news Image
2017.10.05
09:30
| A A A
Peşə məktəbləri ilə bağlı daha bir ciddi problem üzə çıxdı
Məhərrəm Zülfüqarlı: “Ölkədə müasir tələblərə cavab verənlərlə yanaşı, lazımsız, problemli peşə məktəbləri də fəaliyyət göstərməkdə davam edir” Natiq Cəfərli: “Problemin həlli üçün onların yenilənməsinə, verdikləri peşə ixtisaslarının yeni reallıqlara uyğunlaşmasına ehtiyac var”

"Peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq rəhbəri Ceroen Uilyams deyib. Onun sözlərinə görə, bu nəticəyə son bir il ərzində Avropa İttifaqı tərəfindən Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət arasında keçirilən sorğuda gəlinib.  

Qurum rəsmisi bildirib ki, bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir. Bu problem nədən qaynaqlanır və məsələnin həlli istiqamətində, xüsusən də peşə təhsili sahəsində hansı addımlar atmaq lazımdır?
Turizm və Menecment Universitetinin dosenti Məhərrəm Zülfüqarlı bildirdi ki, problemin həlli üçün peşə məktəbləri günün tələblərinə cavab verən peşələr üzrə ixtisaslı peşə kadrları hazırlamalıdırlar: “Aydındır ki, hələ sovet dönəmindən peşə məktəbləri düzgün təşkil edilməmişdi. Ora zəif oxuyan uşaqları götürürdülər ki, bu da peşə məktəblərinin səviyyəsini aşağı salırdı. Amma hazırda bunu müasir tipli peşə məktəbləri barədə demək olmaz. SOCAR-a mütəxəssis verən peşə məktəbinin fikrimcə, fəaliyyəti təqdirəlayiqdir. Orada oxuyanlar da bilir ki, yüksək məvacibli işlə təmin olunmaq üçün savad və bacarıq tələb olunur. Bununla belə, ölkədə hələ elə peşə məkbətləri var ki, özül şirkətlər üçün heç bir mütəxəssis buraxmır. Amma Turizm Universitetinin müəllimi kimi deyirəm bizdə turizm üzrə peşə məktəbi də var ki, burada sözügedən sahədə kadrlara olan ehtiyac layiqincə ödənilir. Burada ofisiant, aşpaz, otel xidmətçisi və s. ixtisasları verilir. Yəqin ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsinin bundan xəbəri yoxdur. Yəni, bunu deməklə demək istəyirəm ki, peşə məktəblərinin heç də hamısına birmənalı yanaşmaq olmaz. 
Ölkədə müasir tələblərə cavab verənlərlə yanaşı, lazımsız, problemli peşə məktəbləri də fəaliyyət göstərməkdə davam edir və burada da qeyri-adi bir şey yoxdur. Bütün ölkələrdə vəziyyət belədir. Problemli peşə məktəblərinin verdiyi peşələrin şirkətlərdəki işlərə həmahəng olması üçün təhsil prosesinə lazım olan ixtisasları salmaq lazımdır. Yəni, peşə məktəbi açmaq xatirinə məktəb açmaq lazım deyil. Sürücülük ixtisası yetişdirən peşə məktəblərində problem yoxdur. Amma elə ixtisaslar var ki, ona iş tapılmır, tələbat yoxdur, sovetdən qalma həmin ixtisasları bağlamaq lazımdır.Günün tələbinə uyğun, zəruri olan ixtisaslar üzrə peşə məktəbləri açmaq lazımdır ki, onların özəl şirkətlərdə işə cəlb edilməsində problemlər yaşanmasın”.
İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, peşə məktəbləri iri şirkətlərin qanadı altında yaradılarsa, sözügedən sahədə problemlər də yaşanmaz: “Peşə məktəblərilə bağlı problem əslində, çoxdan mövcuddur. Problemin həlli üçün onların yenilənməsinə, verdikləri peşə ixtisaslarının yeni reallıqlara uyğunlaşmasına ehtiyac var. Təssüf ki, bu sahədə irəliləyişlər hələlik gözə dəymir. 
İstehsalla, yeni çağırışlarla peşə məktəbi arasındakı bağ qopub. Ona görə də indilikdə peşə məktəbləri formal bir quruma çevriliblər. Peşə məktəbləri sovetdən qalma lazımsız peşələr üzrə ixtisas verməkdə davam edirlər. Bu mənada da onlar bugünkü iqtisadiyyatın tələblərinə cavab vermirlər. Ona görə də yeni peşə məktəblərində yeni peşələrə yiyələnmək, yeni texnologiyalarla işləyən avadanlıqları idarə edə biləcək peşələrin işıq üzü görməsi üçün baza yaradılmalıdır. Elə peşələr seçilməlidir ki, peşə məktəbinə gedən gənclər sonradan işlə bağlı problemlə üzləşməsinlər. Ölkəmizdə isə peşə məktəbini bitirənlər əksər hallarda sonradan işlə bağlı problem yaşayırlar. İnkişaf etmiş ölkələrdə peşə məktəbləri iri müəssisələrin qanadı altında, yaxud da birgə formada fəaliyyət göstərir. Belə olanda müəssisələr hansı peşələrə ehtiyac yaranırsa, məhz o istiqamət üzrə də insanların hazırlanmasına çalışır və sonradan onları işlə də təmin edirlər”.
Rüfət NADİROĞLU