Əlaqə Arxiv
news Image
2017.10.26
10:29
| A A A
Siqaret çəkənlər ekoloji vergiyə cəlb olunacaqlar?!
Musa Quliyev: “Bu təcrübə gələcəkdə məqbul görünür” İradə Nəsirova: “Artıq səkkizinci sinif uşaqları da siqaret çəkirlər”

Rusiya Səhiyyə Nazirliyi "siqaretlərə ekoloji vergi"nin tətbiqini təklif edib. Bu təşəbbüs 2020-ci ilə qədər tütün məhsullarının istehlakına qarşı dövlət siyasəti konsepsiyasının layihəsində əksini tapıb. 

Layihədə vergi "ekologiya vergisi" kimi əksini tapıb. Konsepsiya eyni zamanda siqaretlə mübarizəyə dair digər maliyyə tədbirlərini nəzərdə tutur. Bura tütün məhsullarının aksiz markalarının qiymətinin qaldırılması, bütün növ tütün məhsullarının vergilərsiz və rüsumsuz satışına qadağa qoyulması da daxildir. Eyni zamanda siqaret istehlakçıları ekologiyanı korladıqlarına, ətraf mühitə zərər verdiklərinə görə, "ekologiya vergisi" ödəməli olacaqlar. Sonuncu, siqaretin satışına tətbiq ediləcək kart sistemi ilə tənzimlənəcək. Bu tədbirlərin köməyilə Səhiyyə Nazirliyi Rusiyada tütün məhsullarından istifadənin həcmini azaltmaq istəyir. Hazırda bu məhsullardan istifadənin həcmi 30,9 faizdir. 2022-ci ildə isə bu rəqəmi 25%-ə qədər endirməyə çalışırlar. Nazirlik ümid edir ki, bununla da ölkədə siqaretlə əlaqədar olan xəstəliklərdən ölüm nisbətini azalda biləcəklər.
Problemin qlobal olduğunu nəzərə alaraq, Azərbaycanda da analoji təcrübənin, xüsusən də "siqaretlərə ekoloji vergi"nin tətbiq edilməsi gündəmə gəlir. Amma mütəxəssislər bu məsələyə birmənalı yanaşmırlar. 
Millət vəkili Musa Quliyevin fikrincə, bu təcrübə gələcəkdə məqbul görünür: “Ancq indi onun vaxı deyil. Azərbaycan siqaretçəkmə ilə mübarizəyə yeni başlayır. Tütün istehlakının məhdudlaşdırılması haqqında qanun tam qəbul edilməyib. İki oxunuşda qəbul olunub. Yəqin ki, üçüncü oxunuşda  qəbul olunacaq. 
İlk növbədə qapalı məkanlarda siqaret çəkilməsini qadağan edək və lazımi nəticə əldə edək. İndiki vəziyyətdə Rusiya təcrübəsini tətbiq etmək yerində olmaz. Əlavə problemlər yarada bilər. Digər tərəfdən də nəzərə alaq ki, hazırda vergilər və cərimələr kifayət qədər çoxdur. Buna da verginin tətbiq olunması həm insanların sosial vəziyyətini ağırlaşdıracaq, həm də onun tətbiqi mexanizmi çətin ola bilər. Amma tütün və tütün məhsullarının satışını məhdudlaşdırmaq məqsədi ilə aksiz dərəcələrini artıra bilərik. Bundan başqa, qapalı məkanlarda siqareti qadağan edən qanun qəbul edə bilərik. Bu mərhələdən sonra Rusiya təcrbəsinə baxmaq olar. Ancaq Rusiyanın özündə də bunu tətbiq etmək asan olmayacaq”.
Millət vəkilinin sözlərinə görə, bu cür inzibati metodların da müəyyən qədər faydası var: “Ən azından yeniyetmələr siqaret ala bilmirlər. Həmçinin böyüklərin özləri də qənaət etməli olurlar. Hətta siqaret çəkməmələri üçün icbari tibbi sığortada siqaret çəkənlərə daha yüksək sığorta faizi tətbiq edilir. Lakin bu gün vacib mərhələni keçməliyik. İlk növbədə qapalı məkanlarda siqaret çəkilməsini qadağana nail olmalıyıq”.
“Siqaretsiz Həyat” İctimai Birliyinin eksperti İradə Nəsirova bildirdi ki, hazırda siqarert dünyada qlobal problemə çevrilib: “Odur ki, analoji təcrübəni ölkəmizdə də tətbiq etmək lazımdır. Nəzərə alaq ki, hazırda uşaqlar da siqaret çəkir. Ancaq onların əksəriyyəti işləmir. Yəni konkret gəlir mənbələri yoxdur. Pulu ancaq  valideynlərindən alırlar. Təssüf ki, həmin pulu bəzən siqaretə verirlər. Bu fonda əgər siqaretə ekoloji vergi tətbiq olunacaqsa, məhsulun qiyməti artacaq. Bu da uşaqlarla yanaşı, bütövlükdə insanları siqaretdən uzaqlaşdıran amil olacaq”.
Ekspert əlavə etdi ki, tütünlə mübarizədə yalnız inzibati metod yetərli deyil: “Digər üsullardan da istifadə edilməlidir. Bu işdə ən effektiv vasitə geniş şəkildə maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Təəssüf  ki, bizdə piar zəifdir. Nəzərə alaq ki, gənclər internetdən çox istifadə edirlər. Məhz internet vasitəsi ilə məlumatlar çatdırmaq, təbliğat işi qurmaq olar. İnternetdə təbliğati tədbirlər, reklamlar təşkil etməliyik. O zaman gənclərin maarifləndiriməsi mükəmməl həyata keçəcək”. 
İradə Nəsirovanın fikrincə, Azərbaycanda siqaret çəkənlərin xüsusi payı yüksəkdir: “Artıq səkkizinci sinif uşaqları da siqaret çəkirlər. Odur ki, xüsusən onlar arasında maariflənmə işi ciddi təşkil edilməlidir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz