Əlaqə Arxiv
news Image
2017.11.21
09:30
| A A A
Peşə təhsili ilə bağlı mühüm addım
Nadir İsrafilov: “Orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilməlidir” Məlahət Mürşüdlü: “Bizə orta ixtisası mükəmməl bilən insanlar lazımdır”

Milli Məclisin Elm və təhsil komitəsində  yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub. Qanunda bir sıra yeniliklə öz əksini tapıb. Belə ki, peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək. Bundan başqa, Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini və 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir. İddialar səslənir ki, yenilənmiş “Peşə təhsili haqqında” Qanunun qəbulu, cəmiyyətdə bu sahəyə marağı artıracaq.

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov hesab edir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcəyini stimullaşdırıcı addım kimi təqdirəlayiq hal hesab etmək olar: “O ki qaldı 3 pilləli peşə təhsilinin tətbiqinə dair təklifə, bu, çox vaçib məsələdir. Ciddi təhlil və işlək mexanizminin hazırlanmasını tələb edir. 
Hesab edirəm ki, ilk növbədə ilk peşə təhsili ilə bağlı problemlərimizi - maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, yeni infrastrukturların yaradılması, peşəkarlardan ibarət kadr potensialının formalaşdırılması, peşə təhsilinə olan marağın gücləndirilməsi, müvafiq peşələr üzrə iş yerlərinin açılması kimi məsələləri sona qədər həll etməlidir, bütün hazırlıq işləri tam başa çatdıqdan sonra mərhələlər üzrə belə bir modelin tətbiqinə keçmək olar. Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilməlidir”.
Ekspertin fikrincə, istənilən vəziyyətdə və istənilən formada peşə təhsili nəinki təkmilləşdirilməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir: “Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Söhbət təkcə peşə məktəblərindən getmir. Elə istər orta məktəblər olsun, istər orta-ixtisas, istərsə ali məktəblər forma və pilləsindən asılı olmayaraq, peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Bu baxımdan digər təkliflərlə yanaşı, peşə məktəblərinin orta məktəblərlə inteqrasiyası məsələsi də nəzərdən keçirilə bilər. Peşə təhsili diqqət və dövlət qayğısı tələb edir. Bu sahənin inkişafı getdikcə daha çox aktuallaşır və günün tələbinə çevrilir. Məsələyə dövlət başçısı səviyyəsində önəm verilməsi isə bu vacib sahənin gələcək perspektivlərinə ümid bəsləməyə inam və əminlik yaradır”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, birmənalı şəkildə olmasa da, atılan addımlar peşə təhsilinə marağı artıracaq: “Nəzərə alaq ki,  Təhsil Nazirliyinin bu sahəni inkişaf etdirmək üçün xüsusi proqramı var. Bunun üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik gənclərimizi peşə təhsilin istiqamətində motivasiya edən proqramlar, layihələr müəyyənləşdirib. Həmin layihələr həyata keçirilərsə, şagirdlərin peşə təhsilinə marağı artacaq. 
“Peşə təhsili haqqında” qanunun da Təhsil Nazirliyinin təklifləri əsasıda hazırlanmış layihədir. Orada mütərəqqi, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun müddəalar yer alıb.  Həmiin müddəalar peşə təhsili məktəblərində tətbiq edilərsə, bu istiqamətdə maraq artacaq. Düzdür, əsas problem peşə məktəblərini bitirənlərin iş tapmasıdır. Bizə orta ixtisası mükəmməl bilən insanlar lazımdır. Mütləq deyil ki, hamı ali təhsilli olsun. Şirkətlərlə əməkdaşlıq çərçivəsində məzunların işlə təmin edilməsi başlıca məsələdir. Belə olduğu halda peşə təhsilinə maraq yüksələcək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz