Əlaqə Arxiv
news Image
2017.11.24
16:56
| A A A
Avropa Şurasının Bakı ofisinin rəhbəri ƏƏSMN-də olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltán Hernyeslə görüş olub.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, ölkəmizdə sosial hüquqlar sisteminin və bu hüquqların müdafiəsi mexanizminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf kursunun əsas prioritetlərindəndir: “Beynəlxalq sosial təminat hüququ, bu hüququn reallaşdırılması üçün mötəbər beynəlxalq qurumların, o cümlədən AŞ-nın qəbul etdiyi sənədlər bu və ya digər ölkədə sosial sahə ilə əlaqədar hüquqi yanaşmaların, baza prinsiplərinin formalaşmasında önəmli normativ rola malikdir. Təsadüfi deyil ki, 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan artıq 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə isə Avropa Sosial Xartiyasını ratifikasiya edib. Ümumiyyətlə, ötən dövrdə ölkəmiz AŞ çərçivəsində qəbul edilmiş 60 beynəlxalq müqaviləni ratifikasiya edib ki, onların bir qismi də məhz sosial hüquqları əhatə edir. Bu sənədlərdən, o cümlədən Avropada sosial təminat sahəsində beynəlxalq hüququn mənbəyi kimi iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyən Avropa Sosial Xartiyasından irəli gələn prinsiplər müvafiq qanunvericiliyin təkmilləşdirilməsində, sosial sahədə aparılan siyasətdə daim diqqətdə saxlanılır”.

Nazir bildirib ki, həmin Xartiyanın əmək, peşə yönümü, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə sahəsində bərabər imkanlar, sosial rifah xidmətlərindən yararlanmaq, səhhətin müdafiəsi, əmək müqaviləsinə xitam verilən zaman müdafiə və digər kimi hüquqları əks etdirən mühüm müddəaları ölkəmiz tərəfindən ratifikasiya olunub. Həmçinin “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi sahəsində də fəal əməkdaşlıq həyata keçirilib: “Eyni zamanda, Sosial Birlik üzrə Strategiyanın və Fəaliyyət Planının icrasında müsbət əməkdaşlıq təcrübəmiz vardır. Azərbaycanın AŞ-nın Nazirlər Komitəsinə 2014-cü ilin may-noyabr aylarında sədrliyi çərçivəsində həmin ilin sentyabr ayında Bakıda Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə ikigünlük beynəlxalq konfrans keçirilib. Bunlar ölkəmizin Avropa Şurasının sosial birlik prinsiplərinə daim sadiq olduğunu göstərir”.

S.Müslümov son illər qlobal miqyasda kəskin xarakter alan iqtisadi böhranın milli iqtisadiyyata təsirlərinin aradan qaldırılması üçün reallaşdırılan çevik islahatlar proqramının ilk növbədə əhalinin sosial rifah halının bu təsirlərdən qorunmasına yönəldiyini, Azərbaycanda yeni çağırışlara cavab vermək potensialına və geniş əhatəliliyə malik olan, etibarlı sosial müdafiə sisteminin formalaşdırıldığını diqqətə çatdırıb. Nazir ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün icra olunan mühüm sosial proqramlar, son illərdə aparılan islahatlar nəticəsində əmək və sosial müdafiə sahələrində yaradılmış elektron sistemlər barədə məlumat verib. O, bu sahələrdə dövlət xidmətlərinin şəffaflığının və müvafiq təbəqələrdən olan əhali qrupları üçün əlçatanlığının təmin edildiyini vurğulayıb. S.Müslümov Avropa İttifaqı ilə birgə icra olunan Tvinninq layihələri çərçivəsində görülən işlərdən də bəhs edib.

Z.Hernyes Azərbaycanda sosial sahədə milli qanunvericiliyin təkmilləşdirilməsində Avropa Sosial Xartiyasının maddələrinin diqqətdə saxlanmasının, həmçinin ölkəmizdə aparılan sosial siyasətdə AŞ-nın sosial birlik prinsiplərinə uyğunluğun təmin edilməsinin təqdirəlayiq olduğunu bildirib. O, əmək və sosial müdafiə sahəsində son illərdə ölkəmizdə reallaşdırılan islahatları da müsbət dəyərləndirib.

Görüşdə AŞ-nın sosial hüquqlarla bağlı sənədlərinin icrası sahəsində görülən işlərə, bu sahədə əməkdaşlığa və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz