Əlaqə Arxiv
news Image
2017.10.21
07:00
| A A A
Uşaqların mobil qurğulardan asılılılğı təhlükəli həddə çatır
Arzu Müzəffərova: “Əgər valideyn sosial şəbəkələrdə əyləncə, lazımsız əlaqələrə girirsə, övlad da asanlıqla həmin bağlılığa doğru gedəcək” Əhməd Qəşəmoğlu: “Proses yeni nəslin böyüməsində mənfi rol oynayır”

Hava, od, su, torpaq və internet. Bəli, artıq internet həyatımıza bir ünsür kimi daxil olub. Onsuz həyatı təsəvvür etmək mümkün deyil. Hətta yaşından asılı olmayaraq, hər kəs kompüterdən, internetdən, telefondan istifadə edir. İfrat həddi və təhlükəli tərəfi isə odur ki, bu gün körpələr belə internetdən, interentə bağlı mobil qurğulardan istifadə edir. Artıq valideynlər də buna adi hal kimi yanaşırlar. Ekspertlər bildirirlər ki, uşaqların mobil qurğulardan asılılılğı gələcək inkişaflarına ciddi təhlükə yarada bilər.

Psixoloq Arzu Müzəffərova bildirdi ki, müasir dördə yaşadığımıza baxmayaraq,  uşaqların internetə bağlı olması narahatedici vəziyyətdir: “Düzdür, internetdən istifadə etmək hər yaş həddinə lazımdır. Ancaq öncə valideyin övlad arasında mütləq bağlılıq formalaşmalıdır. Valideyn özü internetdən, telefondan istifadə edir və bunu evdə olan uşaqlar görür. Odur ki, öncə uşağın deyil, bu mövzuda valideyin  yanaşmasını görməliyik. 
Əgər valideyn sosial şəbəkələrdə əyləncə, lazımsız əlaqələrə girirsə, övlad da asanlıqla həmin bağlılığa doğru gedəcək. Bu cür hadisələr əsasən valideynin başı qarışıq olduğundan irəli gəlir. Valideyn öz övladı ilə bərabər internetdən səmərəli istifadə etməlidir. Bu zaman telefona, internetə meyl qorxulu həddə çatmaz.  Valideyn övladına dəstək olmalı, övladına vaxt ayırmalıdır. Qadağalar heç də yaxşı nəticələr vermir. Uşaqlarına internetə girməyi qadağan edən valideynlər elə bilməsinlər ki, onların övladlarının internet dünyasından xəbərləri yoxdur. Təcrübə bunu deyir. Hətta məktəblərdə şagirdlər arasında pul ilə sinif yoldaşlarının telefonlarından istifadə edən uşaqlara da rast gəmlişik.
Odur ki, qadağa deyil, övladların yanında olmaq və onların güvənini qazanmaqla bütün problemlərin qarşısını almaq daha məqsədəuyğundur. Yəni, valideyn övladı ilə  dost da olmalıdır. Məsələn, valideynlər övladları ilə səmərəli vaxt keçirməli, onlarla gəzintiyə çıxmalıdır. Günlük proqram olmalıdır. Uşağın gündəlik planında idman, musiqi, rəsm kimi əlavə məşğələlər yer almalıdır.  İnternet də həyatdır. İstəyən pis, istəyən faydalı olanı mənimsəyəcək”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu, ciddi problemlərdən xəbər verir: “Belə ki, proses yeni nəslin böyüməsində mənfi rol oynayır. İndi gənc anaların əksəriyyəti uşaqların başını qatmaq üçün asan yol tapıblar. Pisi də odur ki, uşağa telefon verirlər, özləri də bütün gününü sosial şəbəkədə keçirirlər. Bu isə uşağa ilk növbədə fiziki zərbə vurur. 
İkincisi, ana qayğısı, ünsiyyəti az görürlər. Yəni, yeni nəslin böyüməsində həm fiziki, həm mənəvi zərbələr vurur. Nəzərə alaq ki, ana xalqının ruhunu, mənəviyyatını, mədəniyyətini uşağa çatdıran ən birinci kanaldır. Ancaq indiki şəraitdə analar uşağı bundan məhrum edir. Uşağı elektron oyunların içərisinə buraxır. Hansı ki, həmin oyunların içərisində düşünülmüş milli-mənəviyyata ziyan verəbiləcək çoxsaylı proqramlar var. Bununla da uşaqlar tamamilə fərqli ruhda formalaşırlar. Çox qorxulu prosesdir”.
Sosioloqun fikrincə, cəmiyyətdə güclü maariflənmə aparılmalıdır: “Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Milli-mənəvi dəyərlərin təbliği məsələlərində məzmunlu verilişlər təşkil etmək lazımdır. Bu məsələdə Azərbaycan televiziyası əlahiddə rol oynaya bilər”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz