Əlaqə Arxiv
news Image
2017.10.04
14:45
| A A A
İçimizdəki agentlər - Dövləti neçəyə satırlar?

Qərbin müxtəlif dairələrindən maliyyələşən, uzaq sahillərdən aldıqları sifarişlər əsasında "araşdırmalar" aparan bir qrup "demokratiya mücahidi" sıralarında olmayanların hamısını "xəyanətkar" hesab edir. 

Onların düşüncəsinə görə, Azərbaycan dövlətinin maraqlarından çıxış edən, QHT Şurasından qrant alan, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqələrində iştirak edən və istisnasız olaraq bütün hallarda Azərbaycan hakimiyyətini sərt tənqid etməyənlər vətəndaş cəmiyyəti və jurnalistikanın dəyər və meyarlarına xəyanət edənlərdir. "Satqın" deyirlər", "yallananlar", "Boşqab dibi yalayanlar" adlandırırlar... Guya ki, Azərbaycan dövlətindən bu və ya digər layihəyə görə maliyyə alanlar pul verən ünvanı tənqid edə bilməzlər, bu isə nəinki prinsiplərə, hətta bütün dəyərlərə xəyanət etmək kimi şeydir. Deyirlər ki, hökumətlə əməkdaşlıq edənlər, hökumətdən qrant alanlar müstəqil deyillər və onların fikri heç bir halda həqiqət kimi qəbul olunmamalıdır. Bu "düşüncəni" təbliğ edənlərin kimliyi əslində hamıya məlumdur. Bəli, tamamilə doğrudur, söhbət əsasən Xədicə və başının dəstəsindən gedir. Guya jurnalistika ilə məşğul olan bu adamlar özlərindən başqa heç kimi bəyənmir, fərqli fikirlərə dərhal ağır formada reaksiya verir, sosial şəbəkələrdə saxta profillər açaraq ziyanlı fikirlərini cəmiyyət içinə yeritməyə çalışırlar. Şəbəkə şəklində fəaliyyət göstərən bu adamlar jurnalistikanın sərhədlərini də aşmaqdan çəkinmirlər. Onlar insanları mitinqlərə səsləyir, müxtəlif siyasi şüarlar yayır, aksiyalarda hamıdan fəal iştirak edir, bəzi hallarda isə təşkilatçı qismində çıxış edirlər. Bütün bu davranışlarını da "demokratik cəmiyyət", "söz və mətbuat azadlığı"... uğrunda mübarizə kimi qələmə verirlər. Amma və lakin...

Son bir neçə ildə biz bu adamların qrant pullarının düzgün bölüşdürülməməsinə görə bir-biri ilə davaya qalxmasına dəfələrlə şahidlik etmişik. "Dostlar" və "rəfiqələr" mətbautda da bir-birinin ünvanına ağır ifadələr işlədiblər. Hətta olub ki, şəbəkə üzvləri arasından biri qabağa duraraq illərlə birgə çalışdığı həmkarlarını maliyyə fırıldağında, pul mənimsəməkdə, jurnalist əməyinin istismar olunmasında ittiham edib. Bax, bu, o adamlardır ki, başqalarına dərs keçir, kimisə korrupsiyada, maliyyə mənimsəməkdə və xəyanətdə ittiham edirlər. Əlli dəfə soruşursan, qoyun kimi gözlərini döyürlər: Azərbaycan dövlətindən maliyyələşmək hansısa prinsiplərə və dəyərlərə xəyanətdirsə, onda Amerikanın xüsusi xidmət orqanları tərəfindən yaradılmış müxtəlif təşkilatlardan pul alıb məqalələr yazmaq nəyin göstəricisidir? Okeanın o tayından sifariş alaraq ağı da qara göstərmək nə vaxtdan obyektiv jurnalistika hesab olunur? 

Öz layihəsinə dövlətdən maliyyə alanlar müstəqil deyilsə, siz Amerikanın hanısa təşkilatından pul aldığınız halda necə müstəqil ola bilirsiniz? Amerikadan pul alıb Amerikanı tənqid etmək olarmı? Yox! Amerikadan pul alıb Ameriakanın viran qoyduğu ölkələrin düşdüyü açınacaqlı vəziyyətdən, günahsız insanların raket zərbələri altında inləməsindən yazmaq olarmı? Olmaz! Amerikadan pul alıb Amerikanın iqtisadi maraqlarına görə ara bir "Vaşinqton Post"un, "New York Times"ın ayrı-ayrı ölkələrin ütünə qısqırdılmasından yazmaq olarmı? Mümkün deyil! Amerikadan pul alıb Amerikanın ətraf mühit problemlərinin araşdırılması ilə məşğul olan bir QHT-sinin müxtəlif ölkələrdə inqilablar reallaşdırmaq üçün gizli yollarla nə qədər vəsait xərclədiyini araşdırmaq olarmı? Qətiyyən! Amerikadan pul alıb Amerikanın hələ bu vaxta qədər dünyanın heç bir ölkəsində demokratik cəmiyyət qurulmasına yardım etmədiyini, yalnız özünün iqtisadi və geosiyasi maraqlarını təmin etmək, daha çox ərazini Rusiyanın təsir dairəsindən çıxarmaq məqsədilə DEMOKRATİYA NAĞILI oxumasından yazmaq olarmı? Əsla! Elə isə bunun harası müstəqil jurnalistika oldu? Mitinqlərdə az qala bayraqdar qismində iştirak etməyiniz nə vaxtdan müstəqillik göstəricisi hesab olunur?.. Niyə dərk eləmirsiniz ki, əslində Qərb dairələrindən daha çox vəsait çəkmək üçün çalışdığınız artıq heç kəsə sirr deyil? Bu qədər artistlik sizdə haradandır? "Xalqın halına ağlamaq" kimi afiristlik nümunələriniz gendənmi gəlir, ya bunu da sizə xüsusi treniqlərdə öyrədirlər?

Əslində hər şey gün kimi aydındır. Azərbaycanda artıq çoxlarına bəllidir ki, ölkədə bir qrup "jurnalist" Qərb agenturasına işləyir və bununla da Azərbaycan dövlətinə işləyənlərdən fərqli olaraq "dəyərlər və prinsiplər"ə yox, bilavasitə DÖVLƏTİN ÖZÜNƏ xəyanət edirlər. Başqa yerlərdə dövlətə dil uzadanın dilini, əl uzadanın əlini kəsirlər. Bizdə isə ətrafda bu qədər agent, bu qədər satqın varkən, xirtdəyə qədər xəyanət çirkabına batmış yaramazlar gözümüzün önündə dolaşırkən, yenə də dözürlər! 
Sonda Nikolay Çernışevskinin məşhur bir fikri yada düşür: "Vətənə xəyanət etmək üçün fövqəladə dərəcədə alçaq olmalısan".

Ramin Əhmədov
Yeni Azarbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini

Sizin Reklam Yeriniz