Əlaqə Arxiv
news Image
2017.10.20
09:40
| A A A
Yas mərasimləri ilə bağlı qadağalar yenidən aktuallaşır
Kənan Rövşənoğlu: “Bunu din xadimləri, ictimaiyyət etməlidir” Əkrəm Həsənov: “Çox hallarda tarazlıq qorunub saxlanılmır”

Tacikistan Din İşləri Komitəsinin Üləmalar Şurası İslamşünaslıq Mərkəzi ilə birgə ölkədə matəm mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları təsdiqləyib və bu qaydaların yer aldığı kitabça buraxılıb. Qaydalarda bildirilir ki, ölkədə matəm mərasimləri Tacikistanda qəbul olunan hənəfi məzhəbinə, yerli xalqların adət-ənənələrinə və ölkə qanunvericiliyinə uyğun olaraq keçirilməlidir. Təlimatda cənazə namazının qılınması, oxunacaq duaların vaxtı göstərilib. Qaydalara əsasən, matəm zamanı ağlamaq olar, lakin bərkdən ağı demək, başa torpaq tökmək, saç yolmaq, üz cırmaq, ağı demək üçün xüsusi adam gətirmək qadağan olunub. Mərhumun ən yaxın qohumlarına üç gün yas saxlamağa icazə verilir.

Təlimatda matəm mərasimi zamanı kişilərin və qadınların geyimi ilə bağlı müddəalar da yer alıb. Milli adətlərə görə, mərasim vaxtı qara paltar geyinmək olmaz. Üç, yeddi, qırx və il mərasimlərində heyvan kəsilməsi və yemək verilməsinə də qadağa qoyulub. 
Qeyd edək ki, göstərilən bəzi məqamlar, aşırılılıq Azərbaycanda da yas mərasimlərində rast gəlinir. Bu fonda analoji qadağaların ölkəmizdə də tətbiqi gündəmə gəlir. Lakin ekspertlər bu məsələdə qadağaları məqbul hesab etmirlər. Maariflənmənin ən yaxşı üsul olduğunu deyirlər.
İlahiyyatçı Kənan Rövşənoğlu hesab edir ki, bu, daha çox totalitar bir yanaşmadır: “Dövlət xalqa necə adət-ənənə yaşatmağa məcbur edə bilməz. Cinayət törətmədikdən sonra insanların öz ənənələrini yaşatmaq haqqı var. Əgər söhbət neqativ adətlərdən, məsələn, daha çox ağlamaqdan və ya yasda üz cırmaqdan gedirsə, buna qarşı maarifləndirmə olmalıdır. Yoxsa, dövlətin işi o deyil ki, vətəndaşın necə ağlamasına da müdaxilə etsin. 
Dünyəvi dövlətin vətəndaşın hansı inanca, dinə və ya dinsizliyə xidmət etməsi öz seçimidir. Yox, əgər Tacikistan dini dövlət kimi hərəkət edirsə belə, burada bütün vətəndaşları bir dinə əsasən dəfn və yas mərasimi təşkil etməsini tələb etməsi dini baxımdan da doğru deyil. Çünki insanların inanc və etiqad azadlığı olmalıdır. Ancaq konkret olaraq israfçılıq, yemək süfrələrinin verilməsi, bir neçə gün məclislərin olması kimi mövzuya gəldikdə, burda da qadağa mənasızdır. Bunu din xadimləri, ictimaiyyət etməlidir. İnsanlara ehsan sözünün ölü üçün süfrə açmaq mənasında olmadığını, ehsanının könüllü bir iş olduğu, hər kəs üçün vacib olmadığını anlatmaq lazımdır. Bu mənada Azərbaycanda hələ uzun illər əvvəldən xalq özü buun tənzimləməyə başlayıb. Bir çox bölgələrdə insanlar özləri yığışıb bu məclislərdən imtina ediblər. Qafqaz Müsəlmanları İdarəsi  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi də bununla bağlı çağırışlar edib. 
Düşünürəm ki, bu adətlər zamanla yarandığı üçün insanlar birdən-birə imtina edə bilmir. Ancaq tədricən proses getməkdədir. Əksər bölgələrdə artıq yoxdur. Yəqin ki, zamanla sıradan çıxacaq. Ancaq bu cür zorakı metodların effektiv olacağına inamıram. Əksinə, qadağa daha da cəlbedicilik yaradır”.
İlahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, əslində gözəl ideyadır, tam islam dininin, şəriətimizin tələblərinə cavab verən qanundur: “Bu gün Azərbaycanda da dini maarifçilik davam edir. Artıq insanlar İslam dininin mahiyyətini elmi dəlil sübutlarla anlamağa başlayıblar. Biz də öz növbəmizdə kütləvi informasiya vasitələrində İslam dininin bizdən istədikləri ilə, bizim özümüzün formalaşdırdığımız  din anlayışı arasında yanlışlıqların düzəldilməsi istiqamətində açıqlamalar veririk. Məlumdur ki, hələ bir-iki il əvvəl Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da bu məsələdə mətbuatda açıqlaması yer almışdı. Hətta bir ara yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müəyyən qadağalar tətbiq olunurdu ki, insanlar dinimizin bizdən istəmədiyi israfçılığa meyl etməsinlər. Bəzi rayonlarda bu günün özündə insanlar yas məraismlərində israfçılıqdan qaçır, həddən çox yemək verilmir və yas məclisləri sadə çay süfrəsi həyata keçirilir. Bu barədə bəzi rayonlarda imamlar insanları maarifləndirməyə davam edirlər. Bir ara mətbuatda da belə xəbərlər dolaşırdı ki, Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. Xəbərdə bildirilirdi ki, bununla bağlı qərar dövlətin rəhbər strukturunda verilib. Məqsəd, yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq. Dəfələrlə rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilirdi. Yerli din xadimlərinə, imam və mollaların diqqətinə çatdırılırdı ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxması hallarının qarşsının alınması üçün üzərilərinə düşən tədbirləri həyata keçirsinlər. Onlar da maarifləndirmə işləri aparırdılar. Hətta inzibati tədbirlərə də əl atılacağı bildirilirdi. Sonra elə oldu ki, bu məsələnin üzərində dayanılmadı. İnsanlar qədimdən formalaşan ölü üçün ehsan vermək adətini tərk etmək istəmədilər. Bir çox şadlıq sarayları mərasim evlərinə çevrildi. İndi mərasim evlərinin sayı demək olar ki, şadlıq saraylarından çoxdur. Halbuki dinimizə görə, insan dünyasının dəyişdikdən sonra üç gün ərzində yaxınları ona baş sağlığı verə bilər. Amma 3, 7, 40 mərasimləri vermək İslam qayda-qanunlarında yoxdur. Peyğəmbərimiz, o cümlədən onun ardıcılları da  bunu həyatında tətbiq etməyiblər.  Ancaq İslam dini geniş ərazilərə yayılandan sonra müxtəlif millətlər öz adət-ənənələrini İslamla əlaqələndirib və bu cür mərasimlər keçiriblər. Xalqımız da qədimdən bəri formalaşan bu adəti indi icra edirlər. Əvvəllər dünyasını dəyişən şəxsin yaxınları ölü sahibinə kömək edirdilər. İndi isə bu kömək yas məclisinə gələrək pul yazdırmaqla həyata keçirilir. İnsanlar nədəndirsə, bu adəti tərk etmək istəmirlər. Düşünürəm ki, maarifləndirmə tədbirləri nəticəsində gələcəkdə bu adətlər tədricən İslam dinimizin bizdən istədiyi kimi formalaşacaq”.

