Əlaqə Arxiv
news Image
2017.10.02
11:27
| A A A
Şagirdbaşına maliyyələşmə müəllimlərin maaşına təsir edəcəkmi? Araşdırma

Ötən gün Bakının orta məktəblərinin pullu olacağı ilə bağlı yayılan xəbərlər geniş müzakirəyə səbəb oldu. Bakı Şəhər Təhsil İdarəsinin rəsmi açıqlamasından sonra məlum oldu ki, söhbət orta məktəblərin pullu olmasından yox, təhsil müəssisələrinin özünümaliyyələşdirməsindən gedir. Hansı ki, artıq Azərbaycanda bu prosesə ali məktəblərin timsalında start verilib. Bəs görəsən orta məktəblərin özünümaliyyələşdirmə mexanizminə keçidi nəyə xidmət edir, nələri dəyişəcək? 
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, təhsil müəssisələrinin özünümaliyyələşdirməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq.  Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur. 


Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov Movqe.az-a açıqlamasında deyib ki, təhsil müəssisələrində bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri  mətbuatda yalnlış şərh olunub. Həmsöhbətimiz deyir ki, burada söhbət adambaşına maliyyələşdirmədən gedir: “İndi məktəblərə maliyyə vəsaiti şagird sayına görə ayrılmır. Amma gələn ildən ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsində adambaşına maliyyələşdirmə üsuluna keçid olacaq. Bu həm də maliyyə dəqiqliyinə xidmət edəcək. Məktəblərə maliyyənin şagird sayına görə bölünməsi səmərəliliyi artıracaq. İndi bütün dünyada səhiyyəni, təhsilin inkişafı müzakirə olunanda bu sahələrdə adambaşına nə qədər pul xərcləndiyi nəzərə alınır. Tutaq ki, əvvəl 800 şagirdi olan məktəblə 700 şagird sayı olan məktəb arasında maliyyələşdirmədə elə ciddi fərq qoyulmurdusa, bundan sonra maliyyə dəqiqliyi olacaq. Adambaşına maliyyələşmə hər cəhətdən səmərəlidir”.
B. Məmmədov bunun müəllimlərin əmək haqqının artıb-azalmasına təsiri barədə indidən bir söz deməyin mümkün olmadığını söyləyir. Onun sözlərinə görə, bu detallar müzakirə edildikdən sonra bəlli olacaq.

İqtisadçı Vüqar Bayramov da orta təhsildə adambaşına maliyyələşdirmə  mexanizminə keçidin müsbət addım olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, hazırda ümumtəhsil müəssisələrinə maliyyə sovet qaydasına uyğun mexanizmlə ayrılır: “Sovet dövründə xəstəxanalara da maliyyə bu qayda ilə ayrılırdı. Yəni çarpayının sayına görə... Amma həmin çarpayıların çoxu boş qalırdı. Bununla belə, maliyyələşmə elə idi ki, boş qalan çarpayıya görə də dövlət büdcəsindən vəsait ödənilirdi. Biz həmişə çarpayıbaşına maliyyələşdirmədən xəstə sayına görə maliyyələşdirməyə keçidi təklif edirdik. İndi oxşar praktikadan təhsil müəssisələrinin maliyyələşdirilməsində istifadə edilir. Bu o deməkdir ki, məktəblərə, şagirdlərin sayına uyğun vəsait ayrılacaq. Əgər məktəb min şagirdə xidmət edirsə, min şagirdə nəzərdə tutulan, 500 şagirdə təhsil verirsə o sayda şagird üçün nəzərdə tutulan maliyyəni almalıdır. Bu səmərəlik baxımından da vacibdir. İndi  bəzi hallarda ayrılan vəsait şagirdlərin sayı ilə tərsmütənasib olur. Belə olduqda ya ayrılan maliyyə vəsaiti məktəbin tələbatını ödəmir, yaxudda ayrılan maliyyə məktəbdə şagird sayı az olduğundan artıq qalır. Ona görə də adambaşına maliyyələşdirmə israfın qarşısını almaqla yanaşı, məktəblərə onların tələbatına uyğun vəsait almaq imkanı verəcək. Biz bununla bağlı təkliflərimizi vermişdik. Bu məktəblərdə dövlət büdcəsinin səmərəli xərclənməsinə gətirib çıxardacaq”.
Şagirdbaşına maliyyələşmənin müəllimlərin əmək haqqına təsir edib-etməyəcəyinə gəlincə V. Bayramov bunu belə şərh edir: “Bu, şagirdbaşına maliyyələşdirmənin müəllimlərin maaşı ilə əlaqələndirilib-əlaqələndirilməyəcəyindən asılıdır. Əgər qənaət olarsa bunun əmək haqqı fonduna yönəldilməsi müəllimlərin maaşının artmasına gətirib çıxardar”. 
Gələcəkdə adambaşına maliyyələşdirmənin müəllimlərin əmək haqqına dərs keçdiyi şagird sayına görə də təsiri mümkündür. V. Bayramovun sözlərinə görə, 40 şagirdə dərs deyən müəllimlə 15 şagirdə dərs deyən müəllimin əmək haqqı da fərqləndirilə bilər: “Dərs saatı, vaxtı eyni olsa da elə siniflər var ki, birində 30, birində 15 şagird var. Əlbəttə ki, 15 şagirdə dərs demək 30 şagirdə dərs keçməkdən daha rahatdır. Düşünürəm ki, şagird sayına maliyyələşmədə bu məsələ də nəzərə alınmalıdır. Yəni, bunun da şagirdbaşına maliyyələşmə ilə əlaqələndirilməsinə ehtiyac var. Bu toxunduğumuz məqam yəqin ki, təkliflər paketində öz əksini tapacaq”.

Zülfiyyə QULUYEVA  

 

Sizin Reklam Yeriniz