news Image
2013.03.11
17:20
| A A A
Toy meynuları bahalaşacaq
Natiq Cəfərli: «Təbii ki, vergi ödənişləri artırsa, dəyişiklik olursa, bu hal mal və xidmət qiymətlərinin qiymət artımına da öz təsirini göstərəcək» Zahid Məmmədov: «Şadlıq saraylarının daha çox vergi ödəməsi heç bir halda xidməti qiymətlərin artımına səbəb ola bilməz»

Məlumat verildyi kimi Bakıda fəaliyyət göstərən şadlıq evləri bu il daha çox vergi ödəyəcəklər. Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin rəisi Habil Məmmədovun sözlərinə görə, ötən ilin ikinci yarısından sonra əmək müqavilələrinin bərpası prosesinin əksər hissəsi şadlıq evlərində tətbiq olunub: "Hesab edirik ki, bu il şadlıq evlərindən vergi ödənişi daha çox olacaq".

H.Məmmədov bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən şadlıq evləri tərəfindən 2010-cu ildə 3 milyon 543 min manat, 2011-ci ildə 12 milyon 90 min manat, 2012-ci ildə isə 12 milyon 300 min manat vergi ödənilib. Cari il ərzində şadlıq saraylarının daha çox vergi ödəyəcəyi təqdirdə, ekspertlər toy menyularının bahalaşcağını proqnozlaşdırırlar.

İqtisadçı ekspert Natiq Cəfərli Mövqe.az-a açıqlamasında bununla bağlı qeyd edir: "Vergilər də bir xərc növüdür. Əlbəttə, sahibkarın çalışdığı sahədə xərclərin artırılması baş verirsə bu, həmin sahibkarın göstərdiyi xidmətlərin maya dəyərinə də təsir göstərir və xidmət qiymətlərinin artırılması ilə nəticələnir. Təbii ki, vergi ödənişləri artırsa, dəyişiklik olursa, bu hal mal və xidmət qiymətlərinin qiymət artımına da öz təsirini göstərəcək. Amma bu məsələ ilə bağlı dəqiq qərar verilməyib, sadəcə təkliflər var. Təkliflər sonunda necə reallaşacaqsa, nəticədə qiymət artımının həddini öyrənmək mümükün olar".


İqtisadçı ekspert Zahid Məmmədov isə qəti olaraq şadlıq saraylarında qiymət artımının yolverilməzliyini bildirib: "Şadlıq saraylarının daha çox vergi ödəməsi heç bir halda xidməti qiymətlərin artımına səbəb ola bilməz. Dünyada qəbul edilmiş standartlar var. Ümumiyyətlə, biz dəfələrlə demişdik ki, artıq yeni bir nizam-intizam gətirilməsi və standart qiymətlərin olması lazımdır. Buna baxılması lazımdır ki, insanlar ödədikləri malları istehlak edə bilirmi?! Əgər qiymət artımı baş verərsə, insanlar seçim edə və qiyməti münasib olan şadlıq sarayını seçə bilərlər. Hər kəsin seçmə hüququ var. Düşünürəm ki, bələdiyyələr də torpaq sahələrində evləndirmə dairələri tikməyə başlamalıdırlar. Türkiyədə olduğu kimi evləndirmə dairələri pulsuz vətəndaşlara xidmət göstərməlidir. Şadlıq sarayı və evləndirmə dairələri fərqli-fərqli məkanlardır".