoyulmalıdır. Bununla belə daşıyıcı şirkətlər, nəzarətedici qurum sürücülərdən müəyyən standartlar tələb etməlidir. O baxımdan ilk növbədə sürücülərin sərnişin daşımaq hüququna malik kateqoriya üzrə sürücülük vəsiqəsinin olması zəruridir. İndiki halda isə prosesə nəzarətin zəifliyi məsələsi belə neqativ halların baş verməsinə rəvac verən amillərdən biridir. 
Şirkətlər üzün sürücülük hüququ olmayan şəxslərlə müqavilə bağlamaq daha asandır. Çünki şirkətlərin onlarla aşağı əmək haqqı müqabilində danışmaq daha asan olur. Peşəkar sürücü isə daha yüksək əmək haqqı tələb edə bilər. Bu amil daşıyıcı şirkətlərə sərf etmir. Həmin vəziyyət də onların bir çox hallarda sürücülük vəsiqəsi olmayanlara da sükanı həvalə etmələrinə gətirib çıxarır. Ona görə də sürmək vərdişləri olan istənilən şəxsi dərhal ictimai nəqliyyata sürücü kimi götürürlər. Bu zaman hətta onun daşımaq hüququna malik olub-olmadığını müəyyənləşdirmək üçün kateqoriyasına da baxmırlar. 
Məhz nəzarətin çox zəif olması belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Burada sosial müdafiə ilə bağlı məsələlər yetərincə həll olunmayıb. Eyni zamanda, nəyin bahasına olursa-olsun, daha çox gəlir əldə etmək məsələsi daşıyıcı şirkətlər üçün prioritet təşkil edir. 
Prosesə nəzarət güclənsə, eyni zamanda sərnişin daşıma sahəsində standartlar qəbul edilərsə, bu kimi neqativ məqamların qarşısını almaq mümkün olacaq. 
Digər tərəfdən, himayəçilik halının qarşısı alınmalıdır ki, məsələyə daha diqqətli yanaşma olsun. Polis yol hərəkət qaydalarını pozanlara qarşı əlbəttə ki, sərt tədbirlər görür. Amma sərnişin daşıma məsələsində onlar müəyyən “güzəştlərə” gedirlər ki, bu da həmin sahədə neqativ halların olmasına əlavə imkanlar yaradır. Daşıyıcı şirkətlər bir sıra hallarda yol polisinin fəaliyyətinə müəyyən qədər təsir etmək imkanına da malikdir. Ona görə də sürücülük vəsiqəsi olmayanların ictimai nəqliyyatı idarə etməsi kimi halların şahidi olmaqda davam edirik”.
 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz