Əlaqə Arxiv
news Image
2017.10.24
10:27
| A A A
"Kurs bitirib rinoplastik cərrah olurlar"-Səhiyyə Nazirliyinin baş otolarinqoloqundan şok açıqlama

Ölkəmizdə rinoplastikaya tələbat artdıqca, uğursuz burun əməliyyatlarından gələn şikayətlərin də sayı artıb.  Səhiyyə Nazirliyinin baş otolarinqoloqu, AHTİ-nin burun-boğaz-qulaq xəstəlikləri kafedrasının müdiri, professor Nazim Hüseynov da Movqe.az-a açıqlamasında problemin günü-gündən daha da qabarıq şəkildə özünü biruzə verdiyini söyləyib. Həmsöhbətimiz deyib ki, rinoplastika kifayət qədər bilik-bacarıq, savad tələb edən peşədir: “Çox təəssüf ki, son vaxtlar bəzi cərrahlar iki-üç ay kurs keçib ixtisaslarını dəyişərək rinoplastik cərrah kimi fəaliyyət göstərirlər. Cərrahiyyənin bölmələri var. Hər bölmənin cərrahı plastik burun əməliyyatı edə bilməz. Əgər ixtisasını dəyişirsə, gərək həmin həkim 4 il həmin ixtisas üzrə rezidentura təhsili alsın. Yalnız plastik cərrahlar, lor cərrahlar rinoplastika ilə məşğul ola bilər. Stomatoloq cərrahların da rinoplastik cərrah kimi fəaliyyəti mümkündür. Amma daha travmatoloq gəlib plastik burun əməliyyatı edə bilməz. Çox təəssüf ki, bu peşəyə tələbatın artması müxtəlif profilli cərrahları rinoplastik cərrah kimi fəaliyyətə başlamağa sövq edib. İstənilən cərrahın bir neçə ay kurs keçməklə plastik cərrah olması mümkün deyil. Bunun üçün 4 il rezidentura təhsili almaq lazımdır”.
N. Hüseynov bu səbəbdən də rinoplastik əməliyyatlardan sonra fəsadların üzə çıxdığını söyləyir: “Pasiyentlər özləri bu məsələdə diqqətli olmalıdırlar. Əlində diplomu olmayanlara burun etibar etmək olmaz. Bunun çoxsaylı fəsadları ortaya çıxa bilər. Hansı ki, o fəsadları sadalamaqla bitməz. Ona görə də, plastik burun əməliyyatı etdirənlər cərrahın diplomunu tələb etsinlər. İki-üç ay kurs keçərək əlinə sertifikat alanlara rinoplastik cərrah demək olmaz. Bunun üçün 4 il rezidentura təhsili almaq gərəkdir. Çox təəssüf ki, bizdə bəzən kurs bitirərək ixtisas dəyişən cərrahlar var. Onların çoxu xaricdə kurs keçdiklərini, sertifikat aldıqlarını söyləyirlər. Belələrinin əlinə düşən pasiyentlərdə rinoplastik əməliyyatlarda müxtəlif fəsadlar ortaya çıxır”. 
Baş otolarinqoloqun sözlərinə görə, rinoplastik əməliyyatlarda lor mütəxəssislərin iştirakı vacibdir: “Plastik əməliyyat aparan cərrahlar xarici burunun formasını daha yaxşı qaydasına salırlar. Ancaq burada insan üçün vacib olan məsələ burun tənəffüsüdür. Çox təəssüf ki, bu cür estetik əməliyyatlarda xarici burunun forması düzəlir, ancaq burunun iç strukturu, iç arxitektonikası pozulmuş olur”.
Nazim Hüseynov deyir ki, plastik cərrahlar bəzən erkən yaşda da rinoplastik əməliyyat edirlər: “İxtisaslı lor cərrahlar, rinoplastiklər bilir ki, erkən yaşda rinoplastikaya müraciət etməyin ciddi fəsadları ola bilər. Amma bəzən kurs bitirib əlinə sertifikat alanlar buna məhəl qoymur. Halbuki, 18 yaşdan əvvəl rinoplastik əməliyyat burunda tənəffüs pozğunluğu ilə nəticələnə bilər. Lor cərrahlar bilir ki, burunun estetik əməliyyatı üçün 15-16 yaş çox tezdir. Çünki, yeniyetməlik dövründə hələ digər orqanlarla yanaşı, burunun da formalaşması tam başa çatmır. Bu proses 18-19 yaşda  yekunlaşır. Ona görə də, çox erkən dövrdən burunun rinoplastik əməliyyatı tənəffüsdə ciddi problemə səbəb ola bilər. Burun tam formalaşmadığından, getdikcə deformasiyaya uğraya bilər. Bu zaman nəfəsalmada çətinliklərin yaranması, müxtəlif tənəffüs problemlərinin ortaya çıxması gözləniləndir. İxtisaslı rinoplastik cərrahlar bu amilləri nəzərə almalıdır”.
 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz