Əlaqə Arxiv
news Image
2017.10.28
09:00
| A A A
İcbari tibbi sığortadan faydalanan insanların sayı artacaq
Adil Qeybulla: “Bütün hallarda başlanğıcın özü böyük önəm kəsb edir” Xəyal Məmmədxanlı: “Prosesdə sığorta şirkətləri yaxından iştirak etməlidir”

Xəbər verildiyi kimi, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihənin icrasından sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar gözlənilir. Mütəxəssislərin fikrincə, icbari tibbi sığortanın pilot layihə kimi bəzi rayonlarda tətbiq effektiv oldu. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bütün çətinliklərə baxmayaraq, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə cəhd olunmalıdır: “Nəzərə alaq ki, onsuz da proses gecikib. Düzdür, ilkin olaraq çətinliklər baş verəcək. Bu da əhaliyə başa salınmalıdır. Yəni bu istiqamətdə maariflənmə işləri sürətlənməlidir. Məsələn, bu gün xəstələnmə, əməliyyat, ümumi yoxlamaların sayını nəzərə alsaq, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi üçün indiki vəziyyətdə təxminən dörd milyard manat pul lazımdır. Amma bu gün səhiyyəyə ayrılan vəsait heç bir bir milyard manat deyil.  O baxımdan da ilkin olaraq, xeyli çətinliklər yaranacaq. Yenə də bütün hallarda başlanğıcın özü böyük önəm kəsb edir. 
Nəzərə alaq ki, tibbi sığorta əhalinin sosial müdafiəsinin mühüm formasıdır. Digər tərəfdən  tibbi münasibətlərin nizama, qaydaya salınmasında önəmli rol oynayır. Çünki bütün dünya bu yolla gedir, biz də bu yolla getməliyik”. 
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı hesab edir ki, mövcud icra mexanizmi bir rayonda effektiv ola bilər: “Lakin indiki sistemdə boşluqlar da var.  Halbuki, prosesdə sığorta şirkətləri yaxından iştirak etməlidir. Tibb müəssisələrinə ödənişlər sığorta şirkətləri vasitəsilə edilməlidir. İcbari Sığorta Bürosu isə sadəcə nəzarət orqanı olmalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz