news Image
2017.10.02
14:31
| A A A
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri müzakirə olundu

 “Həyat” Humanitar Dəstək İctimai Birliyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəal dəstəyi ilə Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində Azərbaycanda olan miqrantların hüquq və vəzifələri ilə bağlı ictimai müzakirə təşkil edib. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda təşkil olunan bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində keçirilib.

“Həyat” təşkilatının sədri Azər Allahverənov rəhbərlik etdiyi təşkilatın, həmçinin sədri olduğu Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın xətti ilə miqrantların hüquq və vəzifələrinə dair həyata keçirilən fəaliyyətlər barədə məlumat verib və qeyd edib ki, əcnəbilərin son illər Azərbaycana axın etməsi bir çox məsələlərlə yanaşı onların həm də cəmiyyətimizə səmərəli inteqrasiyası ilə bağlı yeni yanaşmanın yaranmasını zəruri edir. Kifayət qədər mürəkkəb olan inteqrasiya prosesi ilk əvvəl miqrantların hüquq və vəzifələrinin təmin olunmasını tələb edir ki, bu da bilavasitə həmin kateqoriyadan olan insanların maariflənməsi ilə mümkün ola bilər. Hüquq və vəzifəsini bilməyən miqrant cəmiyyətin fəal iştirakçısı ola bilməz. Məhz bu səbəbdən “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan hazırkı layihənin vəzifələrindən biri bilavasitə bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların miqrantların hüquq və vəzifələri ilə bağlı məlumatlılığının artırılması, onların bu sahədə olan potensiallarının gücləndirilməsi ilə əlaqədardır. 
Miqrantların hüquq və vəzifələrinin təmin olunması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması barədə danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü,  Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin sədri Arzu Qədirova bildirib ki, bu kateqoriyadan olan şəxslərlə aparılan maarifləndirmə işi bir tərəfdən onların hüquq və vəzifələri, digər tərəfdən isə Azərbaycan cəmiyyətində oturuşmuş davranış tərzləri ilə əlaqəli olmalıdır. Həmin tərzlərə adekvat davranış sərgiləyən miqrant heç bir zaman cəmiyyət üçün arzuolunmaz şəxsə çevrilməz.     
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü,  Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova qeyd edib ki, bölgələrdə yaşayan, lakin bu kimi layihələrlə əhatə olunmayan, məlumat kampaniyalardan kənarda qalan çox saylı miqrant var. Həmin şəxslərin hüquq və vəzifələri ilə əlaqəli aparılan müzakirənin üstünlüyü də bundadır ki, burada əldə olunan nəticələr sonradan bölgələrdə aparılan praktiki işlərdə nəzərə alınır.  
Tədbir iştirakçıları Günel Əsgərova, Münəvvər Ramazanova, Aytən Bayramova, Zəminə Səfərova və digərləri müzakirə üçün nəzərdə tutulan suallara münasibət bildirərkən qeyd ediblər ki, ildən ilə Azərbaycana gələn miqrantların sayı durmadan artır. Təbii ki, bu tendensiya cəmiyyət daxilində mövcud münasibətlərə təsirsiz ötüşmür. Odur ki, əcnəbilərin mülkiyyət hüququ, nikah məsələləri, əmək fəaliyyəti ilə əlaqəli çıxış edən iştirakçılar bildiriblər ki, miqrantların ölkə ərazisində leqal qalmaları, əmək fəaliyyəti ilə məşğul olmaları, ölkənin sosial həyatında iştirak etmələri üçün geniş imkanlar yaradılmalı ki, onlar həm də ölkənin iqtisadi, sosial və mədəni sahələrinə töhfə verə bilsinlər.     
Geniş müzakirə şəraitində keçən tədbirin sonunda tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” və digər mövzularda olan bukletlər paylanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs