Əlaqə Arxiv
news Image
2017.11.17
09:30
| A A A
Ermənistan əhalisini yeni qara günlər gözləyir
Düşmən ölkədə əhalinin sosial vəziyyəti daha acınacaqlı xarakter alır

“Ermənistan əhalisinin yaşayış şəraiti 2018-ci ildə 2017-ci illə müqayisədə 10 faizdən çox pisləşəcək”. Bu sözləri ölkə parlamentindəki “Çıxış” blokunun sədri, deputat Nikol Paşinyan səsləndirib. Onun sözlərinə görə, 2018-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təqaüd, müavinət və minimum əmək haqqı artırılmayacaq. Bu azmış kimi hələ səhiyyə sahəsinə ayrılan xərclər 5 milyard dram (yüz milyon dollara yaxın), sosial xidmətə 300 milyon dram, təhsilə ayrılan xərclər isə 700 milyon dram ixtisar ediləcək. Ölkənin xarici borcları artıb, qiymətlər bahalaşıb. Bütün bunlar isə Ermənistan əhalisinin həyat şəraitinin gələn il daha 10 faiz ağırlaşacağını deməyə əsas verir.

Əhalinin 50 faizinin onsuz da yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı bir ölkənin büdcəsinin başına belə oyun açılmasının səbəbi nədir? Axı, iş tapa bilməyən, tapanda da normal məvacib almayan insanların gözünü dikdiyi sosial müavinətlərin azaldılması insanlığın heç bir çərçivəsinə sığmır. Bəs, ixtisarlar nəyə xidmət edir? Parlamentə təqdim olunmuş 2018-ci ilin büdcə layihəsində hərbi xərclər birdən-birə 17% artırılıb. Əgər 2016-cı ildə hərbi xərclər 201 milyard dram idisə, gələn il bu məğləb 246 milyard dram olacaq. Düzdür, bu rəqəm Azərbaycanın hərbi xərcləri ilə müqayisədə gülünc görsənir. Amma Ermənistanı Azərbaycanla müqayisə etməyinə dəyməz. Çünki, bizim təkcə hərbi xərclərimiz bu ölkənin bütövlükdə dövlət büdcəsini üstələyir. Ermənistanın özü üçünsə hərbiyə bu qədər pukun ayrılması fantastik sayıla bilər. Hətta 2009 və 2013-cü illərdə hərbi xərclərin baş vermiş kəskin artımı da builki artımın kölgəsində qalır. Məsələ burasındadır ki, təkcə hərbi sfera ilə iş bitmir. Xalqın narazılığının bir gün üsyana çevriləcəyindən qorxan hökumət güc strukturlarının maliyyələşdirilməsini də ildən-ilə gücləndirir. Son 10 ildə polisin büdcədən maliyyələşdirilməsi artan sürətlə gedib. Həmin dövrdə polisin maliyyəsi 96%, müdafiə sahəsi 94%, milli təhlükəsizlik xidməti isə 60% artıb. Bu faktlar sübut edir ki, Serj Sarkisyan dövləti polis rejimi ilə idarə edir.  
“Aykakan Jamanak” qəzeti bu haqda yazır: “Ekspertlər məsrəflərin səmərəliliyi məsələsinə diqqət edərək bildirirlər ki, bu mühüm amili dəyərləndirmək mümkün deyil, çünki həmin üç dövlət strukturları üzrə hüsabatlar ictimaiyyətin üzünə bağlıdır və şəffaflıq olmadığından qiymətləndirmə də yoxdur”.  
Vəziyyətin belə kəskinləşməsi Ermənistan hakimiyyətinin təcavüzkarlıq siyasəti ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq arzusu hökuməti hərbi büdcəni daim artırmağa vadar edir. Eyni səbəbdən Ermənistan bütün əsas regional layihələrdən kənarda qalıb. Üstəlik, işğalçılıq fəaliyyətinə görə qonşu Türkiyə Respublikası ilə də əlaqələr saxlaya bilmir. Halbuki, Cənubi Qafqazın lideri Azərbaycan və qüdrətli Türkiyə ilə əməkdaşlıq Ermənistanın nicatı üçün yeganə düzgün yol ola bilər. Hətta su resurslarının nizamlanması sahəsində də Türkiyədən asılı olan bu dövlət düşdüyü çətin duruma görə yalnız özündən narazılıq edə bilər. Bu günlərdə Ermənistanın baş naziri Karen Karapetyan parlamentdəki hökumət saatında bildirib ki, Axuryan su anbarından birgə istifadə zamanı Türkiyənin bu ölkəyə etinasızlığı ucbatından Ermənistan çətin anlar yaşayır. Belə olan təqdirdə, təbii ki, haqlı olaraq soruşulur ki, əgər hökumət ən adi problemləri həll etmək iqtidarında deyilsə, onda əhalinin güzəranını necə yaxşılaşdıra bilər?
Ermənistanda siyasi və sosial hadisələrin axarı göstərir ki, xalq bel kəmərini sıxmaqla yoxsulluqdan qurtula bilməyəcək. Yalnız hərəkətə keçməklə, xaricdə yaşayan bir çox erməni ziyalılarının dediyi kimi, Sarkisyanı və onunla birlikdə qonşularına münasibətdə irticaçı siyasəti devirməklə xoş günlərə ümid bəsləyə bilər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz