Əlaqə Arxiv
news Image
2017.11.22
14:10
| A A A
Azərbaycanda güclü zəlzələ olarsa yeni binaların aqibəti necə olar? Mütəxəssisdən açıqlama

Son günlər zəlzələ ocaqlarının aktivləşməsi insanlar arasında təşvişə səbəb olub. İran-İraq sərhədində baş verən güclü zəlzələnin Azərbaycanın İranla həmsərhəd olan ərazilərində - Naxçıvan, Lənkəran, Lerik və Yardımlıda hiss olunması isə narahatçılıqları bir qədər də artırıb. Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonu ərazisində də zəlzələ qeydə alınmışdı. Bərdə şəhərindən 23 km şərqdə 5.1 maqnituda baş verən yeraltı təkan özünü ölkənin digər rayonlarında da hiss etdirdi. 10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, eləcə də Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda təkanlarla müşayət olundu. Bu gün isə Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb. Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.  Son günlər bir-birinin ardınca ölkəmizin müxtəlif ərazilərində qeydə alınan yeraltı təkanların İran-İraq sərhədində baş verən güclü zəlzələnin təsiri ilə əlaqəli olduğu barədə söz-söhbət dolaşır. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bu məlumatın doğru olmadığını söyləyir. Həmsöhbətimiz deyir ki, yerdaxili proseslər dünyanın hər yerində gedir. Q. Yetirmişli Azərbaycanda 115 bundan əvvəl baş vermiş zəlzələdən sonra güclü dağıdıcı zəlzələnin qeydə alınmadığını söyləyir. Onun sözlərinə görə, ölkəmizdə ən dağıdıcı zəlzələ 1902-ci ildə baş verib: “Ondan sonra baş verənlər orta güclü heç bir dağıdıcı təsiri olmayan yeraltı təkanlardır. Hansı ki, belə təkanlar heç yaşayış evlərinə də ziyan vurmaq gücündə deyil. Elə götürək Ağdam, Bərdə ərazisində qeydə alınan son yeraltı təkanları. Əgər tikinti qaydalarına düzgün əməl edilsəydi, o qədər də güclü olmayan yeraltı təkan tikililərə ziyan vurmayacaqdı”.
Q. Yetirmişli deyir ki, İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz: “O vaxt güclü zəlzələlər zəlzələ ocaqlarını oyadır ki, yaxınlıqda  buna hazırlıq getsin. Bu zaman zəlzələ ocağında proses tezləşir. Hazırda qeydə alınan təkanlar bloklar arasında gərginliyin toplanması ilə əlaqədardır. Bunlar qeydə alınan kiçik yeraltı təkanlardır. Hazırda İranda zəlzələ ocağında proses davam edir və avtoşoklar bir müddət davam edəcək. Bu təkanın zəlzələ ocaqlarını oyadıb güclü zəlzələyə səbəb olma ehtimalı da yoxdur” . 
Mərkəzin direktoru bildirir ki, Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmur: “Rixter cədvəli ilə 6 maqnitudada zəif təkanlar qeydə alınır ki, bu hallar mütəmadi baş verir”. 
Q. Yetirmişlinin sözlərinə görə, bu il ərzində 3800 yeraltı təkan qeydə alınıb: “Onların da çoxu zəif təkanlardır. Mərkəzin direktoru orta zəif zəlzələlərin heç bir fəsad törətmədiyini söyləyir: “Ona görə də, əhalinin narahatçılığına heç bir əsas yoxdur”. 
Həmsöhbətimiz ölkə ərazisində yeni tikililərin zəlzələyə davamlılığı ilə bağlı  nigarançılıqlara da aydınlıq gətirib. Onun sözlərinə görə, yeni hündür mərtəbəli binalar inşa edilərkən ərazinin seysmik vəziyyəti öyrənilir: “Yeni bina inşa edildikdə mütləq ərazinin seysmoloji durumu öyrənilir. Fərqi yoxdur orada üç mərtəbəli bina tikiləcək, yaxud 17-18 mərtəbəli. Bundan əlavə, bina tikilib başa çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən dövlət qeydiyyatına alınır. Buna camaat arasında binanın təhvil götürülməsi deyirlər. Əgər yeni tikili FHN-nın müvagiq qurumu tərəfindən təhvil götürülübsə, o binanın zəlzələyə davamlığı ilə bağlı narahat olmağa dəyməz. Çünki, bu qurumda çalışanlar həmin sənədlərə imza atdıqda bütün məsuliyyətləri də öz üzərlərinə götürmüş olurlar. Belə deyək ki, baş verəcək hadisəyə görə başları ilə məsuliyyət daşıyırlar. Ona görə də FHN-nın təhvil götürdüyü göydələnlərlə bağlı narahat olmağa dəyməz. Amma elə yaşayış binaları var ki, inşası başa çatsa da, hələ də FHN-nın qurumu tərəfindən təhvil götürülməyib. Belə binalardan narahat olmağa dəyər. Həmin binalara nə qaz, nə su, nə də elektrik enerjisi verilmir”.
Q. Yetirmişli baş verəcək güclü zəlzələlərdən minimum zərərlə çıxmaq üçün ehtiyatlı davranmağın da vacib olduğunu söyləyib: “Hər ehtimala qarşı göydələnləri inşa edəndə mövcud tikinti normativlərinə əməl etməklə yanaşı, binalar arası məsafəni də qorumaq lazımdır. Yeni tikililər arasında məsafə nə qədər çox olsa bir o qədər yaxşıdır”.  
Qeyd edək ki, bir neçə gün öncə İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.
Zəlzələ nəticəsində İranda həlak olan insanların sayı 400-dən, yaralananların sayı 6700-dən çoxdur. İran-İraq sərhədində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Belə ki, İrandakı zəlzələ sərhəd rayonlarında, Naxçıvan, Lerik, Lənkəranda 2-3 bala qədər hiss olunub. Bu isə əhalini təşvişə salıb.
Q. Yetirmişli isə heç bir narahatçılığa əsas olmadığını, Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmadığını söyləyir.  

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz