Əlaqə Arxiv
news Image
2017.10.01
15:11
| A A A
Media nümayəndələri Mərkəzi Klinika Gəncə Xəstəxanasında

Sentyabr ayının 30-u ölkənin tanınmış media orqanlarından ibarət bir qrup jurnalist Gəncə şəhərinə səfər edib. Səfərin əsas məqsədi Qərb bölgəsinin ən müasir xəstəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanası ilə tanışlıq olub. Movqe.az xəbər verir ki, öncəliklə jurnalistləri qarşılayan Mərkəzi Klinika Gəncə Xəstəxanasının İctimaiyyətlə  əlaqələr üzrə şöbənin rəsmi nümayəndəsi Rəşad Abbasov mərkəz barədə ümumi məlumat verib. Rəşad Abbasov qeyd edib ki, Mərkəzdə quraşdırılan ən müasir tibbi cihazlar və  avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Xəstəxanada Ürək Damar cərrahiyyəsi, Ümumi cərrahiyyə, Urologiya, Ortopediya və Travmatologiya, Neyrocərrahiyyə, Nevrologiya Oftalmologiya, Qastroentologiya, Kardiologiya, Təcili Tibbi Yardım, Ginekologiya, Neantologiya, Tibbi laboratoriya, İnvaziv radiologiya, Fizio Terapiya, Stomatologiya, Nefrologiya, Ginekologiya və Neyrocərrahiyyə şöbələri və s. şöbələr fəaliyyət göstərir.  Eyni zamanda Regional Mərkəzdə nəinki bölgə əhalisinə, eyni zamanda bölgənin qonşu rayon və respublikalarının sakinlərinə xidmət göstərilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Gəncə Müalicə Diaqnostika Mərkəzində fasiləsiz olaraq 7 gün/ 24 saat ərzində Təcili Yardım xidməti həyata keçirilir. Belə ki, Ambulans çağrışı qəbul edildikdən sonra Təcili Yardım briqadası 3 dəqiqə ərzində klinikanı tərk edərək Gəncə və Gəncəbasar zonasının istənilən regionunda professional yardım göstərməyə hazırdır. Jurnalistlər Mərkəzin fəaliyyəti və xidmətləri barədə məlumatlandırıldıqdan sonra xəstəxananın Baş direktoru Həsən Qəndilov və baş həkim Şamil Bədəlov jurnalistlərin suallarını cavablandırıblar. Gəncə Müalicə Diaqnostika Mərkəzinin Baş direktoru Həsən Qəndilov qeyd edib ki, Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə inşa edilib. Mərkəz əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişmiş və Regional Mərkəzə çevrilərək geniş profilli səhiyyə müəssisəsi kimi 2013-cü il sentyabr ayından etibarən "Mərkəzi Klinika Gəncə Xəstəxanası" adı altında istifadəyə verilib.

Planlaşdırılmış əsaslı tikinti və yenidənqurma işlərindən sonra Mərkəzin tibbi xidmət göstərilən sahəsi əvvəlki ilə müqayisədə təxminən 45%, yəni 3300 m2 artırılıb. Ümumi çarpayı fondu isə 4 dəfədən də çox artırılaraq 27 ədəddən 100 ədədə artırılıb və ehtiyac olduğu anda 20 çarpayı əlavə artırmaq imkanı vardır. Bundan başqa əməliyyat otaqlarında aparılmış rekonstruksiya işləri hər dörd əməliyyatxanada bütün növ və həcmdə (kiçik, orta, və böyük ölçülü) olan əməliyyatların aparılmasına imkan yaradılıb.

Baş direktor Həsən Qəndilov onu da qeyd edib ki, Gəncə Müalicə Diaqnostika Mərkəzinin missiyası Azərbaycan səhiyyəsinə yeni, beynəlxalq standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirməkdən ibarətdir. Həmçinin tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə, xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək başlıca məqsədlərdən biridir. O,  vurğulayıb ki, 2016-cı ilin aprelində  baş vermiş döyüşlər zamanı xəstəxananın yerli əhaliyə xidməti tamamilə dayandırılıb  və yalnız yaralı əsgərlərə xidmət göstərilib. Sonda isə baş direktor Mərkəzin gələcək planları barədə ətraflı məlumat verib.

Daha sonra isə MKGX-nın baş həkimi Şamil Bədəlov xəstəxananın personalından danışaraq, həkimlərin professional səviyyəsi barədə ətraflı məlumat verib. O, bildirib ki, xəstəxanada fəaliyyət göstərən həkimlərin əksəriyyəti dünyanın aparıcı dövlətlərində işləyib və kifayət qədər təcrübə toplayıblar. Baş həkim çıxışı zamanı bildirib ki, MKG-də regionda ilk dəfə olaraq böyrək transplantasiyası uğurla həyata keçirilib. 2013-cü ildə isə Mərkəzi Klinikanın Gəncə xəstəxanasında ürək cərrahiyyəsi şöbəsi açılıb, böyüklər və kiçiklər üçün açıq ürək əməliyyatları aparılıb. Kardiologiya şöbəsinə müraciət edən xəstələrə angioqrafiya tətbiq edildikdən sonra xəstənin əməliyyat, yaxud invaziv müdaxilələr edilməsi müəyyənləşdirilir. Bölmənin tibbi heyətinə həm Bakıdan ezam olunan, həm də xarici ölkələrdə təcrübə keçmiş həkimlər daxildir, onlar tərəfindən koronar angioqrafiya və angioplastika əməliyyatı həyata keçirilir. İndiyəqədər keçirilən bütün əməliyyatlar uğurlu olub, heç bir ağırlaşma və ya ölüm halı qeydə alınmayıb. Qarşıya qoyulan əsas məqsəd isə  7 gün, 24 saat fasiləsiz olaraq ürək cərrahiyyəsi və invazit kardiologiya xidməti göstərməkdir. 

Daha sonra jurnalistlər xəstəxananın bütün bölmələrini gəzib, həkimlərlə və müasir avadanlıqlarla yaxından tanış olub, həkimlərə onları maraqlandıran suallarla müraciət ediblər. Tanışlıq zamanı ən çox diqqətçəkən məqamlardan biri də süni mayalanma xidmətlərinin fəaliyyət göstərməsi olub. Məlum olub ki, paytaxtdan kənarda yerləşməsinə baxmayaraq, bu günə qədər MKGX-də onlarla süni mayalanma proseduru həyata keçirilib və nəticələrin çoxu uğurlu olub. 

Mama ginekoloq Elnarə Salahova  bildirib ki, illər öncə insanlar süni mayalanma üçün xarici ölkələrə daha çox üz tuturdular. 2014-cü ildən etibarən isə Bakıda süni mayalanma xidmətləri aktiv şəkildə fəaliyyət göstərməyə başlayıb. Paytaxt bölgələrində yaşayan insanların rahatlığı üçün MKGX-da da süni mayalanma xidmətlərinin həyata keçirildiyini vurğulayan mama-ginekoloq Elnarə Salahova  görə, artıq bir sıra nailiyyətlər də əldə ediblər. O, qeyd edib ki, süni mayalanma üçün müraciət edən qadınlar ilk olaraq müayinələrdən keçirilir. Eyni zamanda əks-cinsin müayinə edilməsi də vacib şərtlərdən biridir. Sonrakı mərhələdə isə əldə olunan nəticələrə əsasən süni mayalanma ilə bağlı prosedurlar başlanılır.

Ödəniş barədə də məlumat verən mama-ginekoloq Elnarə Salahova  vurğulayıb ki, Mərkəzdə süni mayalanma üçün ödəniş 1600 manat civarındadır. Bu məbləğə yumurtanın yetişdirilməsi, xüsusi narkoz altında qadından yumurta yığılması və bir dəfə olmaq şərtiylə qadının yumurtalığına köçürülməsi daxildir. Qeyd edim ki,  ödənişdən öncə ailə ilə xəstəxana arasında razılaşma ilə bağlı müqavilə imzalanır. Statistik göstəriciyə gəldikdə isə mama-ginekoloq bildirib ki, son illər ərzində mərkəzə süni mayalanma ilə bağlı müraciət edənlərin sayı artıb. 

Sonda qeyd edək ki, bütün xidmətlərlə yanaşı,  xəstəxana yerli Tibb Kollecinin tələbələrinin işlə təmin olunmasında da əvəzolunmaz rol oynayır. Burada kolleci bitirmiş tibb bacılarının işlə təmin olunması üçün lazımi dəstək göstərilir.

Sizin Reklam Yeriniz