Əlaqə Arxiv
news Image
2017.11.23
11:30
| A A A
Tibb müəssisələri də müstəqil şəkildə öz marketinqlərini həyata keçirmək imkanına malik olmalıdır

Ölkəmizdə demokratik islahatların aparılması yeni düşüncə və mədəniyyətlərində formalaşmasına ehtiyacın olduğunu ortaya çıxarır. Bu baxımdan son illərdə dövrün tələbi kimi tibb müəssisələrində aparılan islahatları da qeyd etmək lazımdır. Çünki dövlətimizin ən vacib strategiyalarına  vətəndaşlarımızın sağlamlığı da daxildir.

Həyata keçirilən islahatlar nəticəsində respublikamızın regionlarında bütün tələblərə cavab verən müalicə diaqnostika mərkəzləri və xəstəxanalar istifadəyə verilib. Bu tibb müəssisələri ən son modelli tibbi avadanlıqlarla təmin edilib. Eyni zamanda ölkədə kifayət qədər peşəkar kadr potensialı da var. Azərbaycan Tibb Universitetinin təhsil sistemi dünyanın inkişaf etmiş bir çox ölkələrinin ali məktəblərinin tədris səviyyəsi ilə eynidir. 
Amma formalaşmış stereotiplər nəticəsində etiraf edək ki, Azərbaycanda bir çox insanlar həkimə getməkdən çəkinirlər. Fikirləşirlər ki, yaranan xərcləri necə ödəyəcəklər.
Ona görə belə insanlar yalnız vəziyyətləri tam ağırlaşanda həkimə müraciət edirlər. Bunun üçün isə tərəflərin - həm cəmiyyətin, həm xəstəxanaların, həm də sığorta şirkətlərinin münasibətləri sivil formada qurulmalıdır və məlumatlılıq səviyyəsi artırılmalıdır. Sevindirici hal budur ki, son zamanlar dövlətimizin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasət artıq öz bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ölkə iqtisadiyyatının əsas hissəsi qeyri-neft sektorunun üzərinə düşməlidir” tapşırığı uğurla həyata keçirilməkdədir. Bu baxımdan da səhiyyə sahəsindəki islahatlar və əhaliyə tibbi xidmətin göstərilməsi, inkişaf etmiş ölkələrdəki kimi yüksək səviyyəyə qaldırılması dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib.  Yüksək səviyyənin təmin edilməsinə hesablanan bu dövlət idarəsi, səhiyyə sahəsində davamlı islahatlara da güclü təkan verir. Hazırda bu istiqamətdə müəyyən ciddi addımlar atılır. Belə ki, 1999-cu ildə Milli Məclis tərəfindən “İcbari tibbi sığorta” haqqında qanun qəbul edilib. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər olunub. Prezident İlham Əliyevin 4 aprel 2014-cü ildə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qərar əsasında 16 fevral 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin maliyyə mənbəyi isə respublikanın dövlət büdcəsinin maliyyə vəsaiti, icbari tibbi sığorta haqları, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr hesabına formalaşır. Bu agentliyin əsas vəzifələrindən biri də icbari tibbi sığorta olunanlara müvafiq proqram uyğun tibbi yardım göstərilməsi üçün səhiyyə müəssisələri ilə müqavilələr bağlayıb, onlara keyfiyyətli xidmətin yüksəldilməsi üçün strategiyalar həyata keçirməkdir. Eyni zamanda da tibb müəssisəsinin və ya tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi məqsədilə agentliklərə məhkəməyə müraciət etmək hüququ verilir. Agentlik həmçinin sığorta olunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətlərinin monitorinqini həyata keçirmək hüququna da malikdir.
Lakin Azərbaycanda tibbi sığorta şirkətlərinin zəif olması hələ də bu və ya digər formada qeyd etdiyimiz səviyyəyə çatmaq baxımından müəyyən maneələr yaradır. Əsas problem fərdin tibbi sığorta bazasının hansı şəkildə formalaşa bilməsindən asılıdır. Yəni istənilən şəxsin sığorta paketinin ödənilməsi və ya maliyyə mənbəyinin tapılması müəyyən yeni strategiyaların yaranmasını zəruri edir. Belə ki, sovet səhiyyə sistemindən qalma tibb müəssisələrinin bazasında yenidən strukturlaşdırılma aparılmasına böyük ehtiyac var. Yəni müasir idarəetmə mexanizmlərində müstəqil maliyyə fəaliyyətlərini formalaşdıra biləcək hüquqi şəxs statusunda yeni müəssisələrin yaranması mümkündür. Payçı mülkiyyətlərə “Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri” haqqındakı qanuna uyğun olaraq müasir tələblərə cavab verən tibb müəssisələri təsis etmək olar. Tibb müəssisələrinin təsisində və ya yenidən strukturlaşdırılmasında idarəedilmə paketi mənsub olduğu profil təşkilatlarına və ya tabeçiliyindəki tibb müəssisəsi  işçilərinin əldə edə biləcək səhm paketləri hesabına özünü idarəetmə hüququ statusuna malik kollektiv təsərrüfatlara aid ola bilər.
Bundan başqa, tibb müəssisələrinin maddi-texniki bazasının təmin edilməsi üçün və həmçinin tibbi xidmətin səviyyəsinin yüksəldilməsi baxımından kənardan “intervent investisiya” cəlb oluna bilər. “İntervent investisiya” tibb müəssisəsinin səhmlərini əldə etməklə və ya müəyyən dövr həcmində gəlir fondundan pay almaqla iştirak edə bilər. Bu, qarşılıqlı razılaşmalar nəticəsində idarəetmə paketinə malik tərəflə intergent subyekti arasında həll edilir.
Tibb müəssisəsi əgər müstəqil hüquqi şəxsdirsə və ya payçı səhmdar cəmiyyətdirsə, idarəetmə paketini əlində saxlayan tərəf və ya tərəflər maddi-texniki bazanın təkmilləşdirilməsi, əhaliyə tibbi xidmətin səmərəliliyinin artırılması baxımından lizinqlər şəklində banklarla əməkdaşlıq edə bilər. Bank orada payçı tərəf kimi və ya gəlir fondundan müddətli emisiyalar əldə edə bilər.
Tibb müəssisələri Azərbaycan qanunları çərçivəsində beynəlxalq strukturlardan və ya beynəlxalq maliyyə mərkəzləri tərəfindən subsidiv investisiyaların əldə olunması və bu istiqamətdə qarşılıqlı xidmət göstərməsi baxımından vacib məsələlərdən biridir. Bütün bunlar Azərbaycan səhiyyəsində həm özəl, həm də dövlət sektorunun inkişafını təmin edəcək. Bu cür sistemin tətbiqi, eyni zamanda  tibbi personalın əməkhaqlarının yüksəlməsinə səbəb olacaq. Əlbəttə, bu tip tibb müəssisələrini idarə edənlərin əsas qayəsi o olacaq ki, sağlam rəqabətə tab gətirmək üçün yüksək peşəkar mütəxəssisləri cəlb etsinlər. Həmçinin marketoloji xidmət göstərib ən müasir avadanlıqlarla təmin edərək yüksək gəlir əldə etməyi düşünəcəklər. Bu komponentləri özündə birləşdirən tibb müəssisəsi səviyyəli xidmət göstərərək, daha çox gəlir əldə edərək tibb personalına yüksək əməkhaqları verəcək. Əks təqdirdə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə müraciətlərin sayı azalacaq və sığorta şirkətləri də onlardan üz döndərəcək. Burada bir neçə məqamı xüsusi vurğulamaq istəyirəm. Tibbi sığorta bazarında monopoliyanın qarşısını almaq üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var. İkinci isə tibb müəssisələrinə müstəsna rəqabət çox olduğundan, bəzən merkantin maraqlar işin içinə girir, çünki icbari tibbi sığorta şirkətləri ilə müqavilə bağlayan idarə və müəssisələr sığorta şirkətləri tərəfindən onlara təqdim olunmuş tibb müəssisələri çərçivəsində seçim edə bilirlər. Amma elə tibb müəssisələri var ki, sığorta şirkətlərinin siyahısında təmsil olunmuş tibb müəssisələrindən qat-qat üstün tibbi personala və maddi-texniki bazaya malik olurlar. 
Vəziyyətdən çıxış yolu kimi tibb müəssisələri özləri müstəqil olaraq müəssisənin marketinqini həyata keçirmək imkanına malik olmalıdır. Ola bilər ki, mövcud qanunlar çərçivəsində tibb müəssisələri xidmət paketlərini müəssisə və təşkilatlara təqdim edir. Müəssisə və təşkilatlar da öz əməkdaşlarına tibbi xidmətin göstərilməsi müqaviləsini ya birbaşa, ya da tibbi sığorta təşkilatları vasitəsilə həyata keçirmək imkanını əldə edir. İkinci bir tərəfdən isə bu yanaşma Müstəqil hüquqi statusa malik və ya payçı səhmdarlardan təsis olunmuş tibb müəssisələrinin fəaliyyət prinsiplərindən irəli gələrək tibbi sığorta şirkətlərinə müraciət etmədən alternativ maliyyə mənbəyini formalaşdıra bilər. Eyni zamanda qarşılıqlı anlaşmalardan irəli gələn xəstələrin müayinə və müalicəsi zamanı üzə çıxa biləcək problemli hüquqi vəziyyətlə əlaqəli sığorta şirkətləri ilə hissəvi paketli müqavilə imzalıya bilər. Bunun üçündə tibb müəssisəsi müəyyən sığorta ödəmələrini sığorta şirkərlərinə ödəyir. Hissəvi paketli müqavilə 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada imzalanaraq həyata keçirilə bilməlidir. Həmçinin könüllü sığorta haqları və ya depozit tibbi sığorta ilə hər bir şəxs özünü və ailə üzvlərini müstəqil qaydada sığortalaya bilər. Ənənəvi tibbi sığortada şirkət hər əməkdaşına görə müəyyən məbləğ ödəyə bilsə (sığorta haqqı), onun müqabilində müəyyən çərçivədə tibbi xidmətlər almaq hüququna malik olurdu (sığorta məbləği). Depozit tibbi sığortada isə heç bir limit yoxdur, çünki bütün tibbi xərclər müraciətçinin öz hesabından ödənilir. Yalnız bundan sığorta şirkəti müəyyən faizlərini götürür. Depozit tibbi sığortanın əsas üstünlüyü isə həyata keçirilən müalicəyə nəzarət etməsidir. Sığorta şirkəti imkan vermir ki, həkim xəstəni lüzumsuz xidmətlərə yönəltsin və şəxsi mənafelərinə görə ucuz dərmanlar əvəzinə, analoji, amma qat-qat baha olan dərmanların təyinatının qarşısını alır. Hissəvi paketli müqavilədə də 3 tərəf arasında (tibb müəssisəsi, xidmət haqqını ödəyən təşkilat və sığorta şirkəti) razılaşdırılmış formada qarşılıqlı öhdəliklər şərtlərində tibbi sığorta şirkətinə həyata keçirilən müalicəyə nəzarət etməsi hüququnun verilməsi psixoloji olaraq balanslaşdırılmış bir situasiya yaradır. Tibbi sığorta təşkilatı tam marağında olur ki, xidmət paketinə malik olmaq üçün, müstəqil şəkildə işçilərinə xidmət göstərəcək müəssisə ilə müstəqil müqavilə bağlamış tibb müəssisəsinin qüsurlarını üzə çıxarmaqda maraqlı olur. Tibbi xidmətlərin qarşılığına vəsait xərcləyən müəssisə isə marağında olur ki, ödədiyi məbləğin müqabilində ona ən yüksək səviyyədə xidmət göstərilsin.
Burada ikinci məsələ isə əgər tibb müəssisəsi payçılardan biri və ya bir neçəsi  hüquqi şəxsdirsə, onda o payçı təşkilatlar qarşısında öhdəliklər götürərək həmin təşkilatın əməkdaşlarına öz gəlir fondundan ayırmalar edərək təmənnasız müayinə və müalicə edilə bilər. Bu payçılararası razılaşmalarla həyata keçirilə bilir.
Digər intervent investisiya formalarından biri kimi, tibb müəssisələri öz səhmlərini istiqraz vərəqələrinə çevirərək maliyyə mənbəyinin formalaşmasında iştirak edəcək, yəni bu istiqrazları əldə edən hüquqi və fiziki şəxslərə müəyyən dövr ərzində və ya həmişəlik təmənnasız xidmət edə bilməsi imkanın yaradılmasıdır.
Tibb müəssisələri sosial cəhətdən müdafiə olunan təbəqəyə xidmət etmək müqabilində idarə və təşkilatlarda çalışan işçilərin məvacib fondundan icbari sığorta təşkilatlarına ayrılan maliyyəni əldə etmək üçün müqavilələr bağlamaq yolu ilə, əhalinin işləməyən təbəqəsinə xidməti üçün isə sosial müdafiə fondları ilə birbaşa müqavilə bağlamaqla öz xidmətlərini həyata keçirmək imkanlarına malik olmalıdır (istər dövlət, istərsə də özəl).

Adıgözəl MƏMMƏDOV,
Mərkəzi Dənizçilər Xəstəxanasının həkimi

 

Sizin Reklam Yeriniz