Əkrəm Həsənov əlavə etdi ki, dinimizə görə, insanlarda olan nemətlər uca Allahın onlara verdiyi bir bəxşişdir: “Allah-təala insanları müxtəlif nemətlərlə onların özlərini necə aparmaları ilə imtahana çəkir. İnsanların bəziləri dərk edirlər ki, onlarda olan nemətlər imtahan üçün müvəqqəti olaraq onlara verilib. Həmin insanlar özlərində olan nemətləri digər insanlarla paylaşmağa çalışırlar. Amma bu gün cəmiyyətimizdə insanların əksəriyyəti “hamı özü üçün” prinsipi ilə yaşayır. Toy və yas mərasimlərində insanların gözünün önündə müxtəlif yemək növləri sərgilənir. Bəzi insanlar sərgilədikləri bu nemətlərdən digər insanların məhrum olduğunu dərk edirlər. Çünki, uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlamaq üçün azaldır. Bütün nemətlərin hamısı belədir. Bu barədə Quran ayələri də var. 

Allah təala bu ayələrdə bildirir ki, biz sizə çox və az nemət verməklə, bir-birinizlə imtahana çəkirik. Bu gün elə insanlar var ki, aylarla hansısa ərzaqdan dada bilmirlər. Elə insnalar da var ki, israfçılığa yol verirlər. Yəni, çox hallarda cəmiyyətdə tarazlıq qorunub saxlanılmır. Toy mərasimlərinə daha çox kasıblar dəvət olunmalıdır. Amma mənzərə onu göstərir ki, toy mərasimlərinə də ancaq qazanc əldə etmək məqsədi ilə yanaşılır. Bu da dinimizcə bəyənilmir. Toy mərasimlərində yemək çeşidlərində israfçılığa çox yol verilməməlidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz