Əlaqə Arxiv
news Image
2017.10.18
09:00
| A A A
Dini separatizmə rəvac verən saytlar
Sədrəddin Soltan: “Bu kimi saytlar vasitəsi ilə hər bir ideoloji düşüncə mərkəzi özünə tərəfdar axtarır” Elşad Miri: “Bu cür ayrı-seçkilik yaradan saytlar ictimaiyyətə bəlli olmalıdır”

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, monitorinqin nəticələrindən asılı olaraq təhlil işləri aparılır: "Təhlil işlərinin nəticəsində də müvafiq işlər görülür. Müxtəlif monitorinqlər hamanı ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlar aşkarlanıb. Bu saytların əksəriyyəti dini qaynaqlı saytdır. Baxmayaraq ki, özlərini xəbər saytı, portalı kimi təqdir edir, əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resursudur. Həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmişik, lazımi tədbirlər görülüb. Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür".
Siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, informasiya texnologiyaları inkişaf etdikcə məlumatların yayılması sürəti də artır: “İnsanlıq isə yarandığı gündən səsə, sözə, indiki hala uyğunlaşdırsaq, məlumata həssas olub. Bu baxımdan ən güclü silahların görə bilmədiyi işi məlumat, informasiya ilə görmək mümkündür. Odur ki, ziyanlı saytların açanlar da məlumatın, informasiyanın bu üstünlüyündən xəbərsiz deyillər. 
Aydındır ki, bu kimi saytlar vasitəsi ilə hər bir ideoloji düşüncə mərkəzi özünə tərəfdar axtarır. İlk hədəf isə təbii ki, özdilli əhalidir. Məqsəd təkcə təbliğat məkanında hakimiyəti ələ keçirmək deyil. Çünki onlar buna nail olmayacaqlarını yaxşı başa düşürlər. İsətnilən dövlətin daxilində xaos yaratmaq cəmiyyətin həmin dövlətin hakimyyətinə inamını itirir. Belə bir şərait də həmin qüvvələrin mövcudluğunu və fəaliyyəti üçün ən optimal vəziyyətdir. Söhbət yalnız dini  eksremist saytlardan getmir. 
Ümumiyyətlə, yeniyetmələr, gənclər üçün təhlükəli informasiya vasitələrindən cəmiyyəti müdafiə etməyin ən uğurlu yolu maarifçilik və doğrunun təbliğatından keçir. Nəzərə alaq ki, hazırda bunun üçün açıq vasitələr az deyil. Bu kimi məsələlərin həllindən biri mütəxəssislərin iştirakı ilə icitmai müzakirələrin təşkilidir”. 
İlahiyyatçı Elşad Miri bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilk növbədə həmin saytların adlarını açıqlamalıdır: “Yəni, bu cür ayrı-seçkilik yaradan saytlar ictimaiyyətə bəlli olmalıdır. Yaxud da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir ki, belə saytlara giriş qadağan edilsin. Ancaq onu da nəzərə alaq ki, virtual aləmi tam bağlamaq çətindir. Hansısa üsulla həmin saytlara girmək mümkün olur. Ona görə də insanların diqqətini daha çox cəlb edəcək, daha çox informasiya verə biləcək, dinlərini öyrədəcək özəl saytlara dəstək olunmalıdır. Bununla da insanların diqqətini təxribatçılıq yayan yox, həmin saytlara yönləndirmək lazımdır. Həmin saytlarda da problemlər insanlara əsaslandırılaraq, dəqiq izah edilərək çatdırılmalıdır”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz