news Image
2017.10.06
13:19
| A A A
Yenidoğulmuşların ölüm göstəriciləri açıqlandı

Bu gün K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayıb. Movqe.az xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov konfrans iştirakçılarını salamlayaraq, 90 illik yubiley münasibətilə tibb ocağının əməkdaşlarını təbrik edib. Daha sonra İnstitutun direktoru Nəsib Quliyev 90 il ərzində keçilən tarixi yol və ayrı-ayrı dövrlərdə inkişaf mərhələləri haqqında ətraflı məruzə edib. O, 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunan, 1927-ci ildə yenidən qurulan xəstəxananın Ana və Uşaqları Mühafizə institutuna çevrildiyini qeyd edib. O, bu tibb müəssisəsinə müxtəlif dövrlərdə tanınmış həkim-pediatrların rəhbərlik etdiyini, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra, institutun inkişafında xüsusi mərhələnin başlandığını söyləyib. N. Quliyev bildirib ki, 1993-cü ildə respublikada körpə ölümü hər min nəfər diri doğulmuş uşağa 29,5 təşkil edirdisə, 2016-cı ildə bu rəqəm üç dəfəyə qədər azalaraq 10,2 promilliyə enib: “Ana ölümü 1994-cü ildə hər yüz min nəfər diri doğulana 43, 8 olubsa, ötən il bu rəqəm 13,8 promilli təşkil edib. Hazırda da, ölkəmizdə ana və uşaq ölümünün azaldılması yönəlik tədbirlər davam etdirilir. İnstitutda bu gün 245 çarpayılıq 8 klinik şöbə və bir paraklinik bölmələr fəaliyyət göstərir. İnstitutun kollektivi respublikamızda uşaqların sağlamlığının qorunması kimi nəcib işə həsr olunan fəaliyyətini var qüvvəsi ilə davam etdirəcək”.

N. Quliyev əlavə edib ki, müstəqilliyin ilk illərində epidemiya və yoluxucu xəstəliklərə qarşı cəmi beş peyvənd aparılırdısa, indi dünyanın aparıcı ölkələrində olduğu kimi daha altı peyvənd də aparılır və bunların hamısı dövlət vəsaiti hesabına həyata keçirilir: “İndi ölkəmizdə demək olar ki, bütün uşaqların sağlamlıq kartları var və körpə doğulandan onun sağlamlıq vəziyyəti ilə bağlı bütün məlumatları həmin kartdan öyrənmək mümkündür. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada uşaq doğumu sahəsində azalma baş vermişdi, 90-cı illərin ortalarında bu sahədə vəziyyət stabilləşməyə başlayıb, 2015-ci ildən isə bu sahədə ildən-ilə artım müşahidə olunur. 2015-ci ildə ölkəmiz qızılca və məxmərəyin eliminasiyasına nail olaraq 53 Avropa ölkəsi arasında birinci onluğa daxil edilib”.
Konfransda məlumat verildi ki, il ərzində institutun stasionarına qəbul şöbəsində  təxminən 11000-12000 xəstəyə tibbi yardım göstərilir. Bunlardan 9000-ə qədəri stasionarın müvafiq şöbəsinə yerləşdirilir. Hər il 700 nəfərə yaxın xəstə isə yoluxucu xəstəliklər şöbəsində mülicə alaraq evə yazılır. Pulmonologiya şöbəsinə müraciətlərin sayı isə il ərzində 1000 nəfərə çatır. Tədbirdə vaxtındanqabaq doğulan uşaqlarla bağlı da məlumat verildi. Bildirildi ki, son beş ildə institutun Vaxtındanqabaq doğulanların patologiyası şöbəsinə il ərzində 1500-1800 arası vaxtındanqabaq doğulmuş uşaq daxil olur. Az kütlə ilə doğulan uşaqlar uzun müddət müalicə olunur. Məlumata görə, ötən il institutun müvafiq şöbəsinə ekstremal az kütlə ilə daxil olan uşaqlar, yəni hestasiya yaşı 29 həftədən aşağı olanlar 35, hestasiya yaşı 29-31 həftəlik olanlar,çox az kütlə ilə doğulanlar 953, hestasiya yaşı 32-34 həftə arasında olanlar 568, 35-36 həftəlik doğulan uşaqlar isə 114 nəfər təşkil edib. Konfransda bu gün erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsində çoxsaylı əməliyyatların gerçəkləşdirildiyi qeyd  olundu.  
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Türkiyə Respublikası PediatrlarBirliyinin baş katibi, professor Ənvər Həsənoğlu, Rusiya Federasiyası Milli Elmi-Praktik Uşaq Sağlamlığı Mərkəzinin direktor müavini, Avropa Pediatrlar Assosiasiyasının prezidenti, akademik Leyla Namazova-Baranova, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev institutun 90 illiyini təbrik edib, əməkdaşlara uğurlar arzuladılar. Daha sonra Pediatriya İnstitutunun fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu. Konfransda həkim, pediatr və neonatoloqlar anadangəlmə qüsurlar, yenidoğulmuşların diaqnostikası, parenterial qidalanması, südəmər uşaqların respirator xəstəlikləri, erkən yaş dövründə uşaqların psixomotor inkişafı, habelə digər xəstəliklər və müasir müalicə metodları barədə çıxışları dinlənilib. Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin professoru İbrahim İsayev uşaqlarda anadangəlmə ürək qüsurları ilə bağlı geniş məruzə etdi. İ. İsayev bildirdi ki, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlarla bağlı atılacaq ilk addım onların ana bətnində diaqnozu ilə bağlı olmalıdır: “Hazırda müxtəlif üsullarla dölün ürək qüsurunun olduğunu müəyyən etmək mümkündür. Amma bəzən döldə ana bətnindəykən ürək qüsurunun olduğunu müəyyən etmək mümkün olmur. Ürək qüsurlu uşaqlarla bağlı atılmalı olan əsas addım doğum evlərindəcə doğulan uşaqlarda ürək qüsurunun olduğunun aşkarlanması məsələsidir”.
İ. İsayev uşaqlarda ürək qüsurunun olmasının əsasən 1 və 3 yaşa qədər üzə çıxarıldığını söyləyib. O, hazırda ölkəmizdə ürək qüsurlu uşaqların cərrahiyyə əməliyyatına cəlb edildiyini söyləyib”.   
Konfrans həkim, pediatr və neunatoloqların çıxışı ilə öz işini davam etdirildi. Konfransa oktyabrın 7-də yekun vurulacaq.

Zülfiyyə QULUYEVA 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs