Əlaqə Arxiv
news Image
2017.10.27
13:15
| A A A
"Azərsu"dan suyun tərkibi ilə bağlı açıqlama- Su filtrləri satan şirkətlərin marağına xidmət edirlər

“Azərsu “ASC Bakıda əhaliyə verilən içməli suyun tərkibi ilə bağlı mətbuatda yer alan yazıların bəzən peşəkarlıqdan kənar, heç bir ekspert rəyi olmadan, rəsmi qurumun mövqeyi öyrənilmədən hazırlanaraq əhalini çaşdırdığını bəyan edib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Movqe.az-a açıqlamasında bildirib ki, dəqiqləşdirilmədən, heç bir ekspertin rəyi olmadan suyun keyfiyyəti ilə bağlı yazılar, daha çox su filtrləri (süzgəc) satan şirkətlərin maraqlarına xidmət edir: “Bakıda əhaliyə verilən suyun içməyə yararlı olub-olmaması barədə “araşdırma” aparan bəzi jurnalistlər nə hər hansı bir həkim-infeksionistin, ekspertin, müstəqil laboratoriyanın, nə də ki  “Azərsu” ASC-nin mütəxəssislərinin fikrini öyrənmədən paytaxtda əhaliyə verilən içməli suyun standartlara cavab vermədiyini iddia edirlər. Üstəlik bu suyun xərçəng, vərəm və digər xəstəliklərə səbəb olduğunu yazaraq əhali arasında təşviş yaradırlar. Bu cür yazılarda qeyd edyilir ki, TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən su tullantı suyudur. Qətiyyən belə deyil, tam yanlış informasiyadır.  Ppm hər bir ədədin milyonda bir hissəsi deməkdir. Əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi 1000-ə qədər olduqda bu su içməyə yararlı sayılır. Başqa sözlə bu gün Bakıya verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir. Bu barədə mətbuata tərəfimizdən dəfələrlə məlumat verilib və təəssüf ki, bəzi jurnaistlər suyun keyfiyyəti ilə bağlı yazı hazırlayarkən bu məlumatlardan istifadə etmirlər. Qeyd etmək istəyirik ki,  su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları isə insanların bu sahədə bilgilərinin az olmasında sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. “Azərsu” ASC olaraq bir daha bəyan edirik ki, bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur və içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz