Əlaqə Arxiv
news Image
2017.10.13
10:43
| A A A
Əkinçilik tariximizdən

Çəltik bitkisinin vətəni Cənub-Şərqi Asiya ölkələri hesab olunur, dünya bitkiçiliyinə çəltiyi Hindistan və Birma vermişdir. İranda çəltiyin becərilməsinə VII əsrin ortalarında, Azərbaycanda da məhz bu vaxtdan başlanılmışdır. Azərbaycanın Rusiyaya ilhaqından sonra yaranan sabitlik taxılçılığın, xüsusilə çəltikçiliyin inkişafına səbəb olmuşdur. Lənkəran, Quba, Şirvan və Qarabağda çəltikçilik XIX əsrin 40-cı illərindən sürətlə inkişaf etməyə başlamışdır.

Bakı quberniyası üzrə Lənkəran qəzasında çəltikçilik ixtisaslaşdırılmış ən iri təsərrüfat sahəsinə çevrilmişdi. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Lənkəran qəzasında 13 min desyatindən (1 desyatin 1,09 hektar) artıq sahədə çəltik əkilirdi.Bu da quberniyada əkilən çəltiyin 61 faizini təşkil edirdi. Zaqafqaziyada istehsal olunan 10 milyon pud çəltiyin 8,7 milyon pudu, (87%) Azərbaycanın payına düşürdü. Lənkəran qəzası bütün Zaqafqaziyada istehsal olunan çəltiyin 25 faizini verirdi. XX əsrin əvvəllərində qəzada çəltik sahələri 18 min desyatinə çatmış, daha sonra 40 min desyatinə qədər yüksəlmişdir. 
Bəhs olunan dövrdə qəzanın 110 kəndi – əhalinin 30 faizi çəltikçiliklə məşğul idi. Burada çəltiyin 50-yə qədər növü var idi: “Ənbərbu”, “Sədri”, “Çiləyi”, “Campo”, “Maraja”, “Əkulə”, “Beybu”, “Rasimi”,”Vilgəciri”, “Haşimi”, “Məmmədli”, “Ağsədri”, “Çilənbəri”, “Reyhani”, “Mazandaranı” və s. Ən məhsuldar “Campo” növü idi. Yerli əhali “Sədri”, “Əkulə”, “Vilkəciri” növünə üstünlük verirdi.Bu növlərdən hazırlanan plov daha keyfiyyətli və ləzzətli olurdu.Qaynaqların birində qeyd olunur ki, ötən əsrdə yerli bazarlarda “Masallı sədrisi” üstündə alıcılar arasında dava düşərdi”. 
 Bölgəmizdə çəltik ustaları yeni növlər əldə etmək məqsədi ilə başqa ölkələrdə becərilən keyfiyyətli, məhsuldar, suya az tələbatı olan çəltik növlərini də yerli şəraitə uyğunlaşdırırdılar.Masallı rayonunun Çaxırlı kəndində 1863-cü ildə Tibet çəltiyi becərilmişdir. Bu çəltikçilərimizin öz işlərinin mahir biliciləri olmasını bir daha sübut edir.
Burada yetişdirilən düyünün əsas bazarı Rusiya və Qərbi Avropa ölkələri idi. Çəltik ustalarımız Moskva (1852), London (1862), Xarkov (1887) və digər Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində mükafatlara sahib çıxmışlar.1889-cu ildə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən aparılmış “Əkulə” növ çəltik və düyü gümüş medala layiq görülmüşdür.
           Çəltikçilik Sovetlər dönəmində də bölgənin mühüm təsərrüfat sahəsi kimi inkişaf etmişdir. Masallı respublikamızın əsas çəltik yetişdirən rayonlarından biri idi. 1961-ci ildə 1830 hektar sahədə çəltik əkilmiş, hər hektardan 35-40 sentner məhsul əldə olunmuşdur. 
           Ötən əsrin 60-cı illərindən başlayaraq çəltikçilik daha rentabelli, gəlirli təsərrüfat sahələri olan tərəvəzçilik, çayçılıq, sitrus bitkiləri ilə əvəz olundu.Ölkəmiz müstəqillik əldə edəndən sonra rayonumuzun Ərkivan, Qəriblər, Xıl, Sərçuvar, Sirəbil, Mahmudavar və digər kəndlərində çəltikçilik bərpa olundu. 2000-ci ildə rayonumuzda 372 hektar çəltik əkilmiş, hər hektardan 58 sentner məhsul əldə olunmuşdu.Çox təəssüf ki, bu təsərrüfat sahəsi yenidən unuduldu.Son vaxtlar çəltikçiliyə qayıdış mühüm əhəmiyyətli bir hadisədir.
           Bu il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki yekun nitqində bildirmişdir:
           1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. 
            Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb.Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür-həm səpin, həm də yığım vaxtı.Ona görə, indi texnika gətirilib.Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir.Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var.Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.
            Toxumçuluğa da fikir verilməlidir.Burada bu məsələyə də toxunuldu.Bu da vacib məsələdir.
            Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.
             Həmin müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov da öz çıxışında çəltikçiliyin inkişafı ilə bağlı rayonda görülən işlərdən danışmışdır: “Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılmışdır. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilmiş, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılmış, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılmışdır.Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur.” 
            Masallı rayonunda bu istiqamətdə uğurlar əldə edilməkdədir.Yerli bazarda ötən illə müqayisədə ətirli düyu növlərinin qiymətlərində azalma müşahidə olunur.İnsanlar torpağa qayıdışın bəhrəsini görür, bunu güzaranlarında nəzərə çarpacaq dərəcədə hiss edirlər.Yeni texnologiya əsasında işləyəcək çəltik dəyirmanında müasir avadanlıqlar tam quraşdırıldıqdan sonra gündə 20-30 ton çəltik emal ediləcəkdir.
            “Sərvətin anası torpaq, atası əməkdir”, “torpaq əkilmirsə onu qorumağa dəyməz” deyib atalar. Qədim şumerlərdə belə bir məsəl var idi: “İşləyən adamın yuxusu şirin olar”. Məhşur Babil hökmüdarı Hammurapı 4 min il bundan əvvəl qanunlarında deyirdi: “Əgər bir adam yararlı torpağı əkib-becərmirsə həmin adam ifşa olunmalıdır”.

                                                                     
 Musarza MİRZƏYEV, 
Masallı rayonundakı Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi,araşdırmaçı,Azərbaycanın Əməkdar müəllimi.

Sizin Reklam Yeriniz