Əlaqə Arxiv
news Image
2017.10.24
11:01
| A A A
Dəm qazı kabusu 3 nəfəri yaxalayıb-Toksikoloq hamam otaqları ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Dəm qazından zəhərlənmə diaqnozu ilə son bir həftədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 3 nəfər daxil olub. Bu barədə Movqe.az-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, havalar təzə-təzə soyduğundan, dəm qazından boğulma ilə bağlı müraciətlər əvvəlki aylarda qeydə alınmayıb: "Mənzillərdə istiliyə tələbatın artmasına bu aydan başlanılıb. Dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 3 nəfər müraciət edib. Onlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya gətiriləndə onların vəziyyəti orta ağır olub".
A. Maqsudov dəm qazından zəhərlənmə diaqnozu ilə ölüm halının hələki baş vermədiyini söyləyib.

Şöbə müdiri bildirib ki, dəm qazından zəhərlənmə əsasən hamam otaqlarında qeydə alınır: "Son bir həftədə dəm qazından zəhərlənənlərin hər üçü bu vəziyyətə hamamda düşdüklərini söyləyiblər. Ona görə də insanlar hamam otaqlarında diqqətli olmalıdırlar. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır. Dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır. Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə dərhal yorğana bükülməlidir. Çünki, həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz