news Image
2013.03.05
20:06
| A A A
Sovetdənqalma binaların boru sistemi nə vaxt yenilənəcək?
Bir neçə ildir ki, paytaxtımızdakı bir sıra köhnə binaların fasadları yenidən qurulur. Lakin sovet dövründə inşa olunmuş əksər binaların boru sistemlərinin istismar müddəti başa çatıb, çoxu qəza vəziyyətindədir. Çirkli-paslı, qırılıb-dağılmaq üçün "bəhanə axtaran" bu borular yeniləri ilə əvəz olunmasa, gələcəkdə ciddi mənfi fəsadlar doğuracağı qaçılmazdır.

Son vaxtlar Bakıda görülən abadlıq-quruculuq işləri, xüsusən, sovetdənqalma 5 və 9 mərtəbəli binaların təmir olunaraq müasir şəkildə yenidən qurulması yəqin ki, hər kəsin diqqətini cəlb edib. Bu işlərin dövlət hesabına görülməsi çox yaxşı haldır. Binalar yenilənir, yaşayış məntəqələri daha da abadlaşır və s. Ancaq təmir zamanı nədənsə, binaların boru sistemləri yenilənmir.

Ümumiyyətlə, nəinki Bakıda, digər şəhərlərimizdə də binaların boruları qəzalı vəziyyətdədir. Buna şahid olmaq üçün həmin binaların şaxtalarındakı borulara baxmaq kifayətdir. Ötən əsrin 50-70-ci illərində tikilmiş binaların kanalizasiya xətlərinin çoxu çürüyüb və sanki dağılmağa fürsət axtarır. Qaz və su borularının vəziyyəti də qənaətbəxş deyil.

Binaların şaxtalarında yerləşən qəzalı borular partlayan, yaxud hər hansı sızma baş verən zaman mənzil istismar sahələrinə müraciət etdikdə, bu qurumlar məsuliyyəti öz üzərlərindən atır, heç bir iş görmək istəmirlər. Onlar hər vəchlə vətəndaşları inandırmağa çalışırlar ki, xarab olmuş boruları məhz qaz, su idarələri dəyişdirməlidir. Bu halda, vətəndaşların iki çıxış yolu qalır. Birincisi, boruları ya öz hesablarına təmir etdirməli və ya dəyişdirməlidirlər, ya da boru necə varsa, elə də qalmalıdır. Problemlə bağlı sakinləri düşündürən sual budur: Sovetdənqalma binaların boru sistemi niyə yenilənmir?

Bakının əksər rayonlarında sovet dövründə inşa olunmuş 5 və 9 mərtəbəli binalar təmir edilir. Blokların qapı-pəncərələri, giriş qapıları yeniləri ilə əvəzlənir. Bundan başqa, abadlıq işləri çərçivəsində həyətlər də asfaltlanır.

Bu işlər hazırda həm Bakıda, həm də rayonlarda davam etdirilir. Ayrılan vəsaitlər bu işlərin yaxın gələcəkdə daha da artacağını deməyə əsas verir.

Əlbəttə, bu işlərin dövlət hesabına görülməsi çox yaxşı haldır. Hər halda ətraf gözəlləşir, binalar yenilənir, yaşayış məntəqələri daha da abadlaşır və s. Ancaq burada bir məqamı unutmaq olmaz: təmir zamanı nədənsə binaların boru sistemləri yenilənmir. Halbuki hər kəsə məlumdur ki, əksər binaların boru sistemləri qəzalı vəziyyətdədir. Bina təmir olunursa, zənnimizcə, ilk növbədə, onun şaxtalarında və zirzəmilərindəki yerləşən boruların dəyişdirilməsindən başlanılmalıdır. Köhnə binaların əksəriyyətinin şaxtasına baxanda adamın tükləri biz-biz olur. Çünki köhnə, yararsız, paslı dəmir borular hər an qırılıb dağılabilər.

Qəzalı boruların yaratdığı bir problem də binaların zirzəmilərinin su ilə dolu olmasıdır. İllərdir, nə Bakıda, nə də rayonlarda bu problem həll olunmaq bilmir, dəfələrlə mətbuatın müzakirəsinə çıxarılsa da, bu məsələlər həllini tapmır. Bundan başqa, mənzillərə hələ sovet dövründə çəkilmiş qaz boruları da yararsız vəziyyətə düşüb və hər an dəhşətli hadisələrin, partlayışların baş verməsi ehtimalı var. Elə binalar da var ki, vətəndaşlar özləri yaşadıqları mənzillərin qaz xətlərini yeniləyiblər, amma işlər professional görülmədiyindən bunu da qənaətbəxş hesab etmək olmaz.

Əgər dövlət qurumları binaları təmir edirlərsə, bu o deməkdir ki, bu işə pul ayrılıb, müəyyən bir plan var. Yaxşı, əgər elədirsə, onda bərbad vəziyyətdə olan borular niyə dəyişdirilməsin? Axı "üstü bəzək, altı təzək" atalar məsələsinə uyğun aparılan təmir işləri kimə lazımdır? Təsəvvür edin, çöl tərəfdən binaya baxırsan, işıqlar yanıb-sönür, zövqlü bəzək işləri adamın ürəyini oxşayır, amma mənzilin içərisindəki, şaxtalardakı və ya zirzəmilərdəki bərbad boruları görəndə bütün düşündüklərin alt-üst olur.

Unudulan və icra edilməyən sərəncam

Hələ 2005-ci ildə yanvar ayının 10-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında paytaxtdakı bütün binaların yoxlanılacağı ilə bağlı açıqlama vermişdi. H. Abutalıbov o zaman şok effekti doğuran bu açıqlamasında qeyd etmişdi ki, hansı binanın zirzəmisində su aşkar olunarsa, mənzil-istismar sahələrinin hesabına qurudulacaq.

H. Abutalıbov bununla əlaqədar hətta sərəncam da imzalamışdı. Sərəncama əsasən, dövlətə məxsus binalarda dövlət vəsaiti hesabına bütün kanalizasiya və su xətlərinin yenidən qurulması planlaşdırılırdı.

Paytaxt meri bu tapşırığın öhdəsindən gəlməyənləri tutduğu vəzifələrdən azad edəcəyini, məsuliyyətsizlik faktları üzrə işləri isə prokurorluğa göndərəcəyini demişdi.

Həmin vaxtdan 8 ilə yaxın vaxt ötür. Amma bu gün problem nəinki həll olunmayıb, əksinə, daha da aktuallaşıb.

Şəhərsalma üzrə ekspert Emil Axundov binaların zirzəmilərinin illərlə su ilə dolu vəziyyətdə qalmasının bir gün ağır fəsadlar verə biləcəyi barədə hələ bir müddət öncə qəzetimizə açıqlama vermişdi. Onun sözlərinə görə, sovetlər dövründə inşa olunmuş həmin binalar 9 ballıq zəlzələyə davamlı tikilsə də, indi bu göstərici dəyişib: "Dəfələrlə demişəm ki, zirzəmilərin su ilə dolması binaların bünövrəsini boşaldır. Bünövrənin boşalması isə o deməkdir ki, 4-5 ballıq zəlzələ zamanı belə binalar uça bilər".

E. Axundov deyir ki, bu gün həmin təhlükə özünü ciddi büruzə verməsə də, bir gün mütləq acı nəticəsi olacaq. İndiki şəraitdə MİS-lərin bu problemi həll etmək iqtidarında olmadığını söyləyən ekspert: "Vahid plan olmalıdır və belə binaların sayı müəyyənləşdirilməlidir. Bu saya uyğun olaraq da, müəyyən məbləğdə vəsait ayrılmalıdır ki, problemi birdəfəlik həll etmək mümkün olsun. Əks təqdirdə, vəziyyət belə də davam edəcək və problem daha da dərinləşəcək".

Binaların şaxtalarında yerləşən qəzalı borular partlayan zaman, yaxud hər hansı sızma baş verən zaman mənzil istismar sahələrinə müraciət etdikdə, bu qurumlar məsuliyyəti öz üzərlərindən atırlar. Onlar vətəndaşları hər vəchlə inandırmağa çalışırlar ki, xarab olmuş boruları məhz qaz, su idarələri dəyişdirməlidir. Tutaq ki, su borusunda çat yaranıb və mənzilləri, zirzəmini su basır. MİS-ə müraciət edirsən, deyir ki, bu işə "Azərsu" ASC baxır. "Azərsu" ASC-dən isə bildirirlər ki, bu qurum boruların yalnız binaların girişinədək olan hissəsinə cavabdehdir.

Bu halda, vətəndaşların iki çıxış yolu qalır. Birincisi, boruları ya öz hesablarına təmir etdirməli və ya dəyişdirməlidirlər, ya da boru necə varsa, elə də qalmalıdır. Necə ki, qalır. Hər halda, zirzəmisində suyu illərlə qurumayan binalar buna əsl sübutdur.

"Zaman Azərbaycan"