Əlaqə Arxiv
news Image
2013.03.05
11:15
| A A A
Yollarda sahibsiz heyvanlardan gələn təhlükə
Araşdırmalar belə heyvanların da yol qəzalarının yaşanmasında rolunun az olmadığını göstərir

Azərbaycanın müxtəlif rayonlarına səfər zamanı sürücülərin üzləşdiyi problemlərdən biri də sürət həddinin yüksək olduğu yollarda qarşıya sahibsiz heyvanların çıxmasıdır. Paytaxtın bir sıra əraziləri, xüsusən də ətraf qəsəbələrə gedilən yollarda da sürücülər vaxtaşırı analoji problemlərlə üzləşirlər. Bu barədə danışmazdan öncə qeyd edək ki, yüksək sürət, diqqətsizlik, yol hərəkət qaydalarını pozma və bu kimi halların hamısı ümumilikdə sürücünün törədəcəyi qəzaların əsas səbəbləridir. Lakin yollarda elə təhlükələr də var ki, burada sürücü, ümumiyyətlə, günahkar olmur. Bu, magistral yolların kənarlarında otlayan və istədiyi vaxt nəqliyyat vasitələrinin hərəkətini təhlükə altına atan sahibsiz mal-qaralardır. Sürət həddi yüksək olan magistralların kənarlarında otlayan mal-qaraya hər yerdə, istər yaşayış məntəqələri, istərsə də boş ərazilərdə rast gəlmək mümkündür. Problem isə bu heyvanların sahibləri tərəfindən nəzarətsiz buraxılmasıdır. Bəzi yerlərdə bununla bağlı xüsusi yol nişanları var ki, bu da sürücüləri əvvəlcədən xəbərdar edir. Lakin sürücülər deyir ki sahibsiz heyvanlar nəinki gündüzlər, gecələr də yollarda qarşılarına çıxır. Bu isə qaçılmaz təhlükədir. Sahibsiz mal-qaranın yollara çıxması səbəbindən qəzaların baş verməsini yol patrul xidmətindən də təsdiqləyirlər.

Bundan başqa paytaxtdaxili və Bakıətrafı magistral avtomobil yollarının, eləcə də məhəllədaxili yolların müəyyən hissələrində sürətlə şütüyən nəqliyyat vasitələri tərəfindən sahibsiz heyvanlar, xüsusilə də it və pişiklərin vurularaq öldürülməsi hallarına tez-tez rast gəlinir.Bəzən isə leş yoldan götürülmədiyindən digər maşınların hərəkəti nəticəsində ölü heyvanın cəsədi asfalt üzərinə yayılır. Şəhərin mərkəzində olan heyvan leşləri vaxtında götürülsə də, təəssüf ki, şəhərətrafı və paytaxtdan bölgələrə gedən magistral yollarda bu məsələ opeativ həll olunmur. Ekspertlər isə hesab edirlər ki, yollarad heyvanlardan gələn təhlükəni aradın qaldırmaq üçün əvvəla, mümkün olduğu halda bütün yolların ətrafına dəmir çəpərlər çəkilməlidir. Təbii ki, buraya ilk növbədə magistral yollar aid edilir. İkinci bir tərəfdən sahibsiz heyvanların yığışdırılması, onların hansısa mərkəzə göndərilməsi təmin olunmalıdır. Qeyd edək ki, bu məqam hazırda ən aktual problemlərdən biri olaraq qalır. Məsələn, elə Bakının özündə kifayət qədər sahibsiz itlərə rast gəlmək olar. Belə heyvanlar təkcə yollara çıxaraq sürücülər üçün problem yaratmır. Belə heyvanların hər birinin potensial virus daşıyıcısı olduğunu nəzərə alsaq, vəziyyətin yerli sakinlərin həyatı üçün nə qədər təhlükəli və acınacaqlı olduğunu dərk etmək heç də çətin olmaz. Heç təsadüfi deyil ki, Bakı şəhəri də daxil olmaqla bütün respublika üzrə hər il minlərlə heyvan dişləməsi hadisəsi qeydə alınır.

Hesab olunur ki, ilk olaraq paytaxtda sahibsiz heyvanlarla bağlı əcnəbi təcrübədən istifadə olunmalıdır. Məsələn, Tükiyədə küçələrədə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya Konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır.

Avstriyada hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu yaxud da qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu hesab edilir. Qanuna görə, şir və digər yırtıcıları sirkdə saxlamaq olmaz. Bu ölkədə itləri zəncirləmək də qadağandır. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir. Analoji təcrübələrdən Azərbaycanda da istifadə edilməsi məqbul sayılır. Hələlik isə o məlumdur ki, Bakı Şəhər İcra hakimiyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. İdarənin əməkdaşları küçə reydləri zamanı əsas etibarı ilə xəstə heyvanları öldürürlər. Lakin digər sahibsiz heyvanlarla bağlı məsələ çözülməmiş qalır. Bu səbəbdən xarici təcrübənin Azərbaycanda tətbiqi zəruri sayılır. Bu, elə yollarda da heyvanlardan gələn təhlükənin aradan qalxması ilə müşayiət olunacaq.

Sizin Reklam Yeriniz