news Image
2013.03.12
17:10
| A A A
Köç üstə olan yataqxana

Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsindəki 9 mərtəbəli yarımçıq tikilini tapmaq bizə elə də çətin olmadı. Bu binada ötən il iki dəfə yanğın hadisəsinin baş verməsi, sözügedən ünvanı tapmaqda demək olar ki, bizə ipucu verdi. Artıq ömürlərinin 14-cü baharını burada, Təcili Tibbi Yardım Stansiyasının yarımçıq tikilisində qarşılamaq məcburiyyətində qalan məcburi köçkünlər nəhayət ki, bu il yeni mənzillərə köçürüləcək. Burada məskunlaşan məcburi köçkünlərlə söhbət zamanı öyrəndik ki, onlardan bəziləri ölkə prezidentinin imzaladığı bu sərəncamdan xəbərdar olsalar da, əksəriyyəti hələ də, onlar üçün yeni binaların tikiləcəyinə inanmır. 

Artıq 14 ildir ki, ailəsi ilə birgə yarımçıq tikiliyə 

sığınan Mərdan dayı deyir ki, ən böyük arzusu Kəlbəcərə, doğulub boya-başa çatdığı torpaqlara qayıtmaqdır. Amma artıq M. Əfəndiyev bu yarımçıq tikilidə də ömür-gün keçirməyin mümkünsüz olduğunu bildirir: "Yaşadığımız vəziyyət göz qabağındadır. Mənim kimi burda 500-600 ailə var. Demişdilər ki, bu ilin  yanvar ayında köçəcəksiz. Olmadı, sonra mart ayına dedilər, o da yalan çıxdı. İndi də deyirlər ki, mayda köçürüləcəksiniz. Bu minvalla biz burdan bəlkə 2014-ci ilin axırları, ya da heç köçməyəcəyik".

Kəlbəcərdən didərgin düşən Mərdan dayı ölkə prezidentinin sərəncam verməsi xəbərini sevinclə qarşıladı: "Prezidentimiz sərəncam veribsə deməli bizi bu il mütləq yeni binalara köçürəcəklər. İnşallah elə mənzillərdə, Kəlbəcərdə də yaşamaq qismətimiz olar".

Laçının yaylaqlarından gələn məcburi köçkün  Abbas Murad isə bildirir ki, ermənilərin etdiyi  vəhşiliklərdən çox əzablar çəkdik: "Əli yalın "qara" camaatın yarısı şəhid oldu,bir qismi əsr düşdü, bir qismi də qaçmağa məcbur oldular. Hərə bir yana - Azərbaycanmızın bir çox rayonlarına, kəndlərinə qaçdı. Onların arasında mən və ailəm də vardıq. Biz əvvəlcə, Saatlı rayonunda məskunlaşdıq. 1998-ci ilin iyulundan isə bura köçmüşük. 

Biz gələndə bura yarımçıq bina idi, sadəcə beton panellər vardı.Özümüz tikdik, qurduq. Sağ olsun dövlətimiz qaz, işıq, su ilə bizi təmin etdi.  Neçə ildir pis - yaxşı yaşayırıq. Müşviqabadda məcuburi köçkünlər üçün tikilən binalara köçürüləcəyimiz haqda prezidentimizin verdiyi sərəncamı eşitdikdən sonra biz də sevindik. Bizimlə bərabər BDU-nin yataqxanasında məskunlaşmış məcburi köçkünlər də oraya köçrülməlidir. Köçürülmə bu ilin yanvarında olmalı idi. Amma artımla əlaqədar mənzillər yetmədiyinə görə əlavə 156 mənzil də tikdilər. Təmir işləri sona çatdıqdan sonra, yəqin ki may, iyun aylarina köçərik. Bu artım da təbii haldır. Məsələn, mənim 3 uşağım var. Keçən il siyahıyalma zamanı bizi bir ailə kimi qeyd etmişdilər. Sonradan 2 oğlum ailə həyatı qurub və onlar hal hazırda mənim yanımda yaşayırlar. Amma onlara da ev verilməlidir. 

Burada su, qaz, işıq var. Lakin  çox acınacaqlı vəziyyətdə yaşayırıq. Bildiyiniz kimi, bir il əvvəl binada yanğın olmuşdu. 5-ci mərtəbədən yuxarı yanmışdı. Həmin sakinlərə Mehdiabadda tikilmiş qaçqın düşərgələrindən  ev verdilər. Biz köçkünlərdən başqa burada kasıb yerli camaat da var. Biz köçdükdən sonra onlar da özlərinə ev tapmalı olacaqlar. Çünki eşitdiyimizə görə biz köçdükdən sonra burada 12 ədəd 16 mərtəbəli binalar tikiləcək.

Kim nə tikir tiksin, amma biz tezliklə köçək. Ordakı mənzillər yaxşı və təmirlidir. Başqa məcburi köçkün binalarından fərqli olaraq 7 mənzil bir dəhlizə deyil, 4 mənzil bir dəhlizə açılır. Yeri də münasibdir. Bir az küləklidir, amma bizim camaat işgüzardır. Ağac əkib, becərəcəklər, küləyin qarşısını alacaqlar. Necə deyərlər, qurd örüşdə ac qalmaz".


Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncama görə, Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində tikilən yeni çoxmərtəbəli yaşayış binalarına Binəqədi rayonu ərazisində Təcili Tibbi Yardım Stansiyasının yarımçıq tikilisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yerləşdiriləcək.