Əlaqə Arxiv
news Image
2017.10.31
09:50
| A A A
Endirimlə aldadılan müştərilər
Eyyub Hüseynov: “Əksər hallarda endirim prosesində keyfiyyətsiz malları satırlar ”

Əksər mağazalarda endirim kampaniyaları yenə geniş vüsət alıb. Hətta bir sıra satış mərkəzlərində 70 faizə qədər endirimlərin olduğu barədə məlumatlara rast gəlmək olur. Amma iddialar da səslənir ki, böyük endirim kampaniyalarının əksəriyyəti saxtadır. Bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əksər satış məntəqlərindəki endirim kampaniyalarının həqiqəti əks etdirmədiyini diqqətə çatdırdı: “Ümumiyyətlə, endirim kampaniyası ilə əhalinin aldadılması məsələsi Azərbaycanda təəssüf ki, geniş yayılıb. İnsanlar saytlarda, kütləvi informasiya vasitələrində bu və yaxud digər mağazada endirimlərin olduğu barədə informasiyalarla tanış olur. Hətta mağazaların girişində də belə endirimlərlə bağlı məlumatlar asılır. Əslində isə bu endirim kampaniyaları saxtadır. Bunu etməklə satış mərkəzləri istehlakçıların bir çox hüquqlarını pozur. 
İstehlakçı malı almaq üçün seçəndən sonra bildirirlər ki, endirim həmin mala aid deyil. İkinci bir tərəfdən, əksər hallarda endirim prosesində keyfiyyətsiz malları satırlar. İstehlakçı isə tələbatını ödəmədiyindən onu dəyişmək istədikdə endirimlə aldığını bəhana edərək dəyişmirlər. Hər iki hal isə istehlakçıların hüquqları haqqında qanuna zidd hərəkətdir. Nazirlər Kabinetinin 91 saylı qərarına görə, malın üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədləri olmalıdır. Yəni elə-belə qiymət etdirimini göstərmək üçün əvvəlki qiyməti yazıb, üstündən xətt çəkməklə əslində istehlakçı aldadılır. Təəssüf ki, Azərbaycanda satılan malların 90 faizinin üzərində maddi-məsul şəxsin imzası göstərilən heç bir qiymət sənədləri yoxdur. 
 İstehlakçıların hüquqları haqqında qanuna görə, istehlakçının aldığı malla bağlı istənilən sənədi, o cümlədən rəsmi qiymət sənədini tələb etmək hüququ vardır. Satıcı da onu göstərməyə borcludur. Ümumiyyətlə, malın rəsmi qiymət sənədləri də olmur. Bir sözlə, əslində, Azərbaycanda həyata keçirilən endirim birsıra kampaniyası reallığı əks etdirmir və istehlakçının aldadılmasına hesablanmış bir addımdır. Belə neqativ halların aradan qaldırılması, saxta endirimlərə son qoymaq üçün effektiv istehlakçı siyasəti olmalıdır”.  
İqtisadçı-ekspert Yaşar Əsədov da bu qənaətdədir ki, mağazaların apardığı böyük rəqəmlərlə ölçülən endirim kampaniyası reallığı əks etdirmir: “Bir sıra hallarda görürük ki, bu və ya digər mağazada endirimlə satılan mal, başqa yerdə endirim olmadan satılan maldan daha baha qiymətə başa gəlir. Ola bilər ki, daha ucuz satılan məkandakı məhsullar qaçaqmal və kustar üsullar hazırlanaraq gətririlən mallardır. 
Aparılan endirim kampaniyası da əksər hallarda müştərini cəlb etmək üçün ortaya atılan bir fənddir. Lakin artıq bu fənd köhnəldiyindən, belə endirim kampaniyası ilə alıcını cəlb etmək ciddi effekt vermir. Bəzi mağazalarda 50+50 faiz endirimlərin olduğu elan edilir. Bu da endirimin 75 faiz olması deməkdir ki, reallığı əks etdirmir. Kiminsə belə endirimlərə getməyə maliyyə imkanlarının olduğunu düşünmək çətindir. Belə böyük endirimlər real  olarsa, bu hal bir çox satış məntəqələrinin müflis olması ilə nəticələnə bilər. Əslində, belə qiymət endirimləri heç də rəqabət üçün edilmir, satıcını cəlb etmək məqsədi daşıyır”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz