news Image
2012.04.26
14:16
| A A A
İntihar statistikası dəhşət saçır
Təkcə aprel ayının 1-dən 12-nə qədər Azərbaycanda 12 intihar hadisəsi qeydə alınıb

İndi getdikcə daha çox eşidilməyə başlanan xəbərlərdən biri də intihar halları, daha çox şəxsin həyatına sui-qəsd etməsi ilə bağlıdır. Proseslərin bu səpkidə inkişaf edəcəyi təqdirdə, ekspertlər intihar hallarının Azərbaycan cəmiyyəti üçün daha ciddi problemə çevriləcəyini proqnozlaşdırırlar. Əslində, intihar məsələsi yaşadığımız əsrdə əksər dünya dövlətləri üçün ciddi sosial problemə çevrilməkdədir və bu problemin getdikcə daha da dərinləşməsi gözlənilir.

Çünki dünya miqyasında insanların intihara meyillənməsi halları, təəssüf ki, ilbəil artır. Dünya Səhiyyə təşkilatının apardığı hesablamalara görə, indi hər il dünya üzrə 1 milyondan artıq insan intihara əl atır. 10 ildən sonra isə bu rəqəmin daha 500 min nəfər artacağı proqnozlaşdırılır. Onu da bildirək ki, intihar hallarının baş verməsinə görə dünya ölkələri üç qrupa bölünüb. Birinci qrupa bir ildə əhalisinin hər 100 min nəfərindən 10-nun özünə qəsd etdiyi ölkələr, ikinciyə 10-20 nəfərin və nəhayət üçüncü qrupa 20-dən çoxunun intihar etdiyi ölkələr daxildir. Azərbaycanda da son illər intihar halları artım istiqamətində gedir.

Mütəxəssislər intiharların daha çox cavan və orta yaşlı insanlar arasında qeydə alındığını bildirir. Adətən, bu vəziyyətə problemlərdən yaxa qurtara bilməyən, stresdə olanlar düşür və onlar çıxış yolunu, təəssüf ki, intiharda görürlər. İntihar halları iki qrupa - suisid və para suisidə bölünür. Para suisid intihar haqda fikirlər, sözlər, intihara cəhdlərdir. Suisid isə artıq realizə olunmuş və ölümlə nəticələnən haldır. Dünya statistikasına nəzər salsaq, Azərbaycanın intihara və sui-qəsdə görə nisbətən aşağı yerdə qərarlaşdığını görərik. Lakin intihar hallarının çoxalması vəziyyəti dəyişə bilər. İnsanın öz həyatına bilərəkdən son qoymasının səbəbləri haqda isə fərqli fikirlər səslənir.

Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirir ki, televiziyalarda efirə gedən, nümayiş olunan verilişlər, həmçinin kompyuterdə, internetdə olan məsələlər və sairə, bunlar hamısı insanlara, onların psixikasına güclü, ciddi təsir edir.

Bunlar da nəticə etibarilə insanlar arasında intiharların baş verməsinə və intihar hallarının sayının artmasına gətirib çıxarır. Komitə sədrinin dediyinə görə, burada düşündürücü və narahatedici məqamlardan biri də odur ki, intihar edənlərin içərisində yetkin, ağıllı adamlar daha çoxdur: "Bunun da səbəbi yenə internetin, kinofilmlərin, həddindən artıq emosionallığın üzərinə gəlib çıxır. İntiharların başqa səbəbləri də var. Bu, evdə uşaqların sayının az olmasıdır. Bu, uşaqların ərköyün böyüməsidir, emosional məqamların güclənməsidir, valideynlərin uşaqlara az vaxt sərf etməsidir".

H.Rəcəbli deyib ki, uşağının qayğıları ilə yaşayan valideynlər, ancaq uşaqların emosional hissləri ilə yaşamır: "Valideynlər daim onları nəzarətdə saxlamalıdır. Bu günlərdə qəzetlərin birində oxudum ki, bacısının xəbəri varmış qardaşı bir qız sevir. Onların arasında nə isə münasibətlər var. Valideynlərdən də biri bilməliymiş onu. Oğlan da çox ziyalı, mədəni bir oğlan imiş. Ancaq o, intihara əl atır. Bu, əlbəttə, çox narahatedici bir məsələdir. Cəmiyyəti düşündürən məsələlərdən biri də elə budur".

İntiharların çoxalmasının kökündə sosial problemlərin daha çox dayanması ilə bağlı versiyalara gəlincə, komitə sədri "Gün" portalına açıqlamasında bunu istisna etmədiyini, ancaq bu məsələnin üzərində geniş dayanmaq istəmədiyini də qeyd edib: "Bayaq yuxarıda adını çəkdiyim şəxs də kasıb adam deyilmiş, imkanlı, işi, hər şeyi olan adam imiş. Deməli, kasıblıq əsas səbəb deyil. Hər dəfə bundan qaçmaq lazımdır. Mən özüm elə kasıblıqla böyümüşəm. Deyirlər, kasıblıq ailə dağıdır. Yalan söhbətdir". Qeyd edək ki, təkcə aprel ayının 1-dən 12-ə qədər Azərbaycanda 12 intihar hadisəsi qeydə alınıb.

Onu da bildirək ki, ölkəmizdə intiharla bağlı real statistika yoxdur, bu sahədə aparılan işlər natamamdır, məlumat azlığı hökm sürür. Konkret, real analizi ortaya çıxarmaq üçün illər boyu statistika aparılmalıdır. Təəssüf ki, belə statistikalar aparılmadığından, məsələyə konkret yanaşmaq da çətindir. Bəzi ekspertlər çıxış yolunu özünə qəsdləri araşdıran ayrıca qurum və ya mərkəzin yaradılmasında görür. Hesab edilir ki, belə mərkəz və ya qurumun olmasına böyük tələbat var.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs