Əlaqə Arxiv
news Image
2017.09.25
10:47
| A A A
Azyaşlılara cinsi təcavüz edənlər axtalansın-Deputatlardan təklif

Son vaxtlar azyaşlılara qarşı cinsi təcavüz xəbərlərinə tez-tez rast gəlinir. Balakən rayonunda 12 yaşlı uşağın atalığından hamilə qalması olayı isə ictimaiyyətdə rezonans doğurdu. Artıq pedofillərə qarşı cəzaların sərtləşdirilməsini, onlara qarşı kimyəvi qısırlaşdırma tədbirlərinin görülməsini, hətta ölüm hökmünün bərpasını tələb edənlər də az deyil.  Uşaq hüquqlarını müdafiə edən təşkilatlar da azyaşlılara qarşı seksual təcavüzlərin artdığını, cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıdırlar.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təkcə iyul ayında uşaqlara qarşı 6 zorakılıq faktının qeydə alındığını söyləyib. Onun sözlərinə görə, bu rəqəm kifayət qədər narahatlıq doğuracaq həddədir: “Mətbuatda yer alan məlumatlara görə, onlar arasında oğlan uşaqları da var. Yəni, azyaşlıların cinsi təcavüzə məruz qalması təkcə qız uşaqları ilə bağlı deyil”. Həmsöhbətimiz bu mənada ancaq valideynləri qınamağın doğru olmadığını söyləyir. Onun sözlərinə görə, bu cür halların baş verməməsi üçün valideynlər başda olmaqla məktəb, cəmiyyət də məsuliyyət daşıyır: “Uşaqların cinsi təcavüzə uğramasının qarşısını almaq üçün maаrifləndirmə işləri aparılmalıdır. Valideyn öz övladı ilə dost olmağı bacarmalı, uşağın öz problemini ata-anası ilə bölüşməsinə şərait yaradılmalıdır. Cəmiyyətdə maаrifləndirmə işləri aparılmaldıır”. 

Bununla belə K. Ağazadə valideynlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü söyləyir. Onun sözlərinə görə, valideynlər bəzən övladlarını nəzarətsiz qoyur: “Düzdür, bəzi qadınlar var ki, beş-on gün tanıdıqları insanı evə buraxır, uşaqlarını təhlükə altında qoyurlar. Amma bunu bütün atalıqlara aid etmək də olmaz”. K. Ağazadə azyaşlılara qarşı cinsi təcavüzün qarşısını almaq üçün cəzaların sərtləşdirilməsinin tərəfdarıdır. 
Qeyd edək ki, hazırda dünyada pedofilizmə mübarizə müxtəlif üsullarla aparılır. Ən çox istifadə edilən üsullardan biri də pedofillərin kimyəvi yolla qısırlaşdırılması, axtalanmasıdır. K. Ağazadə bu üsuldan istifadənin effekt verməyəcəyi fikrindədir. Onun sözlərinə görə, bu mübarizə üsulu pedofillərdə aqressiyanı daha da artıracaq: “Belə insanlar cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, onların ömürlük azadlıqdan məhrum olunması məsələsi gündəmə gətirilməlidir. Əks halda onlar axtalanaraq cəmiyyətə buraxılsa, daha da aqressivləşərək başqa cinayətlərə əl atacaqlar”. 

Millət vəkili Musa Quliyev də azyaşlılara təcavüz hallarının artmasının valideyn məsuliyyətsizliyi ilə bağlı olduğunu deyir: “Valideynlər uşaqlarına qarşı bəzən çox diqqətsiz davranır.  Pedofillər ruhi pozuntusu olan insanlardır. Belə insanları kimyəvi yolla qısırlaşdırmaq üsullarından istifadə edən ölkələr var. Amma düşünürəm ki, onları axtalamaq belə insanları cəmiyyət üçün daha da təhlükəli edə, aqressivləşdirə bilər. Ona görə də, ən yaxşısı azyaşlıları cinsi təcavüzə məruz qoyanlara qarşı cəzanın sərtləşdirilməsidir. 
Bu məsələyə ölçüb-biçib yanaşmaq lazımdır. Qanunvericiliyi sərtləşdirilməzdən öncə statistikaya nəzər yetirmək lazımdır. Azyaşlılara qarşı cinsi təcavüz hallarının artıb-artmadığı dəqiqləşdirilməlidir. Əgər belə hallar doğurdan da artıbsa, o zaman azyaşlılara qarşı seksual təcavüz edənlərin cəzaları sərtləşdirilə bilər. Ola bilər ki, belələri cəmiyyətdən tam təcrid olunsun. Onlara ömürlük azadlıqdan məhrum etmə cəzası kəsilsin”.
Deputat Fazil Mustafa isə pedofillərə qarşı cəzalandırmada kimyəvi qısırlaşdırma üsulundan istifadəni məsləhət bilir. Millət vəkili deyir ki, artıq belə qeyri-əxlaqi cinayət hadisələrinin qarşısı alınmalıdır: “Azyaşlılara cinsi təcavüz edənlər bilməlidir ki, onları ən ağır cəza, kimyəvi yolla axtalanma gözləyir. Ondan sonra belələrini cəzaçəkmə müəssisəsinə göndərmək olar”.
Deputat Fəzal İbrahimli isə azyaşlılara qarşı cinsi təcavüz hallarının artmasının elə cəzaların yüngül olması ilə əlaqədar olduğunu deyir: “Belələrinin kökü kəsilməlidir. Çox təəssüf ki, Azərbaycanda ölüm hökmü ləğv olunub. Azyaşlıları cinsi təcavüzə məruz qoyanlar elə cəzalandırılmalıdır ki, bu fikirdə olanlar dəhşətli əməli törətməyin nə ilə nəticələnəcəyindən qorxub çəkinsinlər. Mən belələrinin asılmağını tələb edərdim”.
Hansısa azyaşlının cinsi təcavüzə uğraması xəbərini eşidəndə ağlımıza gələn ilk suallardan biri də, bu əməlləri törədən insanları buna vadar edən amillər, onların psixi yoxsa, tibbi baxımdan xəstə olmaları ilə bağlı olur. Hər kəs belələrini pedofil adlandırsa da, sən demə, azyaşlılara seksual təcavüz edənlərin heç də hamısını pedofoil hesab etmək olmaz.
Psixoloq Elnur Rüstəmov isə deyir ki, öncə həmin əməli törədənlərin cinsi istəyinin ancaq azyaşlılara aid olub-olmadığı aydınlaşdırılmalıdır: “Belə insanların ancaq azyaşlılara cinsi istəyinin olması təsdiqləndikdən sonra həmin şəxsi pedofil adlandırmaq olar. Bu, adi cinsi meyl pozuntusu da ola bilər. Elə insanlar var ki, azyaşlılarla cinsi münasibətə meylli olduğu kimi digər yaşda insanlara qarşı da eyni istəkdə olur. Belələrini pedofil adlandırmaq olmaz. Bu, cinsi istəyin həddindən artıq olmasıdır. Belələri bu gün 12 yaşlı qıza, sabah isə 70 yaşlı qadına qarşı da seksual təcavüz edə bilərlər. 
Pedofillər isə öz həmcinsləri daxil olmaqla ancaq azyaşlılara qarşı cinsi istəkdə olurlar. Ona görə də mütləq belə insanlara dəqiq diaqnoz qoyulmalıdır”.
Psixoloq deyir ki, pedofillər ruhi pozuntusu, yaxud da tibbi baxımdan beynində travması olan insanlarıdır: “Ola bilər ki, belə insanlar uşaqlıqda ciddi psixi travma alıblar. Yaxud da onların baş beyni travma aldığından, zədələndiyindən bu cür anormal cinsi istək hissi yaranır”.
E. Rüstəmovun sözlərinə görə, pedofillər azyaşlının köməksiz olmasından, əzab çəkməsindən həzz alırlar. Bu onlarda cinsi istəyi daha da artırır. E. Rüstəmov belə insanların öncə xəstə kimi müalicə olunmasını, daha sonra isə cəzaçəkmə müəssisəsinə göndərilməsinin doğru olduğunu düşünür. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz