news Image
2013.03.04
16:51
| A A A
Azərbaycanda pulsuz peşə təhsili məhdudlaşdırılır
Məhdudiyyətin qoyulması 2 əsas amillə izah edilir. "Azərbaycanda peşə təhsili müəssisələrində şagirdlər yalnız bir dəfə dövlət hesabına, yəni pulsuz təhsil ala biləcəklər". Bunu Movqe.az-a Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ peşə təhsili müəssisələri ilə bağlı yeni hazırlanmış nizamnamədə öz əksini tapıb. Artıq nazirlik nizamnaməni Nazirlər Kabinetinə təqdim edib və sənədə bütün müvafiq dövlət qurumlarının rəyi alınıb. Nazirlər Kabinetinin nizamnaməni bu yaxınlarda təsdiqləyəcəyi gözlənilir.

Məmmədov deyib ki, indiyə qədər peşə təhsili müəssisələrində şagirdin dövlət hesabına təhsil alması ilə bağlı heç bir məhdudiyyət yox idi.
Nazirlik rəsmisi peşə təhsili müəssisələrində təhsil alan şagirdlər üçün belə məhdudiyyətin qoyulmasını iki əsas amillə izah edib.
O, bunun səbəblərindən biri kimi son illərdə peşə məktəblərinə marağın artmasını göstərib. Digər amil isə bəzi şagirdlərin, xüsusən qaçqın və ya müəyyən müavinət alan uşaqların sui-istifadə hallarına yol verməsi ilə bağlı olub.
Məmmədov deyib ki, belə şəxslərə Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək məqsədilə harada oxuması və işləməsi ilə bağlı arayış lazım olduqda onlar ən yaxşı yolu peşə məktəbində oxuması haqqında arayış almaqda görürlər.