Əlaqə Arxiv
news Image
2017.09.21
13:05
| A A A
Əhalinin maddi rifah halı yenə diqqət mərkəzindədir
Mais Səfərli: “Sosial sahələrə daha geniş önəm verilməsi əhalinin rifah halının daha da yaxşılaşması, əmək haqlarının artırılması, yeni iş yerlərinin açılmasına rəvac verəcək” Aydın Mirzəzadə: “Sosial sahəyə diqqətin artırılması əhalinin daha yaxşı yaşamasına, az gəlirli təbəqənin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq”

2018-ci ilin dövlət büdcəsində həmişəki kimi sosial sahəyə diqqət yetiriləcək. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Bu fonda demək olarmı ki, gələn il ərzində əhalinin maddi rifah halı daha da yüksələcək?

Yurddaş Partiyasının sədri Mais Səfərli əminliklə qeyd etdi ki, gələn il üçün Azərbaycan əhalisinin rifah halı daha da yüksələcək: “Ümumiyyətlə, Azərbaycan dövlətinin büdcəsindəki dinamikasına, çağdaş tariximizin büdcə illərinə diqqət yetirsək, görərik ki, onu sosialyönümlü adlandırmaq olar. Bu da onun göstəricisidir ki, Azərbaycan Prezidenti və hökuməti sosial proqramlara üstünlük verməklə əhalinin rihaf halını daha da yaxşılaşdırmağa daha böyük önəm verirlər. 
Azərbaycan əslində, gənc bir dövlətdir. Müstəqillik tariximiz elə də böyük deyil. 26 illik müstəqillik tariximiz var. Adətən bu tip dövlətlər daha çox dövlət quruculuğu, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə daha çox vəsait ayırırlar. Yəni, büdcəni əsasən məhz bu istiqamətlərə yönəldirlər. Amma Azərbaycan Prezidenti  xalqın qayğısına qaldığı, onun rifahını düşündüyü üçün həmişə sosialyönümlü layihə və proqramların həyata keçirilməsinə daha çox üstünlük verib. Həmişə maaşların, təqaüd və müavinatların artırılmasına, sosial sahələrdən ən vacibi olan olan səhiyyə və təhsilin inkişafına daha geniş əhəmiyyət verilib. Ona görə də Prezidentimiz məhz bu sahələrə daha çox vəsait ayrılmasına çalışıb və buna da nail olub. Onun nəticəsidir ki, Azərbaycan sosialyönümlü büdcəyə malik ölkələr sırasında önəmli yeri tutmaqda davam edir. 2018-ci ilin büdcəsində də sosial sahələrə daha geniş önəm verilməsi əhalinin rifah halının daha da yaxşılaşmasına, əmək haqlarının artırılması, yeni iş yerlərinin açılmasına rəvac verəcək”. 
Milli Məclisin deputatı Aydın Mirzəzadə də bildirdi ki, gələn il ərzində ölkə əhalisinin maddi rifahı daha da yüksələcək: “2014-2015-ci illərdə iqtisadiyyatda müşahidə olunan müəyyən neqativ hallar artıq aradan qaldırılıb. Manat sabitləşib. Bu ilin büdcəsi may ayında dəyişiklik edilərək yarım milyard dollara qədər artırıldı. İqtisadiyyatda ciddi dirçəliş var. 
Eyni zamanda, iqtisadiyyatımızın müəyyən sahələri, ilk növbədə aqrar sektorun inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi regionlarda da iqtisadi fəallığa səbəb oldu. Bunun hamısı büdcənin böyüməsi, vergilərin daha çox həcmdə yığılmasına və aydın məsələdir ki, sosial sahəyə ayırmaların həcminin artmasına gətirib çıxarır. 2018-ci ilin büdcəsi cari ilin büdcəsindən kəskin fərqlənməlidir. Həm həcminə, həm sosial ayırmaların şaxələnməsi baxımından diqqəti cəlb edəcəyi gözlənilir. Onsuz da sosial sahə daima diqqətdə olub. 3 mindən çox məktəb, 600-dən çox səhiyyə və diaqnostik mərkəzlər tikilib, bu sahədə çalışanların əmək haqlarının artırılması istiqamətində də böyük işlər görülür. Hesab edirəm ki, büdcəyə baxılma nəticəsində sosial sahəyə ayırmaların da həcmi daha da artacaq. Bu da əhalinin daha yaxşı yaşamasına, azgəlirli təbəqənin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz